04 Aprel 2020, Şənbə

Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosialyönümlü siyasəti nəticəsində ölkədə bu sahənin bütün istiqamətlərində mühüm addımların atılmasına, o cümlədən pensiya təminatının ildən-ilə gücləndirilməsinə nail olunmuşdur. 2019-cu ildə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən sosial islahat paketləri nəticəsində minimum əməkhaqqı, təxminən, 2 dəfə, minimum əmək pensiyasının məbləği 75 faizə yaxın artırılıb. Bu isə əhalinin, xüsusən aztəminatlı təbəqəsinin, o cümlədən pensiyaçıların rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Ötən il minimum əməkhaqqının və dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanların əməkhaqlarının artırılması ölkədə ortaaylıq nominal əməkhaqqının da əhəmiyyətli dərəcədə – 16,6 faiz artması ilə nəticələnib. Bu isə, öz növbəsində, qanunvericiliyə əsasən 2020-ci ildə pensiyaların sığorta hissəsinin 16,6 faiz indeksləşdirilərək artırılmasına imkan verib.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 fevral tarixli Sərəncamına əsasən əmək pensiyalarının sığorta hissəsinin 2019-cu il üzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 1 yanvar tarixinə 16,6 faiz artırılması nəzərdə tutulub.
Həmin sərəncamın icra edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilib, muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Fondun yerli orqanları tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayaraq bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin artırılması prosesini başa çatdırıb, yanvar ayının artımları da daxil olmaqla, fevral ayının pensiya ödənişində bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi təmin edilib.
Fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 48 min 500 nəfərə yaxın əmək pensiyaçısına şamil edilib.
Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin büdcəsindən hər ay orta hesabla 1,7 milyon manata yaxın əlavə vəsait ayrılması nəzərdə tutulur.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 177 min 614 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğlərinin isə yanvar ayının 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılması elektron qaydada həyata keçirilib. Pensiya-sığorta kapitalında artım isə sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayacaqdır.
Bu, bir tərəfdən də sığortaolunanların sosial sığorta sistemində fəal iştirakı üçün stimul yaratmaqla bərabər, əmək müqaviləsi ilə işləyənlər fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda dövlət tərəfindən hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Ona görə də qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlar öz əmək fəaliyyətlərini rəsmiləşdirməlidirlər ki, pensiya kapitalına malik olsunlar, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanlarından faydalansınlar, beləliklə də pensiya təminatı hüququna malik olsunlar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR