16 Dekabr 2019, Bazar ertəsi

Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi ­artırılır.

Bu sahədə həyata keçirilən islahatlar cari ildə də davam etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər üçün sosial müavinətlər orta hesabla 100 faiz artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə I dərəcəli fiziki imkanları məhdud şəxslərə və ya bu kateqoriyadan olan 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir.
Naxçıvan Muxtar Respublikasında məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicə və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud olan şəxslərin təhsilə cəlbinə imkan verir.
Hazırda tənha ahıl və sağlamlıq imkanları məhdud 235 şəxsə evlərində sosial-məişət xidməti göstərilir, onların sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə cari ilin 11 ayında Əlillərin Bərpa Mərkəzində 356, Uşaq Bərpa Mərkəzində 409 sağlamlıq imkanları məhdud şəxsə tibbi xidmət göstərilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud 607 şəxsə sanatoriya və pansionatlara göndəriş verilmiş, 381 nəfər texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 200 nəfərə isə protez-ortopedik xidmət göstərilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Bu ilin ötən dövründə əmək bazarının tələblərinə uyğun təşkil olunan müvafiq peşə kurslarına sağlamlıq imkanları məhdud 13 nəfər cəlb edilmiş, bu kateqoriyadan olan 83 şəxs münasib işlə təmin olunmuşdur. Sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 32 nəfər sosial xarakterli haqqı­ödənilən ictimai işlərə cəlb olunmuş, 35 nəfərə isə fərdi təsər­rüfatlarını formalaşdırmaq üçün köməklik göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası isə bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda bu qəbildən olan uşaqlardan 30-u məktəbəqədər təhsil müəssisələrində, 1033-ü ümumtəhsil məktəblərində, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 11 uşaq isə distant tədris prosesi vasitəsilə təhsilini davam etdirir. Tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud 284 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin edilmişdir. Yay tətili günlərində sağlamlıq imkanları məhdud məktəbli uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq onların Naxçıvan şəhərində muzeylərə, tarix-memarlıq abidələrinə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil olunmuş, təhsildə fərqlənən məktəbli uşaqlar Ağbulaq İstirahət Mərkəzinə göndərilmiş, Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşalar nümayiş etdirilmişdir. Ümumilikdə, dövlət proqramının icrasına uyğun olaraq uşaqlar arasında şeir, bilik və yazı müsabiqələri 2019-cu ilin ötən dövründə də davam etdirilmiş, sağlamlıq imkanları məhdud şəxslər arasında solooxuma, rəqs, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsi keçirilmiş, qaliblərin Bakı şəhərində bu kateqoriyadan olan şəxslər arasında keçirilən VIII Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində iştirakı təmin edilmişdir. Bununla yanaşı, məhdud fiziki imkanlı şəxslər tərəfindən ­toxunmuş 3000 cüt yun corab və 400 yun şərf hərbi hissələrə təhvil verilmiş, 85 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə ehtiyaclarına uyğun zəruri ləvazimatlar təqdim edilmişdir. Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq bayram tədbirlərində hərbçilər qarşısında konsert proqramları ilə çıxış edir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə Naxçıvan şəhərindən və rayonlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların və müxtəlif kateqoriyadan olan fiziki imkanları məhdud şəxslərin cəlbi davam etdirilir. Cari ilin ötən dövründə mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə bu kateqoriyadan olan 209, həmçinin mərkəzin Defektoloji bölməsinin Şərur rayon filialına 40, Ordubad rayon filialına isə 38 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Mərkəzin Defektoloji bölməsinin təlim məşğələlərinə 121, kinect oyunlar otağına 40, məhdud fiziki imkanlıların kompüter kurslarına 34, əmək terapiyası otağına 38, musiqi terapiyası otağına 41, psixoloji dəstək xidmətinə 53, təlim bərpa otağına 15, rəsm kursuna isə 12 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı”, eləcə də uşaqlar üçün “Şəfəq” brayl jurnalının nəşri davam etdirilmiş, bu kateqoriyadan olan şəxslərin istifadəsi üçün yaradılmış audio­kitabxana xidmətinə 58 audio­əsər əlavə edilmişdir.
Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, mərkəzdə “Şorsu” palçığı və Darıdağ arsenli suyunun tətbiqi üçün yeni müalicə otaqları yaradılmışdır. Müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə əyləncəli oyun sahəsi istifadəyə ­verilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikanın rayonlarında boccia və stolüstü tennis üzrə yeni idman bölmələri yaradılmış, məşqçi­-müəllimlər müəyyənləşdirilmişdir. Hazırda muxtar respublika üzrə Par­alimpiya Federasiyasının 12 bölməsi fəaliyyət göstərir.

Muxtar respublikada sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması məhdud fiziki imkanlı şəxslərin rifahının bundan sonra daha da yaxşılaşmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR