09 Dekabr 2019, Bazar ertəsi

(Esse)

Dövran dolanır, aylar, illər bir-birini əvəz edir. İnsan isə ömrün pillələri ilə addım-addım irəliləyir. Bu ömür pillələri Ana təbiətin fəsillərinə bənzəyir. Uşaqlıq çağı ilk baharı xatırladır – şıltaq, oynaq, bir o qədər də sevincli. Yay gənclikdir – coşqun, dəli külək kimi. Qışda həyat sönükləşir, insan susqunlaşır, mürgüləyir, təbiət yatır. Ömrün payız fəsli yarpağa xal düşür, ağaclar soyunur, yer xəzəllənir, havalar soyuyur, günlər qısalır, Günəş yavaş-yavaş dağlardan çəkilir. Ömrün qürub çağı ömür çiçəkləri də saralır, solur. Lakin ürəyi arzu, əməli sevgiylə, qəlbi mərhəmətlə, ruhu saf niyyətlə dolu olanlar üçün isə az yaşamaq ədalət deyil, onlar üçün həyat öz axarında davam edir…

Bir səhər hərgünkü kimi evdən çıxıb işə gedirəm. Bu vaxt küləyin xəfif əsintisi ilə budaqdan bir yarpaq düşür önümə. İstər-istəməz dayanır, əyilib onu əlimə alıram. Təbiətin sarı-qızılı rəngli möcüzəsi mənə xüsusi təbəssüm bəxş edir. Onu çantamdan götürdüyüm kitabın səhifələri arasına qoyub yoluma davam edirəm…
Payızdır... İsti, qızmar yaydan sonra payızın ilıq, daha sonra üşüdücü nəfəsini hiss etmək, yağışdan sonra təmiz payız havasını ciyərlərimizə çəkmək, xəzəl olmuş yarpaqların xışıltısını duymaq bir payız filminin süjetini xatırladır. Gəlişi ilə həm həyatımıza, həm də təbiətə dəyişiklik, yenilik gəlir. Elə ilk addımlarından özünəməxsus gözəlliyi, rəng çalarları ilə təbiətə bəzək-düzək vurur, rəng qatır. Bu füsunkar, cəlbedici rənglər həyatımızı daha baxımlı, ürəyəyatımlı edir. Tamam başqa, sirli-sehrli bir aləmə düşürük. Elə bir aləm ki gözəlliyinə tamaşa edən və onun içində yaşayan hər kəsi xoşbəxt edə bilir.
Bir dayan və ətrafına bax. Göy üzündə, sanki ağ fırça ilə çəkilmiş buludlar var, az qala həmin buludlara toxunan müxtəlif növ quşlar qatar halında bu diyardan başqa bir diyara köç edir, bir azdan külək öz yerini narın yağışa verir, uzaqdan musiqi sədaları eşidilir. Bu, payızın həzin nəğməsidir. Əvvəlcə bir az ucadan səslənir, orta notlarda yavaşıyır, sonra isə ahəstəcə çalınır. Sirli və kövrək qəlblərə toxunan həyat nəğməsi kimi. Bir çəmənin qırmızı-qızıl xalçası üzərindəki yarpaqlar küləyin xəfif əsintisi ilə rəqs edir, sanki şıltaq uşaqlar kimi “qovalaqaç” oynayır, sonra yenidən bir yerə toplaşırlar.

Bir payız səhəri idi. Yağışın ardından bayırda təmiz və aydın həyatın sədası duyulur. Bu canlılıq uzaq və eyni zamanda sizə yaxın olan səmanı izləməyə vadar edir. Günəşin solğun şüaları qırmızı, sarı, narıncı yarpaqları azacıq isidir, hər ağac fərqli ətir saçır. Bu al-əlvan rənglər fonu bir rəssama mövzu, şairə ilham, insanların ruhuna sakitlik, duyğularına zövq, təbiətə ayrıca bir naxış verir. Təbiətin min bir gözəlliyə bürünmüş bu romantik fəslində ayaqlarınızın altında xəzəl olmuş yarpaqların xışıltısını duyub, yenicə yağmağa başlayan yağışın altında islanmısınızmı? Əgər cavab “yox” isə təbiət hələ tam boza bürünməmiş, qış qapını döyməmiş siz də hiss edin payızı: yağan yağışı, saralmış yarpaqları, gözəl təbiət mənzərələrini… Bir arzu tutun, xəyal qurun, duyğularınızı dilləndirin…
“Hüzn fəsli” – bir çoxunuz, bəlkə də, belə adlandırırsınız payızı. İslandığınız yağışı, gözlərinizi acışdıran, saçlarınızı qarışdıran küləyi, ayağınıza dolaşan xəzanı sizi lap uzaqlara aparır. Orada ki sizi kövrək xatirələr salamlayır. Ancaq bir çoxu, xüsusilə şairlər üçün özünəməxsus tərənnüm və təsvirə malik bu fəsil yeni həyata qədəmlərin lap bir addımlığında dayanır. Həsrət, ayrılıq, məhəbbət fəsli təbiət və insan arasında pozulmaz, dağılmaz ahəngə malik xoş duyğular yaradır. Ruhun təlatümünün ifadəsi olan bu duyğular insanda yaşam hissini rövnəqləndirir, yaradıcı olmağa səsləyir.

Kəndimizin üstündən qatar­­-qatar ötüb gedən durnalar, qaranquşlar, hər yerə düşən yağış dənəsinin gözəlliyi, mənə xüsusi bir həzz verir. “Təbiətin ən cazibəli afəti”, mistik bir aurası olan bu fəsil sirli-sehrli, cəlbedici, rəngarəng və bənzərsizdir.
Bir də görürsən ki, yenə göy üzünü lay-lay buludlar alır, bir göz qırpımındaca Günəşi görünməz edir. Bir azdan qəflətən çaxan şimşək yeri-göyü işıqlandırır. Yağış asta-asta çisələməyə başlayır. Hiss olunur ki, havanın əvvəlki hərarəti azalıb, zəifləyir. Günəş şüaları daha əvvəlki kimi parlaq və isti deyil. Hava daha küləkli, yağışlı və sazaqlıdır. Ağaclar öz sarılı, qırmızılı libası ilə daha müdrik və nurlu görünür. Hirsli və sərt külək yalnız yarpağı budaqdan yerə salmaqla kifayətlənmir, onu qovub uzaqlara aparır. Təbiət sükuta qərq olur, ətrafa sakitlik çökür. Nə quşların nəğməsi, nə də cırcıramaların səsi eşidilir. Təbiət qış yuxusuna hazırlaşır. Baharda yenidən oyanmaq və canlanmaq üçün…

“Yaz bitirir, yay yetirir, payız gətirir, qış itirir”. Atalarımızın bu hikmətli kəlamında insan həyatının izləri görünür. Payıza el arasında “qızıl payız” da deyirlər. Çünki insanlar ilboyu çəkdikləri zəhmətlərinin bəhrəsini, əsasən, payız aylarında götürür, qışa hazırlıq görürlər. Bu səbəbdən payız məhsul fəsli də adlanır.
P.S. Təbii qazın olmadığı, elektrik enerjisinin fasilələrlə verildiyi vaxtlarda qış yaxınlaşarkən insanlar “qara günümüz başladı” ifadəsini tez-tez işlədirdilər. Qarşıdan gələn fəslin soyuğu, boranı onları qorxudurdu. Bu gün isə tamamilə fərqlidir. Ən ucqar kənd yerlərinə belə, təbii qaz xətləri çəkilib, elektrik enerjisi isə fasiləsiz verilir. Payızın bitməsinə sayılı günlər qaldığı bir vaxtda yurddaşlarımız qışı qarşılamağa, bu fəslin gözəlliklərini duymağa çoxdan hazırdır…

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR