12 Noyabr 2019, Çərşənbə axşamı

Oktyabr ayı ilin ən barlı-bərəkətli, həm də məsuliyyətli dövrlərindən biridir. Belə ki, bu dövrdə meyvə bağlarından alma, payız armudu, nar toplanılır. El adətinə görə, yığılan nübar (təzə yetişən məhsul. Buna bağbaşı da deyirlər) məhsuldan xonça tutular, nişanlı qızlara sovqat aparardılar. Sovqat qəbul edən yaşlı qohumlar isə “nübarlara çatasan”, – deyə minnətdarlıq edərdilər. ­Deyirlər ki, nübar məhsul yeyənin ürəyindən keçən dilək hasil olar.

Bu dövrdə yığılan meyvələr saf-çürük edilir, zədəsi olmayanlar xüsusi yerlərə yığılıb qışa saxlanılır. İnsanlar bu fikirdədir ki, samanın, buğda-arpanın içərisində saxlanılan meyvə uzun müddət xarab olmaz. Bununla bağlı belə bir xalq mahnımız da var:
Almanı atdım xarala,
Qaldı sarala-sarala.
Əvvəllər taxılı yığmaq üçün ipdən toxunmuş böyük kisədən – xaraldan istifadə edirdilər. Belə rəvayət olunur ki, nişanlı qız toya tədarük edilən almanı xarala yığar, toyun yubanmasına narahat olaraq bu mahnını oxuyarmış. Əvvəllər toylar, adətən, payız aylarında keçirilərdi. Oktyabr ayında məhsulu toplayıb qurtaran, satılmaq üçün nəzərdə tutulan məhsulu, heyvanları satıb pul toplayan və iş-gücdən azad olan əhali payız toylarına başlayardı. Dahi şairimiz Məhəmmədhüseyn Şəhriyar “Heydərbabaya salam” poemasında payız toylarından yazırdı:

Heydərbaba, kəndin toyun tutanda,
Qız-gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damdan alma atanda
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.

Əlbəttə, oktyabr ayında toplanan payız məhsulunun içərisində üzümü unutmaq olmaz. Bağlardan toplanan üzüm də çeşidlənir. Satılacaq üzüm bazara aparılır. Bəzi üzüm sortları qəlyadaş suyuna salınaraq mövüc, kişmiş hazırlanır. Milax üzümləri hənəqırna (hələqırma), ağaldərə (süd ağı) bir neçə gün sərilərək günə verilir. Xarab olan gilələr seçilib təmizlənir, milaxlara, tavanda çəkilən məftilə və ya ipə asılır. Həyətlərdəki cəviz, fındıq, badam ağacları çırpılıb yığılır və havaya verilib qurudulur ki, xarab olmasın.
Əvvəllər oktyabr ayında məhsul toplandıqdan sonra təmtərağı ilə heç də Novruz bayramından geri qalmayan “Mihrican” bayramı (məhsul bayramı) keçirilərdi. Bu bayram, demək olar ki, bütün türk xalqlarında təntənəli surətdə qeyd edilib. İnsanlar bu bayramda rəqs edər, onlara məhsul verən Tanrıya şükranlıq edərdilər. “Mihrican” bayramının keçirilmə vaxtı haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, bu bayram Avesta təqvimində yeddinci ay olan mehr ayının 16-cı günü keçirilərdi. Zərdüştlükdə həmin gün “mehr günü” adlanır və Tanrının Adəm ­Peyğəmbərə və Həvvaya ruh verdiyi gün hesab edilir.

Oktyabr ayında insanlar üçün həyati əhəmiyyət kəsb edən taxıl səpini dövrü başlayır. Ta qədimdən taxıl səpini xalq təqvimi və fenoloji müşahidələrə əsaslanaraq müəyyən edilib.
Təcrübəli əkinçilər yayda sürülmüş yeri səpinqabağı pərşum edir, sonra əkinə başlayardılar. Səpini aparan rəncbərlər isə bu dövrdə taxıla su verməyi vacib hesab edirdilər. Çünki payızda su içməyən taxıl yazda nə qədər su içsə də, məhsuldarlıq aşağı olurdu.
Bu dövrdə hələ yaylaqdan enməyən sürülər olardı. Bu vaxt bəzən havalar soyuyar, alçaq dağlıq ərazilərə yağan yağış yaylaqlarda qara çevrilər, küləklə yağdığı üçün buna “qoç­boranı” dövrü deyərdilər. Yaylaqdakı soyuq küləklə yağan yağış və qara “eltökən”də deyirlər. Çünki soyuğa dözməyən sürüləri çobanlar arana endirirdilər. Adətən, sürülər üç-dörd mərhələ ilə qışlağa köçürülərdi.
Oktyabr ayında təsərrüfatda görüləcək işlərdən biri də turşuların qoyulmasıdır. Həmin aydan əvvəl qoyulan turşular istidə tez “gəlir” (hazır olur), vaxtında yeyilməzsə, yararsız hala düşür. Ona görə də sentyabr ayında qarşıda xeyir işləri, qırx, il kimi yas mərasimləri olanlar turşu qoyarlar. Turşuya vurulacaq komponentlərdən biri kökdür. Əvvəllər Naxçıvan bazarlarında kök ilboyu satılmazdı. Xalq təqviminə uyğun olaraq arpa biçini dövründə ağaclara calaq edər, kök və payız turpunu səpərdilər. İyun ayının ortalarında səpilən kök sentyabr-oktyabr aylarında yerdən çıxarılardı.
Turşunun qoyulmasında istifadə olunan əsas tərəvəzlərdən biri də kal pomidordur. Oktyabr ayında havaların soyumasına, xüsusən gecələrin uzanmasına görə kolda pomidor yaxşı qızarmır. Ona görə də bu ayda pomidorun göyü, “kala”sı yığılıb bazara çıxarılır. Turşuya vurulan məhsullardan biri də kələmdir. Yetişmə müddətinə görə bir çox kələm növləri vardır. Turşu üçün ən yaxşı kələm gecyetişən sortlardır ki, onlar da ­ok­tyabr-noyabr aylarında satışa çıxarılır.
Təcrübəli bostançılar məhsul sovuşduqdan sonra sentyabr-oktyabr aylarında bostanı yenidən suvarırlar. Çünki özək hissəsi qurumayan qarpız kolları yenidən pöhrələyib cücərir və qarpız “tökür”. Dənəsi bərkiməyən bu qarpızlar ən sevilən turşu komponentidir. Hər kəs zövqünə uyğun olaraq turşuya ədvalar (göyərti), sarımsaq vurur. Bəzən turşuya göy lobya, baş soğan, acı bibər də əlavə edilir. Zövqə görə rəng almaq üçün turşuya mətbəx pazısı (qırmızı çuğundur) əlavə edənlər də var.
Bu dövrdə yayda qırxılıb yuyulan yunları əyirməyə və boyamağa başlayırlar. Bu da ok­tyabr ayında görülən ənənəvi qışa hazırlıqlardan biridir. Çünki qadınlar uzun qış dövründə növbə ilə hana uzadar, bir-birinə kömək edərək xalça, kilim, garbıd toxuyardılar. Nənələrimiz ip rənglərini də elə təbiətdən götürərdilər. Qırmızı rəngi boyaqotundan, sarı rəngi zirinc kötüyündən, südləyəndən (el arasında bu bitkiyə südlü biyan deyirlər), tünd-qəhvəyi rəngi cəviz yarpağından, soğan qabığından alardılar. İpi boyamaq üçün cəhrədə əyirilən “düycə”ləri açıb “kələf” edərdilər. Kələf ipin səkkiz rəqəmi formasında dolanmasıdır. Kələf etmək üçün bardaş qurub oturar, ipi çarpaz şəkildə dizə sarıyardılar. Böyük qablarda rəngi hazırlayar, ocaq üzərində qaynadardılar. Kələfi bir-iki dəfə qaynar rəngə basıb-çıxarar, qurumaq üçün sərərdilər. Bu proses çox tez bir zamanda başa gəldiyi üçün bəzən müəyyən vaxt tələb edən bir işi tələsdirdikdə indi də el arasında “boyaqçı küpü deyil ki”, – deyə cavab verirlər. Boyanmış kələflər qurudulduqdan sonra yuyularaq yenidən qurudulardı. Qurumuş kələflər açılıb yumaq edilərdi. Kələfi açan zaman iki nəfərdən biri kələfi qollarına keçirər, digəri isə açaraq yumaq edərdi.
Payızın bu dövründə ağacların yarpaqlarının saralmağa başlaması qışın yaxınlaşmasını xəbər verir, insanlara qış hazırlığını tez bir vaxtda yekunlaşdırmağı yada salır. Təbiət hadisələrini müşahidə etməklə ata-babalarımız qışın sərt və mülayim keçəcəyi haqqında da proqnoz vermişlər. Məsələn, “ağaclar yarpağını gec tökərsə, qış uzun və sərt keçəcək, çinar yarpağını başdan tökərsə, qış mülayim keçəcəkdir”, – deyirlər. Bir də atalar demişdir ki, sənin çinar ağacları ilə işin olmasın, qış hazırlığını gör.

Zaleh NOVRUZOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR