20 Noyabr 2019, Çərşənbə

Bir neçə ildir ki, ənənəvi olaraq Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunur. Bu il oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən təşkil olunan növbəti ongünlük sərgi-satış da yaddaqalan olub. Bu günlər ərzində sərgini minlərlə sakin və qonaq ziyarət edib. 

Elə mən də yolumu sərgi-satışdan salarkən sarayın foyesində böyük izdihamla qarşılaşdım. Muxtar respublikamızda formalaşan nümunəvi kollektiv təşkilatçılıq ənənəsinin bu sərgidə də şahidi olduq. Sərginin keçirildiyi günlərdə fərdi şəkildə sərgi-satışda iştirak edənlərlə yanaşı, ayrı-ayrı idarə, təşkilat və müəssisələrin kollektivləri də saraya gələrək bu dəyərli sənət əsərləri ilə tanış olur, istedadlı şəxslərin sənət dünyasının sehrinə düşürdülər.

Burada muxtar respublika İqtisadiyyat Nazirliyinin əməkdaşı Vüqarə Əliyeva ilə əl əməyi, göz nurundan ərsəyə gələn bəzək əşyaları seçib alarkən həmsöhbət oldum. Vüqarə xanım bildirdi ki, qadınlarımız həyatın bütün sahələrində təmsil olunurlar. Bizim günümüzün bir neçə saatı iş vaxtına ayrılır. Yəni bu cür əlavə yaradıcılıq işləri ilə məşğul olmağa zamanımız qalmır. Lakin hər bir xanım maraqlı, zövqoxşayan nə isə hazırlamağı çox sevir. Elə budur, baxın görün, burada necə də gözəl və diqqətçəkən yaradıcılıq nümunələri vardır?! Adi bir kağız və ya odun parçasından zövqləri oxşayan xeyli sənət əsəri ortaya çıxıb. Toxuculuq nümunələri, muncuqlardan yaradılan əl işləri, deyərdim ki, birisinə bağışlanacaq ən dəyərli hədiyyələrdir. Təxəyyülünün gücü ilə bu hədiyyələri hazırlayan xanımlarımıza “əhsən!” – deyirik. Onların nümayiş etdirdikləri yaradıcılıq nümunələri həm də bizim estetik zövqümüzü oxşayır. Bu əl işlərinə heyranlıqla baxmamaq mümkün deyil. Mənim burada diqqətimi çəkən çoxlu sənət əsəri var. Sözün düzü, hansından alım, seçim edə bilmirəm.
Etiraf edim ki, mən də Vüqarə xanım kimi bu rəngarəng aləmin sehrinə düşüb ən yaxşısını seçməyə çalışırdım. Çətinliyim isə buradakı suvenirlərin, bəzək əşyalarının, rəsm əsərlərinin, xalçaçılıq, toxuculuq nümunələrinin, dekorativ əsərlərin hər birinin fərqli bir gözəlliyin təcəssümü olmasında idi.
Ümumilikdə, 305 müəllifin 4 minə yaxın rəsm əsəri və əl işi Heydər Əliyev Sarayının foyesini al-əlvan çalarlara bürümüşdü. Burada istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların, Heydər Əliyev Uşaq-Gənclər, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərlərinin və üzvlərinin, şagird və tələbələrin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənirdi.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi işçisi, folklorşünas Aytən Cəfərovanın isə diqqətini bir məqam cəlb etmişdi. O bildirdi ki, burada əsərləri nümayiş etdirilən istedadlı xanımlarımız həm də xalq yaradıcılığı, folklor ənənələrimizi təbliğ edirlər. Tarixin hansı dövrünü vərəqləsək, qadın fədakarlığının, qəhrəmanlığının şahidi olarıq. Bu gün də qadınlarımız cəmiyyət həyatının bütün sahələrində fəallıq nümayiş etdirirlər. Onlar həm də xalq yaradıcılığı, folklor nümunələrimizin əsas yaşadıcısı kimi bu günümüzü gələcəyə daşıyan zərif qüvvədirlər. Buradakı xalça və toxuculuq nümunələri, ağac üzərində oyma əsərləri, rəngarəng suvenirlərin üzərindəki süjet xətti, naxış və ornamentlər ideya cəhətdən milli adət-ənənələrimizi, xalqımızın məişətini təcəssüm etdirir. Qadınlarımız bu işləri ilə keçmişimizdən bu günümüzə, eyni zamanda bu günümüzdən sabahımıza körpü salıb milli dəyərlərimizi gələcəyimizə ərməğan edirlər.

Aytən xanımın fikirləri ilə desək, qadınlarımız zaman-zaman iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə olduğu kimi, incə zövqləri, bədii təxəyyülləri ilə də cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında mühüm rol oynayıblar. Sərgidə biçmə, toxuma, tikmə, milli geyimlər, xalçaçılıq, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilmiş suvenirlər, pannolar, güllərdən hazırlanan kompozisiyalar, muncuq və digər bəzək əşyaları qadınların yüksək yaradıcılıq potensialından və incə zövqündən xəbər verir. Toxuma-tikmə nümunələri, təbii daş-qaşlardan hazırlanan bəzək əşyaları ilk baxışdan diqqəti cəlb edir. Zərif və bacarıqlı əlləri ilə bu işlərə həyat verən Səriyyə Seyidova istedadı ilə yaradıcı xanımlarımız sırasında özünəməxsus yer tutur. O qeyd etdi ki, bu işlərə uşaqlıqdan həvəs göstərib. Lakin dekorativ-tətbiqi sənətlə 3 ildir ki, məşğul olur. Sərgilərə çıxarılan əl işlərinə böyük maraq göstərilməsi bu sahəyə olan həvəsini daha da artırıb. Bu stimul artıq onu da keçirilən sərgilərin iştirakçısına çevirib. Səriyyə xanım builki sərgiyə 450-dən çox əl işi çıxarmışdı. Söhbət zamanı öyrəndik ki, bu əsərlərin 300-dən çoxu artıq satılıb. Ötən 3 il ərzində ən çox satışa bu il nail olduğunu deyən Səriyyə xanım qeyd etdi ki, əl işləri arasında təbii daşlardan hazır­ladığı təsbehlərə daha çox maraq göstərilib.
Milli dəyərlərimizi özündə ehtiva edən sərgi-satışın fəal iştirakçılarından biri də yaradıcı xanım Reyhanə Rəhimovadır. Demək olar ki, onun əl işləri çox adama tanışdır. Çünki 10 ildən artıqdır ki, könlünü bu sənətə verib. Onun naxış-naxış, ilmə-ilmə işlədiyi toxuculuq nümunələri ilə keçirilən sərgilərdə tanış olmuşuq. Reyhanə xanım, əsasən, balacalar üçün paltarlar toxuyur. Sözügedən sərgiyə çıxardığı 123 əl işinin artıq 100-dən çoxu satılmışdı.
Şahbuz şəhər sakini olan Reyhanə xanım dedi ki, bu sənəti anamdan öyrənmişəm. Toxuculuq sənətinin incəliklərinə tam bələd olduqdan sonra sərgilərdə iştirak etməyə başlamışam. İlk dəfə rayonda təşkil olunan Novruz şənliyində əl işlərimi sərgiyə çıxardım. O vaxtdan başlayaraq rayonda və Naxçıvan şəhərində təşkil olunan sərgilərə mütəmadi olaraq qatılıram. 4 ildir ki, sərgi-satışlardan yaxşı gəlir əldə edirəm. Sağ olsun dövlətimiz ki, istedadlı qadınların üzə çıxarılmasına, sənət adamlarına diqqət və qayğı ilə yanaşır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə diplom və mükafatlara layiq görülmüşəm. Bu, sənətə olan həvəsimi daha da artırır. Növbəti sərgilərdə daha çox əl işi ilə iştirak etməyi düşünürəm.
Xuraman Səfərova 22 ildir ki, toxuma-tikmə sənəti ilə məşğuldur. O, əsasən, milli geyimlər hazırlayır. Bundan başqa, almaz qaşlarla işlədiyi tablolar da sərgidə, xüsusilə seçilirdi. Bu tablolar sırasında ən çox diqqətçəkən Bəhruz Kəngərlinin portretidir. Xuraman xanım söhbətimiz zamanı 5 ildən artıqdır ki, sərgilərdə iştirak etdiyini bildirdi. Dedi ki, budəfəki sərgiyə 2500-dən çox əl işi çıxarıb. Sərginin ilk günündən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Xuraman Səfərova Azərbaycan Rəssamlar İtti­faqının üzvüdür. Onun yaradıcılıq nümunələri hər zaman seçilib. Bunun ifadəsidir ki, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı keçirilən sərgidə 1-ci dərəcəli diplomla mükafatlandırılıb. Bu mükafatın onun həyatına silinməz izlər buraxdığını qeyd edən Xuraman xanım əməyinə verilən qiymətə görə minnətdarlıq da etdi.
Sərgi-satışda nümayiş etdirilən bir-birindən dəyərli rəsm əsərləri və əl işləri bir daha göstərdi ki, muxtar respublikada istedadlı qadınların yaradıcılıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdə onların əsərləri geniş ictimaiyyətə təqdim olunur, satılaraq qadınlarımıza müəyyən gəlir gətirir. Bu sərgilər həm də təsdiq edir ki, qadınlarımızın istedadı xalqımızın soykökü, genetik xüsusiyyətləri ilə birbaşa bağlıdır.
Ümumiyyətlə, qadınların zövqlü dünyasının sehrinə düşdüyümüz sərgi iştirakçıların hər biri kimi, məndə də gözəl təəssürat yaratdı. Bu sərgi sənətə bağlı bütün insanlarda rəğbət hissi oyadır. Çünki görülən hər bir iş gərgin zəhmət, bəlkə də, yuxusuz gecələr bahasına başa gəlib.
Sərgidə mənim ən çox diqqətimi cəlb edən üzərində Azərbaycan bayrağı əks etdirilən gəmi maketi oldu. Bu gözəl əsərin müəllifi isə Texniki Yaradıcılıq Mərkəzinin Raket kosmik modelləşdirmə və təyyarə model­çiliyi dərnəyinin rəhbəri Tofiq Əhmədovdur. O, sağlamlıq imkanları məhdud olmasına baxmayaraq, yaşayıb-yaratmaqdan zövq alır. Deyir ki, bu sənəti uşaq və gənclərə aşılamaq üçün bütün bacarığımı sərf edirəm. Onlarla birlikdə maraqlı əl işləri ərsəyə gətiririk. Bu əsərlərdən 3-nü buradakı sərgiyə çıxarmışdım. Demək olar ki, hər kəsin diqqətini cəlb etdi. Bu, məni çox sevindirdi. Həqiqətən də, sənətə və sənətkara qiymət verən insanlarımız var. Bütün bunlar yaradıcı adamları daha səylə çalışmağa həvəsləndirir.
Tofiq Əhmədov kimi onlarla məhdud fiziki imkanlı şəxs dövlət dəstəyi nəticəsində həyata qırılmaz tellərlə bağlanıb. Bu qəbildən olan istedadlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də fəal təşkilatçılığı ilə muxtar respublikada keçirilən sərgi-satışlarda, festivallarda yaxından iştirak edirlər. Başa çatan növbəti sərgi-satışda məhdud fiziki imkanlı yaradıcı şəxslərin fəal iştirakı da bunu bir daha təsdiq etdi.
Qeyd edək ki, on gün keçirilən sərgidə 305 müəllifin əl işi nümayiş olunub. Həmin yaradıcılıq nümunələrindən 272 müəllifin 20 min 298 manat dəyərində 1629 əl işi satılıb. Bu isə sağlamlıq imkanları məhdud şəxslərin və qadınların məşğulluğunun təmin olunmasında böyük əhəmiyyətə malikdir.
P.S. Bütün belə tədbirlərin izləyicisi və həm də təbliğatçısı olan qəzetimizin əməkdaşları da sərgi­-satışdan yüksək təəssüratlar qazanıblar.

 Gülcamal TAHİROVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR