10 Dekabr 2019, Çərşənbə axşamı

Sentyabr ayında təsərrüfatda və məişətdə görüləcək işlər

 


Xalq arasında sentyabr, oktyabr, noyabr payız ayları sayılsa da, ­astronomik bölgüdə payız sentyabrın 23-də başlayır. Xalq təqvimində isə yay üç hissəyə bölünür. Bu bölgünün axırıncısına (20 avqust-20 sentyabr) “elqovan dövrü” deyirlər. Bəzən bu dövrə “bürkü sınan dövr” də deyirlər. 

 

Elbalı Mehrəliyev “Xalq coğrafi terminlərinin izahlı lüğətində” “elqovan”ın mövsümi külək olub, yazın axırında əsən isti, payızın əvvəlində əsən soyuq küləyə deyildiyini qeyd edir. Bu külək yazda elat tayfasını yaylağa, payızda isə arana qovur, köçməyə məcbur edir. Doğrudan da, quyruq doğduqdan sonra (5-15 avqust) yağışlar yağır, havalar isə nisbətən soyuyur. Payızın əvvəlində, sentyabrın 15-20-dən sonra yaylaqlarda yağan küləkli yağışlar bəzən qara çevrilir, yeri ağartmasa da, havanı kifayət qədər soyudur, heyvanları isə yaylaqdan köçə məcbur edir. Yağmurla müşahidə edilən bu cür küləyə “eltökən” deyirlər.
Xalq arasında belə bir deyim var: “Hələ canına isti keçməyib”. Payız yaxınlaşanda gündüzlər havalar nisbətən isti olsa da, gecələr soyuyur. Çöldə gecələyən əkinçi və çobanlar od qalayır, sərin havada tonqalın istisi adama xoş gəlir və ona görə deyirlər ki, “canına isti keçdi”. Bu, o deməkdir ki, gecə bayırda tonqalın istisi xoş gəldisə, deməli, qış qapıdadır, qış hazırlığını, görüləcək işləri sürətləndirmək ­lazımdır.
Əkinçilikdə “quyruq doğdu”dan sonra şum işlərini yekunlaşdırıb səpinə başlamaq lazımdır. Rəncbər babalarımız yaxşı bilirdilər ki, yayda şumlanan əkin səpinqabağı pərşum (əvvəlki şuma çarpaz şum aparılması) olunarsa, məhsuldarlıq da artar. El arasında deyərlər ki, əkin iki yay görməlidir. Vaxtında əkilən taxıl cücərib qalxır və kök sistemi yaxşı inkişaf etdiyi üçün soyuq hava əkinə zərər vurmur. Etnoqraf Qəmərşah Cavadov “Əkinçilik mədəniyyətimizin sorağı ilə” mono­qrafiyasında qeyd edir ki, xalq arasında yayda aparılan əkinə “arağac”, payızdan 20 gün keçəndən sonra başlanan səpinə “şah tum”, bir ay sonrakı əkinə isə “şahrəma” deyilərdi.
Bir məqamı da unutmaq olmaz ki, yayda əkilən dedikdə sentyabr ayı (20-nə qədər) nəzərdə tutulur. Taxıl daha erkən əkildikdə qış yubanarsa, payızın sonlarında taxıl boruya gedər (sünbül borusu əmələ gəlir) və məhsul zay ola bilər. Belə hal baş verdikdə, rəncbər babalarımız əkini otarardılar ki, taxıl yenidən beçələsin. Yaşlılar söyləyirlər ki, xüsusən arpa əkinlərində bir toxumdan bir və ya iki sünbül qalxır. Erkən yazda əkin sahəsi otarılarsa, hər kolda budaqların sayı artar, bol məhsul götürülər.
Haşiyə: Halbuki müasir dövrdə torpaq mülkiyyətçiləri əkinləri bu cür otarmaqdan ehtiyat edirlər. Düşünürlər ki, əkin sahəsi otarılarsa, məhsuldarlıq aşağı düşər.
Əkinçi babalarımız səpin vaxtını fenoloji müşahidələrə əsasən təyin edirdilər. Əkinçilərimiz arasında “durnaların isti ölkələrə uçması səpin vaxtının başlanmasına işa­rədir”, – deyərlər. Mərhum etnoqraf Hacı Qadir Qədirzadə də qeyd edirdi ki, ən yaxşı taxıl yayın sonu, payızın əvvəlində əkiləndir. Toxum səpildikdən sonra suvarma da əsas şərtdir. Xalq arasında “əkini öküzün dırnağına sula” məsəli vardır. Bir də deyirlər ki, əkini küz sula, küz olmasa, yüz sula. Bəziləri bu ifadəni güz (payız) kimi izah edir. Halbuki küz heyvandarlıqda taxta, dəmir və ya tor ilə ayrılmış xüsusi hissəyə – quzuları, doğacaq və ya arıq heyvanları saxlamaq üçün yerə deyilir.
Qeyd edək ki, payızlıq əkinlər payızda suvarılmasa, quş və qarışqalar toxumu seçib aparar. Səthdə qalan, üstündə az torpaq qatı olan toxumlar az miqdarda düşən yağıntılar zamanı islanıb cücərir. Lakin bığcıq torpağa sancılıb kök sistemi əmələ gətirməyə imkan tapmamış Günəş şüası və isti toxumu qurudur, həmin toxumlar artıq cücərmə qabiliyyətini itirir, əkin seyrək alınır və bu da məhsuldarlığa mənfi təsir göstərir. Ümumiyyətlə, tarixən əkinləri suvarmaq asan olsun deyə, üç üsuldan istifadə edilib. Kərdi, mora və bu gün ən səmərəli üsul olan şırım üsulundan. Keçmişdə şırım üsulundan istifadə etmək mümkün olmadığı üçün kərdi və ya mora ayırıb toxumu səpir, ardınca isə suvarmağa başlayırdılar. Ona görə də xalq arasında “taxılı öküzün dırnağına sula” deyimi yaranmışdır. Yəni öküz sahədən çıxan kimi suvarmaq lazım idi.
Əkinlər suvarıldıqdan bir müddət sonra “sərəsov” vurulardı. Sərəsov taxtadan düzəldilmiş yüngül maladır. Keçmişdə sahə öküzlə (cüt və ya kotanla) şumlanar, toxum səpilib mala (tapan) çəkilərdi. Ağır ağacla çəkilən mala toxumun üstünü örtməklə yanaşı, kəsəkləri əzir və sahəni hamarlayardı. Suvarılan sahə cücərdikdən sonra ikinci dəfə yüngül taxta mala ilə hamarlanardı. Qalan kəsəklər əzilərək çalalara doldurulardı. Əks halda, qışda çalalarda duran su donaraq cücərtiləri məhv edər. Sərəsov vaxtında vurulmalıdır, yoxsa, kəsəklər quruyub bərkiyər və sərəsov vurmağın əhəmiyyəti olmaz. Ona görə də xalq arasında bir işi görməyə tələsən adama “Nə tələsirsən, sərəsovun keçməyib ki”, – deyirlər.
Sentyabr ayı heyvandarlıqda da məsuliyyətli dövrdür. Keçmişdə Naxçıvanın bir çox bölgələrində heyvanları saxlamaq üçün təbii və ya dağ, eləcə də təpələrin döşündə qazılan kahalardan (mağaralardan) istifadə edilirdi. Təbii ki, bu cür mağaralarda doğulan quzuları ayırmaq, onlara qulluq etmək mümkün olmurdu. Əgər qışda çox güclü qar yağmasa, qoyunlar Novruz bayramına iki ay qalana qədər, yəni Kiçik Çilləyə qədər dağda otarılardı. Xalq təqvimində bu dövrə “qoyunu bala basan dövr”, – deyərdilər. Qeyd edək ki, bu cür otarma həm də tədarük olunan yem ehtiyatına qənaət etmək deməkdir. Bəzi kəndlərimizdəki təsərrüfatlarda çox heyvanı olanlar bu gün də həmin qaydaya əməl edirlər.
Topladığımız çöl tədqiqatlarına görə, senytabr ayının ilk günlərinə “oğlaqqıran dövrü” də deyirlər. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir. Yaşlı insanlar söyləyirlər ki, “quyruq doğduqdan” sonra oğlaqların ətindən qoxu gəlir. Ona görə də damazlıq oğlaqlar seçilir və qalanları kəsilir. Bu dövrdə yağlı quzu ətindən daha çox çəpiş ətinə üstünlük verilir. Naxçıvan kəndlərində həmin dövrdə belə çəpişlərin bir qismi qurbanlıq kimi kəsilir, damazlıqlar isə sürüyə qatılır. Ta qədimdən Əshabi-Kəhf ziyarətgahına da daha çox “oğlaqqıran dövrü”ndə kütləvi axın başlayardı.
Sentyabr ayında məişətimizdə də müəyyən işlər görülür. Şaftalı, üzüm, zoğal mürəbbə və kompotlarını məhz sentyabr ayında tədarük edirlər. Havalar sərinlədiyi üçün badımcan-pomidordan hazırlanan yemək, salat, kabab, xiyar-pomidordan hazırlanan banka bağlamaları da, əsasən, bu ayda həyata keçirilir. Qısa müddətdə hazır olan, uzun müddət qalmayan “həftəbecər” turşusu da məhz bu dövrdə qoyulur. Yayda yarma çəkməyənlər yarma hazırlığı görür, bəzən havaların sərinləməsini gözləmədən əriştə kəsənlərə də rast gəlinir. Sentyabrda keçiləri sağmağı dayandırar, eyməyə yığılan “qara qatığı” çalxalayar, şorunu küpələrə yığıb, ağzını sələklə bağlayar və torpağa basdırardılar. Havaların soyuması ilə bağlı yayda döşənəcəyi yığışdırılan otaqlara ­xalça­-palazlar da salınır. Bir sözlə, sentyabr ayında hər kəs öz imkanı və qabiliyyətinə uyğun olaraq qışa hazırlıq görür.

Zaleh NOVRUZOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR