18 Oktyabr 2019, Cümə

Cümə günü, səhərin erkən çağıdır... Hələ dan yeri sökülmədən telefonun zil səsinə yuxudan oyanmışam. Bir neçə gündür, gedəcəyim yerin düşüncəsi ilə qəlbimə dolan, məni tərk etməyən böyük sevinc və həyəcan içərisindəyəm. Yolumun uzun olmasını nəzərə alıb sübh vaxtından tələm-tələsik hazırlaşaraq evdən çıxıram. Əvvəlcədən danışdığımız yerə – avtobus dayanacağınadək qısa məsafədə uzanan geniş, rahat yolla hərəkət edərkən ilk dəfə üz tutacağım bu yer məni yenə yamanca düşündürür. Yaylaq həyatı ilə bağlı eşitdiklərim, orada qarşılaşacaqlarım barədə fikirlər xəyalımda bir xeyli var-gəl edir, isti yay günlərini səfalı dağların, bumbuz bulaqların qoynunda, al-əlvan gül-çiçəyin ətrafa saçılan xoş rayihəsini doya-doya köksünə çəkməklə keçirən, o yerlərdə bitən min bir neməti nəvazişlə dərən, hər bir təbiət gözəlinin dilinə yaxından bələd olan insanların məşğuliyyəti, onların gündəlik həyat tərzi barədə öyrənməyə tələsirəm. 

Şəhərdən ayrılarkən əyləşdiyim avtomobilin yarıaçıq pəncərəsindən bir andaca içəri dolan sərin meh hələ yuxunun təsirində qalan vücudumu titrədib oyadır. Yolboyu gözlərim qarşısında yayın yaratdığı bənzərsiz mənzərələr fonunda bir-birini əvəzləyən füsunkar görünüşlü, abad, büsatlı günlərini yaşayan kəndlər, həyətlərdən çıxaraq otlaqlara tələsən, o yana-bu yana qaçaraq səs-səsə verib mələşən qoyun-quzular, əkin-biçin yerlərinə üz tutan zəhmətkeşlər canlanır. Fəslin gözəlliklərindən üzərində meyvələr allanan ağaclar, dəniz kimi dalğalanan sarı kəhrəba zəmilər, yaşılbaş sonaların lövbər saldığı göllərdə coşub-daşan suların üzərində bərq vuran Günəşin zərrin şəfəqləri, biçin işləri aparan insanların əks-sədaları soraq verir. Yol kənarlarında nizamla salınmış ağacların yamyaşıl rəngə bürünən budaqları səhər yelinin təsiri ilə sanki qol qaldırıb rəqs edir, dərələrin arası ilə üzüaşağı axan çayın zümzüməsi həzin musiqitək qulağımda səslənir. Göz işlədikcə uzanan çöllərə xalı kimi döşənmiş səhər şehinə bürünən otlar, çiçəklər dəniz kimi dalğalanır, bir ağacdan digərinə uçuşan quşlar səs-səsə verib, sanki yay nəğməsi oxuyurlar. Uca Yaradanın yurdumun simasına çəkdiyi naxışları, bu yerlərə bəxş etdiyi əvəzolunmaz gözəllikləri seyr etdikcə qeyri-iradi qəlbimdə bir neçə misra dolanır:

 

Durmuşam yurdumun tamaşasına,
Könlümdən arzular bulaqtək axır.
Hüsnünün vəsfinə sözüm yetməyir,
Duyğular bağrımı yandırıb yaxır.

Təbiət qoynuna səsləyir məni,
Pişvaza çıxıbdır laləli düzlər.
Quşlar nəğməsiylə salam söyləyir,
Xoş gəldin eyləyir nazlı nərgizlər.

Maşın ilan kimi qıvrılıb-açılan asfalt yolla üzüyuxarı hərəkət edir. Çox keçmir ki, gözlərim önündə bayaqdan xəyalımda canlanan ecazkar çalarlarla dolu təbiət mənzərələri açılır. Nizami əsgər kimi sıra ilə düzülən dağların sinəsində boy göstərən otların göyqurşağıtək yan-yana düzülən rənglərinin harmoniyasına, əsən küləyin ritminə düşən lalələrin, süsənlərin, nərgizlərin dəniz ləpələri kimi dövrə vurmasına tamaşa edə-edə artıq yaylağa yetişirəm. Xeyli uzaqdan qoyun-quzu sürülərini haraylayan çobanlar, təpələrin bağrında bitən şəfalı bitkiləri toplayan qız-gəlinlər, yaşıl çəmənlikdə qaçışan uşaqlar yaylaq həyatının kiçik bir fraqmentini gözlərim önündə sərgiləməklə, sanki mənə xoş gəldin bu yerlərə, – deyir. Ərazidə qurulan alaçıqlara yaxınlaşdıqca öz-özümə düşünürəm ki, sehrinə daldığım bu bənzəri olmayan mənzərələr Aşıq Ələsgərin “Yaylaq” şeirinin bir neçə misrasını necə də gözəl xatırladır:

Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,
Bənövşə, qantəpər, qızlar örpəyi,
Qoyun mələşməsi, çoban tütəyi
Çəkir uzağa xəyalı, yaylaq!

...Artıq səhər saat 11 radələridir. Bir xeyli ətrafdakı mənzərələri seyr etdikdən sonra yaxınlıqda çağlayan buz bulağın gözündən bir-iki qurtum su içirəm. Elə həmin an Günəşin yandırıcı təsirindən uzaq yerdə sərinliyi, həm də üşüdücü sərinliyi hiss edir, bayaqdan məni bihuş edən çörək ətri gələn tərəfə doğru addımlayıram. Bir neçə dəqiqədən sonra qarşılaşdığım mənzərə məni uşaqlıq çağlarıma aparır, o illərdə nənəmin qonşu qadınlarla birgə təndir salıb, çörək yapmağı yadıma düşür. Nənəmin arabir mənə: “Bala, o küfləni aç, təndirin nəfəsi kəsildi”, – deməsi, isti təndir çörəyi ilə biz nəvələrinə ləziz pendir dürməyi tutması, “iy gedir” deyə qonşu evlərə də pay göndərməsi kinolent kimi gözümün qabağından o andaca gəlib-keçir. Nəhayət, nostalji düşüncələrdən ayrılıb, qonağı olduğum Ağbulaq yaylağındakı təndir başına yaxınlaşıram. “Salam, işiniz irəli, çörəyiniz bol olsun”, – deyib hal-əhval tuturam. Yaşı 63-ü adlamış Güldəstə nənə, sanki ürəyimdən keçənləri oxuyurmuş kimi: “Əleykəssalam, ay bala, xoş gəlmisən, buyur halal çörəyimizdən bir qismət kəs”, – deyib əlindəki tər çörəyin arasına pendir qoyub dürməkləyərək mənə tərəf uzadır. Ləziz təndir çörəyindən dadıb, sərin bulaq suyundan içdikdən sonra: “Ay nənə, neçə il olar bu yerlərdə köç salırsınız?” – deyib söhbətə körpü salıram. O isə cavabında deyir:
– Uşaqlıq çağlarımdan yaylaq həyatına öyrəşmişəm, elə ki, yay fəsli müjdəsini verdi, aranda isti havadan nəfəs almaq mümkün olmadı, mal-heyvanı, toyuq-cücəni də götürər, şəraitimiz üçün yır-yığış edərək bu yerlərə üz tutarıq. Gördüyünüz bu təndir rəhmətlik anamdan yadigardır, hər dəfə burada çörək bişirəndə keçmiş günlər xəyalımda canlanır, qeyri-iradi qəhərlənirəm. Ancaq ona sevinirəm ki, sovetlər dönəmində yaylaqda olmayan şəraitimiz, imkanımız indi vardır. Heyvanı qışda Çalxanqalada, yayda da burada bəsləyir, pendir, qatıq tutur, kərə, şor hazırlayırıq. Həm özümüz sağlam məhsullardan dadır, həm də bazara çıxarıb münasib qiymətə sataraq gün-güzəranımızı xeyli yaxşılaşdırırıq. Mən buradakı biş-düş işlərinə baxarkən, qız-gəlinlər də bax, o gördüyün şiş təpələrin qoynunda bitən min bir dərdin dərmanı olan kəklikotu, solmazçiçək, səhləb, çobanyastığı, böyrəkotu toplayır, qurudub qışa saxlayırıq. Yaylaq həyatını arandan fərqləndirən ən gözəl xüsusiyyət burada cana məlhəm təmiz, saf dağ havasının, sərin, büllur bulaqların olmasıdır. Təbiətin qoynunda keçirdiyim günlər həyatımın ən unudulmaz, maraqlı anları kimi yaddaşıma həkk olunur. Hər yeni gün sanki ömrümün bir neçə il uzandığını, əhvalımın daha da gümrahlaşdığını hiss edirəm.
...Artıq günorta saatlarıdır. Təpələrin arasından üzübəri gələn qoyun-quzunun səs-sədası ətrafa yayılır, çobanlar köhlən atın belindən enib sürünü ayıraraq ağıla qatdıqdan sonra sərin bulaq suyunda əl-üzlərini yuyub ləziz təbii məhsullarla bəzənən süfrəyə əyləşirlər. Nahardan sonra ailənin başçısı Rəsul kişi ilə də həmsöhbət oluram. Deyir, 1989-cu ildən bəri ömrüm, günüm dağda-daşda keçib, həyatın ağ üzünü də, qara üzünü də çox görmüşəm. Şükürlər olsun ki, müstəqillik illərində yaradılan əlverişli şərait hesabına heyvanların sayını xeyli artırıb qazanc yiyəsi olmuşam. Hazırda sürüdə 1500-ə yaxın xırdabuynuzlu heyvan var. Gündə iki dəfə otlaqlara aparırıq, su sarıdan da çətinlik yoxdur. Gördüyün bulaq səhərdən axşama qaynayır, baytarlar da tez-tez buraya üz tutur, qayğılarımızla maraqlanırlar, xəstəliklərə qarşı tədbirlər görüldüyündən heyvanlar arasında tələfat halları da olmur. Vətənin keşiyində duran əsgərlərimizdən də yerlə göy qədər razıyam, onların hesabına əmin-amanlıq, sakitlik, rahatlıq içində yaşayır, iş-gücümüzlə məşğul oluruq. Gördüyünüz bu 6 alabaş da bu işdə mənim vəfalı yoldaşlarım sayılır, səhərdən axşama sürünün keşiyində dururlar, onların olduğu yerdə heyvanlara zaval yoxdur.
...Təxminən, saat 17 radələridir. Rəsul kişi heyvanları örüşə çıxararkən Səməd dayı da samovar salır, pürrəngi çaydan içdikdən sonra qoyunların yunlarını qırxmağa başlayır. Elə bu məqamda Güldəstə xalanın səsi ­eşidilir:

Nənəm, a şişək qoyun,
Yunu bir döşək qoyun.
Bulamanı tez yetir,
Ağlaşır uşaq, qoyun.

Güldəstə xala yenidən söhbətə qoşularaq deyir ki, bu qoyunlardan alınan yunu əvvəlcə bulağın suyunda yaxşı-yaxşı yuyub, gün altına sərib qurudur, sonra da yorğan-döşək salır, balınc, yastıq hazırlayırıq. Bax beləcə, yaylaq həyatımızın hər gününü faydalı işlər görməklə keçirir, övladlarımızı ev-eşik sahibi edirik.
Axşamın yaxınlaşması, Günəşin qüruba doğru tələsməsi ilə havanın qaraldığı, soyuduğu hiss olunur. Budur, çobanlar yenə at belində sürünü təpələrin arası ilə üzü alaçıqlara doğru gətirib tövləyə qatırlar. Qız-gəlinlər qoyunların südünü sağır, Güldəstə xala isə südü süzərək səhər obaşdanın südü ilə birgə qatıq, pendir tutması üçün sərin yerə yığır.
Arandan fərqli olaraq sərin havanın hökm sürdüyü yaylaqda gecələmənin, həqiqətən, insanın əhval-ruhiyyəsinə də çox müsbət təsir etdiyini səhərin erkən çağında çobanların qoyun-quzunu haraylayan səsinə oyananda bir daha hiss edirəm. Səhər şehinin hopduğu otların xoş rayihəsini duyur, nərgiz, lalə və süsəndən bir dəstə toplayıram. Təbii yağ, pendir, şor, bal, təndir çörəyi ilə zəngin olan səhər yeməyindən sonra yaylaq əhli ilə xudahafizləşib şəhərə geri dönürəm.
Yolboyu yaylaqda keçirdiyim bir gün yaddaşımda canlanır, qonağı olduğum ailədən gördüyüm xoş, mehriban münasibəti, qonaqpərvər davranışları xatırladıqca munis duyğulara köklənirəm. Elə bil burada olduğum bir gün cəmi bir-iki saat içində keçib-gedib, hafizəmə mənalı, xoş anlar həkk edib. Avtomobil yaylaqdan ayrılarkən arxaya dönüb yenidən başıqarlı dağlara, güllü-çiçəkli çəmənlərə, təpələrə, düzlərə tamaşa edirəm. Gözlərim önündə, sanki təbiət dil açıb, “Tələsmə, bir azca da qal mənimlə”, – deyir, əsən sərin meh qəlbimi riqqətə gətirir. Bu an yaddaşımda Xalq şairi Məmməd Arazın misraları sıralanır:

Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim...

 Nail ƏSGƏROV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR