16 Oktyabr 2019, Çərşənbə

Yeni dərs ilinin başlaması ilə şagirdlərin yay tətilindən sonra məktəbə, tədris proqramına uyğunlaşması məsələsi aktuallaşır. Çünki yay tətilində istirahətə geniş yer vermiş şagirdlər, eləcə də birinci sinfə yenicə qədəm qoymuş uşaqlar dərs ilinin ilk günlərində məktəbə adaptasiya olmaqda çətinlik çəkirlər. Bəs bunun səbəbləri nələrdir, necə etmək lazımdır ki, onlar tezliklə məktəbə, dərs prosesinə uyğunlaşa bilsinlər? Suallarımıza cavab almaq üçün Naxçıvan şəhər Əli Sultanlı adına 10 nöm­rəli tam orta məktəbin psixoloqu Nabat Xəlilova ilə həmsöhbət olduq.

O bildirdi ki, uzun bir yay tətilindən sonra dərslər başlayır. Məktəblərin açılması özü ilə bəzi çətinliklər də gətirir. Hər uşaq məktəbə asanlıqla adaptasiya ola bilmir. Bunun səbəbləri çoxdur. Əsas səbəb odur ki, uzun müddət valideynləri ilə birlikdə vaxt keçirən uşaqlar yenidən məktəbin nizam-intizamına əməl etməli olurlar. Bütün yayı istirahətdə, gəzintidə, yoldaşları ilə oynamaqla keçirən şagirdlər uzun bir aradan sonra məktəb rejiminə birdən-birə öyrəşə bilmirlər. Bu zaman iş məktəb rəhbərliyinin, müəllim kollektivinin üzərinə düşsə də, valideynlərin də köməyinə xüsusi ehtiyac duyulur. Onlarla yaradılan qarşılıqlı ünsiyyət sayəsində bu çətinlikləri qısa müddətdə aradan qaldırmaq mümkündür.
Müsahibim qeyd edir ki, tətildən sonra, xüsusilə də I və V sinif şagirdləri yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkirlər. Məktəbə ilk qədəm qoyan şagirdlərdən buraya həvəslə gələnlərlə yanaşı, ağlayan, valideynlərindən ayrılmaq istəməyən şagirdlər də olur. Bu cür şagirdlərə daha çox qayğı ilə yanaşır, onlara məktəbi və müəllimləri sevdirməyə çalışırıq. V sinif şagirdlərinin də dörd il onlara dərs deyən ibtidai sinif müəllimlərindən ayrılması, yeni sinfə qədəm qoyması və ­birdən-birə bir neçə əlavə fənn keçmələri, yeni müəllimlərə uyğunlaşması kimi məsələlər də onlarda ilk vaxtlar adaptasiya çətinliyi yaratsa da, təcrübəli müəllimlərimizin sayəsində qısa müddətdə bu, aradan qaldırılır.
Tətildən sonra məktəbə yeni gəlmiş bəzi şagirdlər tədris prosesinə, məktəbə bir az gec uyğunlaşır, digər şagirdlər içərisində özünü qərib hiss edə bilirlər. Həmin sinfin şagirdləri ilə aparılan psixoloji söhbətlər tezliklə onların bütün siniflə qaynayıb qarışmasına və dərslərinə qarşı daha diqqətcil olmasına şərait yaradır.
Onu da deyim ki, tətildən sonra şagirdin məktəbə, dərslərinə diqqətini cəlb etmək üçün yenə də müəllimlərin üzərinə böyük bir vəzifə düşür. Uzun tətildən sonra sinifdə oturmağa alışmayan (bu xüsusilə aktiv uşaqlara aiddir), dərslərə müntəzəm çalışmaqda tənbəllik edən şagirdlərin adaptasiya olunması üçün onlara səbrlə, təmkinlə, qayğı ilə yanaşılmalı və həmin şagirdləri tədricən məktəb rejiminə alışdırmaq üçün çalışılmalıdır.
Psixoloq vurğulayır ki, uyğunlaşma prosesində məktəblinin qidalanması, yuxu rejimi, gigiyenası, dərsə davamiyyəti kimi məsələlər mühüm rol oynayır. Təbiidir ki, şagirdlər tətil zamanı axşamlar gec yatıb səhər də gec oyanırlar. Bu da onların yuxu rejiminin pozulmasına və düzgün qidalanmamasına gətirib çıxarır. Buna görə də məktəbliləri düzgün rejimə alışdırmaq lazımdır.
İnsan sağlamlığında qidalanma əsas olduğu üçün uşaqların qəbul etdiyi qidaların düzgün seçilməsi də əsas məsələlərdən biridir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır. Düzgün qidalanmadıqda isə sağlamlıqda müəyyən problemlər yaranır. Bizim əsas məqsədimiz sağlam gənclər yetişdirməkdir. Sağlam ruh da yalnız sağlam bədəndə mümkündür. Buna görə də valideynlərlə söhbətlər apararkən də bu məsələlərə qarşı diqqətlə yanaşmağın nə dərəcədə əhəmiyyətli olduğunu xatırladırıq.
Bir psixoloq kimi valideynlərə məsləhətim budur ki, övladınıza həmişə qayğı göstərin və heç zaman sevginizi onlardan əsirgəməyin. Uşaq öz xüsusi baxışları və düşüncələri ilə inkişaf edən şəxsiyyətdir. O da arzularına hörmətlə yanaşılmağını istəyir. Uşağa qarşı diqqətli olmaq və vaxt ayırmaq onun inkişafında, formalaşmasında mühüm rol oynayır.
Uşaqları məktəbə davamiyyətini təmin etmək, dərslərə yubanmalarının qarşısını almaq, verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə diqqət etmək və digər bu kimi məsələlər barədə valideynlərlə mütəmadi söhbətlər aparılır, onlarla birlikdə uşaqlarda yaranan adaptasiya çətinliyini aradan qaldırmaq üçün birgə hərəkət edirik.
İbtidai sinif müəllimi Şəkər Ələkbərova isə qeyd edir ki, ibtidai siniflərin dərslərə daha tez adaptasiya olunması üçün birinci gün tətillə bağlı təəssüratlarını öyrənirik. Onlar müəyyən müddətdən sonra dərs prosesinə köklənə bilirlər. ­İbtidai siniflərlə tətildən qayıtdıqdan sonra yay tətili zamanı verilən tapşı­rıqlar üzərində işləyirik, bir müddətdən sonra yeni mövzulara müraciət edirik. İbtidai sinfə yeni qədəm qoyan şagirdlər bağçaya getdikləri üçün onların uyğunlaşması o qədər də çətin olmur. Məktəbə uyğunlaşma prosesində valideyn də mühüm rol oynayır. O, övladını məktəbə psixoloji olaraq hazırlamalı, onunla yeni mühit, dərslər və yeni dostlar haqqında söhbətlər etməlidir. Evdə valideynin də uşaqla məşğul olması onun dərslərini daha tez qavramasına kömək edir. I sinif şagirdləri üçün əvvəlcə onların şifahi nitqini inkişaf etdirə biləcək tapşırıqlar üzərində işləyir, oktyabr ayından başlayaraq əlifbanın hərflərini öyrədirik. Zamanla şagirdin də dərslərə, müəllimə, ən əsası məktəbə uyğunlaşdığını müşahidə etmək bizi sevindirir.
Göründüyü kimi, yay tətilindən sonra şagirdlərin dərsə adaptasiyası üçün müəllimlərlə birlikdə valideynlərin də üzərinə böyük yük düşür. Övladını gələcəkdə savadlı, intellekt şəxsiyyət kimi görmək istəyən hər bir kəs gələcəyimiz olan uşaqlara laqeyd yanaşmamalıdır. Çünki sağlam gələcək yalnız yaxşı təhsil almış, istedadlı, vətənpərvər gənclərlə mümkündür.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR