21 Sentyabr 2019, Şənbə

Təkcə cari ilin birinci yarısında bu müəssisəni 7244 tamaşaçı ziyarət edib

Hər bir xalqın böyüklüyü əhali sayına və yaxud yaşadığı regiona görə müəyyən edilmir. Xalqların böyüklüyü yaratdığı mədəniyyətlə, dünyaya bəxş etdiyi böyük töhfələrlə, yetirdiyi dahi şəxsiyyətlərlə ölçülür. Eyni zamanda belə xalqların formalaşmasında həmin şəxsiyyətlərin böyük rolu olur. Buna görə də hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri və muzeylər yaradır, adını park və meydan, prospekt adlarında əbədiləşdirir. Belə şəxsiyyətlərin həyatı və fəaliyyəti tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılır, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində bu dəyərlər əsas meyar kimi təbliğ edilir. Xalqımızın tarixi taleyində mühüm və əvəzolunmaz rol oynayan ulu öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.

Təsadüfi deyil ki, bu gün ölkəmizdə Heydər Əliyev irsini təbliğ edən onlarla elm və mədəniyyət müəssisəsi var. Lakin Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi digərlərindən fərqlənir. Ona görə ki, bu mədəniyyət müəssisəsi ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, sonrakı illərdə isə daim inkişaf etdirdiyi doğma Naxçıvan torpağında yaradılmışdır. Digər tərəfdən isə bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, siyasi irsinin alternativsizliyini dəfələrlə öz çıxışlarında vurğulayan, əməli fəaliyyətində sübut edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hələ 1996-cı il may ayının 10-da “Naxçıvan” Sərhəd Dəstəsinin qərargahı önündə ulu öndərin büstünün açılış mərasimində demişdir: “...Bu gün biz, sadəcə olaraq, öz istəyimizi, məhəbbətimizi və onun gördüyü işləri qiymətləndirmək naminə bu kiçik işləri burada, Naxçıvan Muxtar Respublikasında həyata keçiririk... Dünya siyasət məktəbində, dünya kəşfiyyat məktəblərində böyük bir Heydər Əliyev kursu keçilir. Nəyə görə bizim özümüzdə bunlar olmamalıdır?.. Ancaq biz etməliyik. Bizim – naxçıvanlıların buna daha çox haqqı var. Haqqı var, həm də mənən borclarıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır...”

Heydər Əliyev şəxsiyyətinə, siyasi və mənəvi irsinə bu cür yanaşmanın nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi yaradılmışdır. Eyni zamanda bu sərəncamın imzalanması Heydər Əliyev şəxsiyyətinə sonsuz ehtiramın bariz nümunəsi kimi tarixi, siyasi və mənəvi zərurətdən irəli gəlmişdir. Sərəncamın imzalanmasından ötən qısa zamanda Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi yaradılmış və muzey 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.
Bu il isə Heydər Əliyev Muzeyinin yaradılmasının 20 ili tamam olur. Ötən illər ərzində muzeyə gələn çoxsaylı tamaşaçılar Türk dünyasının böyük oğlu, dünya siyasətinin nəhənglərindən olmuş Heydər Əlirza oğlu Əliyevin həyatı və fəaliyyəti haqqında maraqlı məlumatlar əldə edir, bu məlumatlarla yanaşı, həm də Azərbaycanın tarixini, mədəni və mənəvi irsini öyrənirlər. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da muzey fəaliyyətini günün tələbləri səviyyəsində qurmuş, nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Muzeyin direktoru Ramil Oruc­əliyev bizimlə söhbətində bildirdi ki, bəhs olunan dövrdə Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və ictimai-siyasi fəaliyyətinə dair materialların toplanması, komplektləşdirilməsi, mühafizəsi, tədqiq və təbliği uğurla həyata keçirilmiş, hər bir eksponat ciddi mühafizə edilərək qorunmuş, zədələnməsinin və korlanmasının qarşısı alınmışdır. 2019-cu ilin ilk 6 ayı ərzində eksponatların sayı 4746-dan 4764-ə çatdırılmışdır. Bununla yanaşı, muzeyin fond otağı sistemləşdirilmiş, eksponatlar müəyyən sistem əsasında fondda yerləşdirilmişdir. Mütəmadi olaraq buradakı bələdçi mətninə yeni eksponatlar haqqında əlavələr olunmuş, sonradan mətn ingilis dilinə tərcümə edilmişdir.
Öyrəndik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq hesabat dövründə qrafik əsasında muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin kollektivləri muzeyi ziyarət etmiş, gələn qonaqların muzeylə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən tərtib edilmiş qrafikə əsasən 2019-cu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 8 təşkilat Heydər Əliyev Muzeyində ekskursiyalarda iştirak etmişdir.
Müsahibimiz onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2018-2019-cu tədris ili üçün tədbirlər planı”na əsasən tələbə və şagirdlər Heydər Əliyev Muzeyinə cəlb edilmiş, Naxçıvan şəhərində fəaliyyət göstərən orta və orta ixtisas məktəblərinin muzeydə açıq dərslərinin qrafiki təsdiq edilmiş, onlara muzey xidməti göstərilmişdir. Görkəmli dövlət xadiminin həyatı və ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və təbliği məqsədilə 3 yanvar 2019-cu il tarixdən 27 iyun 2019-cu il tarixədək Heydər Əliyev Muzeyində orta məktəb şagirdlərinin iştirakı ilə 33 saat, Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilə 6 saat, kollec tələbələrinin iştirakı ilə 13 saat açıq dərs keçilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında ” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Təhsil, Rabitə və Yeni Texnologiyalar ­nazirliklərinin birgə tərtib etdikləri “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil olunacaq distant dərslərin qrafiki”nə əsasən ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında 10 may 2019-cu il tarixdə 220 ümumtəhsil məktəbinin iştirakı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan”, 12 iyun 2019-cu il tarixdə isə Təhsil və Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə muzeydə 220 ümumtəhsil məktəbinin iştirakı ilə “Qurtuluşdan başlanan yol” mövzusunda interaktiv dərs keçilmişdir.
Qeyd edilən dövrdə muzeyin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirin, o cümlədən ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konfransın, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təşkilatçılığı ilə “Milli Qurtuluş Günü – əbədi müstəqilliyə açılan qapı” mövzusunda elmi-praktik konfrans keçirildiyi barədə də məlumat aldıq. Muzey direktoru bələdçilərin peşə biliklərinin artırılması sahəsində görülən işlərdən də danışdı.
Təbii ki, görülən işlər ziyarətçi sayına da öz təsirini göstərmiş, 2019-cu ilin ilk altı ayı ərzində muzeyi 7244 tamaşaçı ziyarət etmişdir. Bu ziyarətçilərin 5353 nəfəri yerli, 1891 nəfəri isə xarici ölkələrdən gələn qonaqlar olmuşdur. Həmçinin muzeydə olan tamaşaçılara Azərbaycan və ingilis dillərində 759 ekskursiya keçirilmişdir.

Heydər Əliyev Muzeyi bu gün Naxçıvana gələn bütün qonaqların ilk ziyarət etdiyi elm və mədəniyyət müəssisəsidir. Dahi şəxsiyyətin zəngin irsinin qorunub saxlanıldığı bu müəssisə ziyarətçilərdə böyük təəssürat oyadır. Bu təəssüratları muzeyin “Xatirə kitabı”na köçürənlər də az deyil. Biz isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muzeyin ekspozisiyası ilə tanış olduqdan sonra düşüncələrini ifadə etdiyi bu cümlələrlə yazını bitirmək istərdik: “...Ulu öndər Heydər Əliyev öz doğma Vətənini – Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır”.

Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR