Ulu Tanrının  səxavətini əsirgəmədiyi,  təmiz havası, bərəkətli torpaqları olan qədim  yurdumuzda yetişən can dərmanı bitkilər, meyvə-tərəvəzlər təsərrüfatla məşğul olanların ruzi, qazanc mənbəyinə, sağlam qida kimi isə süfrələrimizin bəzəyinə, ağız ləzzətimizə çevrilib. Elə ki, bostan mövsümü başladı, hansı kəndə, hansı bazar-dükana üz tutsan, hansı evin, ailənin qonağı olsan, min bir barı-bərəkəti ilə seçilən doğma Naxçıvan torpağından, onun saf havasından, billur suyundan qidalanıb dad-ətir alan, tağlardan zəngin milli süfrələrimizə qədər qoşa yol gələn “sadiq dostlara” – qarpız və qovuna rast gələrsən. Yayın qızmar çağında yol kənarlarından, piştaxtalardan ətri ilə uzaqdan adamı bihuş edən, Naxçıvan bostanlarının yayın bu ürəksərinləşdirici, faydalı məhsulları süfrələrimizin ən ləziz “qonaqları” olur.  

Yurdumuzun saymaqla bitməyən bu nemətləri içərisində yayın ən şirin, ən gözəl meyvələrindən biri olan qovun (yemiş) insanı sakitləşdirən bir ətrə malikdir. Bəzi tarixi mənbələrdə qovunun vətəni Orta Asiya respublikaları və Zaqafqaziya göstərilir. Digərlərinə görə isə qovun Hindistanda bizim eramızdan əvvəl yetişdirilib. Daha sonra Asiyaya “gəlib” və Avropa xalqları yalnız orta əsrlərdə yemişdən dadıb. Uzun müddət ərzində qovun “kral qidası” hesab edilib. Belə ki, o yalnız xüsusi mərasimlərdə masaya verilirmiş.

Uzunsov, Sirab, Şahtaxtı, Pircüvar və Şamama... Qovunun bu sortları Naxçıvanda adla deyilir. Həmin növlər Babək, Kəngərli, Şərur və Sədərək rayonlarındakı təsərrüfatlarda əkilib-becərilir. Şərur rayonunda elə əkin sahəsi tapılmaz ki, orada heç olmasa, bir-iki kol da olsa, qovun əkilməsin. Belə təsərrüfatlardan biri də Şərur rayonunun Çəmənli kənd sakini Abdulla Adıgözəlova məxsusdur. O, Çərçiboğan kəndi ərazisindəki əkin sahələrində tərəvəz bitkiləri ilə yanaşı, dörd hektar sahədə qovun da əkib. Əkin sahəsini qovunun, şamamanın gözəl ətri bürüyüb. Biz də bu mövsümün ən dadlı qidalarından olan qovun haqqında ailə təsərrüfatının üzvü Samir Adıgözəlovla həmsöhbət oluruq. Samir deyir ki, qıranın (naxçıvanlılar qovunu belə adlandırır) əkilib-becərilməyi zəhmət tələb edir. Bir çox bitkilər kimi qovunun şitili yox, toxumu əkilir. Toxumları əvvəlcədən islatmaq lazımdır ki, yaxşı cücərə bilsin. Bitkinin kolları bir az torpaqdan boy göstərən kimi kollar seyrəldilir və onlardan ən irisi və şux olanı saxlanılır. Suvarıldıqdan sonra kollar çiçəkləyir və həmin çiçəklərdən balaca qıralar əmələ gəlir, buna isə el arasında “gülburnu” deyilir. Bu müddətin sonunda isə qovun tam yetişmiş hesab olunur.
Təsərrüfatda kənd sakini Əli dayı ilə də həmsöhbət oluruq. O deyir ki, qovunun adla deyilən bir növü də var ki, onun məskəni Kəngərli rayonunun Şahtaxtı kəndidir. Bu növə “tutma qovun” deyirlər. Bu qovunu yetişdirmək çox zəhmətli olduğundan böyük bir sahədə ancaq bir neçə qovunu tutma kimi saxlamaq olur. Qonaqpərvər camaatımız bu qovunu əzizləyib uzaqda yaşayan qohum-əqrəbası, ya da ki qonağı üçün saxlayır. Tutma qovunun necə saxlanılmasından da söhbət açan Əli dayı bildirir ki, gülburnular isladılır, torpaqlanaraq açıq şəkildə 2-3 gün saxlanılır. Qurdlanıb­-qurdlanmaması yoxlanıldıqdan sonra öz yarpağına bükülərək (el arasında “bələnmə” deyilir) yerə basdırılır. Bu proses “quylama” adlandırılır. 30-40 gün aralığında torpağa basdırılmış ­şəkildə qalan bitkini mütəmadi olaraq nəzarətdə saxlamaq isə ən vacib işlərdəndir. Bu müddət tamam olduqdan sonra bitki torpaqdan çıxarılır və daha 15-20 gün açıq şəkildə saxlanılır. Sonda isə qovun tam yetişmiş hesab olunur.
Müsahibim qovunun faydalarından da danışır: – Qovun yemək çox faydalıdır. Həzm orqanlarını təmizləyir və xəstəlikləri aradan qaldırır. Şəkər, zülal və nişasta ilə zəngin olduğu üçün onu asanlıqla qida əvəzi kimi istifadə etmək mümkündür. Xalq təbabətində qovunun qurudularaq döyülmüş qabığından daxili xəstəliklərin müalicəsində istifadə edirlər. Qovun dərini təravətləndirir, böyrəkləri, qanı təmizləyir. Onda A vitamini, brom və yod daha çox olduğundan sinirləri sakitləşdirir, yuxu gətirir, qanı zəhərli maddələrdən təmizləyir. Revmatizm zamanı da faydalıdır. Böyrək-sidik kisəsi qumu tökülən zaman qovun yeyilərsə, böyrəklər rahatlanır. Qovunun dənələri qaynadılıb suyu içildikdə tənəffüs yolu problemlərinin qarşısını alır. Mütəxəssislərə görə, qaraciyər xəstəliklərinə də qovun dənəsi suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil. Qovun bədənə sərinlik hissi verir. Yanmış hissəyə qoyularsa, ağrı azalır və sağalmasına kömək edir. Tərkibində dəmir və kalium elementləri olan qovun qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün də çox faydalı­dır. Azkalorili tərəvəz olduğu üçün arıqlamaq məqsədilə tutulan pəhrizlər zamanı istifadə oluna bilər. Qovun dərinin təravətli qalmasına, orqanizmin xərçəng xəstəliyindən qorunmasına kömək edir. Bu şirin tərəvəzi düzgün qəbul etmək lazımdır. İlk növbədə, onu yeməkdən sonra deyil, qida qəbulları arası istifadə etmək lazımdır.
Təsərrüfatçı onu da deyir ki, ticarət şəbəkələrindən bu bostan bitkisini alarkən bir sıra məsələlərə diqqət yetirin. Qovunlar təzə, təmiz və sağlam, rəngi və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. Alıcıların əksəriyyəti hamar qovunların şirin olduğunu güman edirlər. Əslində isə üstü torabənzər, qəhvəyi şaxələri olan qovunlar daha şirin olurlar. Bu məhsulu alarkən onun saxlanma şəraitinə, səthinin vəziyyətinə diqqət yetirilməlidir. Qarpızdan sonra ən məşhur tərəvəz sayılan qovun, limonla qarışdırılıb blenderdən keçirildikdə güclü antioksidant təsiri yaradır. Xüsusilə infarkt xəstəliyindən əziyyət çəkənlərə hər səhər mütəmadi olaraq bu qarışıqdan qəbul etmələri məsləhət görülür. Bu, xərçəng xəstəliyinin yaranma riskini də azaldır.
Şərur torpağının bərəkətini, suyunun saflığını, insanlarının zəhmətini özünə hopduran ətrinin insana rahatlıq gətirdiyi yurdumuzun ən şirin nemətlərindən olan yemişin faydaları saymaqla bitmir. Elə buna görə də bostan üstüdür, – deyib bura qədər gəlmişkən qollarımı çırmalayıb, xanımlara qoşulub onlarla birlikdə qovun toplamağa başladım. Topladığım qovunları isə elə özümə hədiyyə etdilər. Dedilər ki, bizim kənddə qayda belədir: gələni əliboş qaytarmırıq. Onlar barlı-bəhrəli tarlanın məhsulunu toplamağa davam etməkdə olsunlar, biz isə torpağınız bərəkətli, məhsulunuz bol olsun deyib, – işimizi yekunlaşdırıb bostandan ayrılırıq. Düşünürəm ki, ana təbiət bu yurddan səxavətini əsirgəməyib. Əslində, Uca Yaradan bu diyarın insanlarına ruzisini özündən əvvəl verib. Bu yurda elə min bir naz-nemət bəxş edib ki, bunların qədrini bilib, yığıb istifadə etməklə yanaşı, həm də artıb-çoxalması qayğısına qalsaq, sağlamlığımızın qeydinə qalıb süfrələrimizdən əskik etməsək, bar-­bərəkətimiz də tükənməz, xəstəliyin də nə olduğunu bilmərik.

 Ramiyyə ƏKBƏROVA