07 Dekabr 2019, Şənbə

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması Naxçıvanda kollektiv işə, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaranmasına, mövcud olanların isə daha da inkişaf etməsinə təkan verir. Belə təsərrüfatlarda istehsal olunan məhsulların bazarlarda rəğbətlə qarşılanması, alıcı razılığına səbəb olması günün real­lığıdır. Babək rayonunun Kültəpə kəndində “Gündüz” əmtəə nişanı ilə istehsal olunan süd məhsulları sexinə rəhbərlik edən Gündüz Məmmədov da dövlət qayğısından bəhrələnən təsərrüfat başçılarından ­biridir.

Gecənin alatoranlığı yerini Günəşin yenicə qızaran şüalarına verir. Axşamdan göyün üzünə səpələnən ulduzlar Günəşə məğlub olaraq səmada öləziyir. Bu yerlərdə dan yeri sökülən kimi təsərrüfat işlərinə başlanılır. Gündüz də elə günün bu saat­larında yuxusuna “haram qatıb” kövşənə gəlməli, mal-qarasını yerbəyer etməli və evə qayıtmalıdır. İşləri çoxdur. Axşamdan Kültəpə, Kərimbəyli, Qahab, Zeynəddin və Naxçıvan şəhərindəki ticarət obyektlərindən sifarişlər qəbul edib. Sifariş edilən məhsullar gün ərzində qatıq və ayranı həmin ünvanlara çatdırmalıdır.
Gündüz səhər süfrəsində zəhmətlə qazanılan halal nemətlərdən nuş edib iş başına yollanır. Bu işdə isə ailənin hər bir üzvü səfərbərdir. Belə ki, təsərrüfatda bəslənilən 20-yə yaxın iribuynuzlu mal-qaranın südü axşamdan soyuducuda yığılıb. Qız-gəlin xüsusi qablarda yığılan südü istehsal sahəsinə daşıyır. İstehsal sahəsi isə Gündüzün həyətinin aşağı hissəsində yerləşir. Özünün dediyinə görə, dörd il bundan əvvəl evdə ağsaqqal, ağbirçəklə oturub məsləhətləşib və belə qərara gəlib ki, süd məhsullarının istehsalı ilə məşğul olmaq üçün hər cür şərait var və bu şəraitdən yararlanmaq lazımdır. Əvvəla, həyətindəki mal-qaranın baş sayını artırıb. Daha sonra müvafiq dövlət orqanlarına layihəsini təqdim edib və onun bu ideyası müsbət qarşılanıb. Bununla da Gündüz elə həmin il 26 min manat dövlət maliyyə dəstəyi alaraq istehsal sahəsini qura bilib.
Müəssisəyə daşınan süd istehsal üçün hazırlanır. Alınan qatıq və ayran 250 və 500 qramlıq plastik taralara yığılır və bu işlərin hər biri avtomatlaşdırılmış qaydada, əl dəymədən, sanitar-gigiyenik tələblərə uyğun həyata keçirilir. Nəticə olaraq istehlakçıya təqdim edilən hər bir məhsulun keyfiyyəti istehsalçının baş ucalığı deməkdir. Deməli, keyfiyyət amili əsasdır. Gündüz şor, kəsmik, lor da istehsal etmək fikrindədir. Payız aylarında isə qovurma istehsalı üçün əlavə dövlət maliyyə dəstəyi almağı düşünür. Bu məqamda qeyd edək ki, sahibkar istifadə olunan plastik taraları daha əvvəlki kimi qonşu ölkələrdən gətirmir. Düzdür, dövlət tərəfindən ailə təsərrüfatı ­rəhbərlərinə, sahibkarlara xaricdən gətirilən hər bir məhsul üçün xüsusi güzəştlər tətbiq olunub, onlar rüsumlardan azad ediliblər. Amma Nehrəm kəndində sahibkar Rafiq Əliyev tərəfindən plastik taraların istehsalı sahəsinin yaradılması ilə xaricdən asılılıq aradan qalxıb. İndi bu qabların daha ucuzu və daha keyfiyyətlisi Nehrəmdə istehsal olunur. Süd istehsalı ilə məşğul olanlar istənilən vaxt Nehrəmə üz tuta ­bilərlər.
...Sifarişlər saylarına görə yığılaraq sahibkarın təsərrüfatdan qazandığı gəlir hesabına aldığı yeni avtomobilə yüklənir. Sükan arxasında isə Gündüzün böyük oğlu əyləşib. Bir azdan o, yola düşərək ticarət obyektlərinin sifarişlərini onlara çatdıracaq. Gündüz özü isə günün ikinci yarısında qardaşı ilə birgə əkin sahəsinə yollanır. Bu il 2 hektar sahədə yonca əkib. Artıq biçin vaxtıdır. Güman edir ki, 250-300 yonca kipi çıxacaq. Bununla da təsərrüfatdakı mal-qaranın yeminin bir hissəsini tədarük etmiş olacaq.
Gündüz Babək rayonundakı zəhmətkeş, əməksevər ailə təsərrüfatı başçılarından, sadəcə, biridir. O, bu işə özü və ailəsi ilə birgə, necə deyərlər, can qoyur və nəticədə, qazanan da elə onların özü və həm də istehlakçılardır. Gündüz və onun ailəsi işdən qorxmur, torpağı sevir, zəhməti sevir, gün-güzəranlarını da elə bu sevgidən qurublar. Əməksevərlik sevgisindən... Belə bir nəticəyə gəlmək olar ki, zəhmətkeş insansansa, ailən işgüzardırsa və ən əsası dövlət bu cür əlverişli sahibkarlıq mühitini təmin edirsə, bu yol davamlı olacaq. Gündüz kimilərin də sayı getdikcə artacaq.

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR