07 Dekabr 2019, Şənbə

2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması aqrar sahənin inkişafına, özünüməşğulluğun təmin edilməsinə, daxili bazarda yerli məhsulun xüsusi çəkisinin artırılmasına hesablanan bir addım kimi kənd təsərrüfatı sahəsində çalışanlar, həmçinin diyarımızın sakinləri tərəfindən onlara göstərilən dövlət qayğısının yeni ifadəsi kimi dəyərləndirilib. Cari ilin ötən dövrü ərzində yeni ailə təsərrüfatlarının yaradılması davam etdirilib, belə təsərrüfatların üzləşdikləri problemlərin həlli diqqət mərkəzində saxlanılıb, onlar güzəştli kreditlərlə, texnikalarla təchiz olunublar. Ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışına da ciddi önəm verilib. Bu günlərdə redaksiyamızda təşkil olunan dəyirmi masada da bu məsələlər barədə söhbət açıldı.

Muxtar Məmmədov – “Şərq qapısı” qəzetinin məsul katibi: – Muxtar respublikada iqtisadiyyatın inkişafı ilə bağlı əldə olunan nailiyyətlər hamımızı sevindirir. Çünki bu, hər bir naxçıvanlının yaxşı yaşaması, həyat səviyyəsinin yüksəldilməsində başlıca amildir. Bu prosesdə ailə təsərrüfatları yeni subyektlər kimi öz üzərlərinə düşən vəzifələrin icrasında fəallıq göstərirlər. Bu təsərrüfatların yaradılmasına sizin münasibətiniz...
Mircavid Tağızadə – Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri: – Muxtar respublikamızda davamlı özünüməşğulluğun təmin edilməsi, geniş çeşiddə rəqabətqabiliyyətli orqanik məhsul istehsalı imkanlarından biri və əsası ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir. 2017-ci ildən başlayaraq bu sahəyə diqqət artırılıb, muxtar respublikada ailə təsərrüfatlarının tənzimlənməsi və təşviqi istiqamətində işçi qrupu fəaliyyətə başlayıb. Diyarımızın bütün rayon və kəndlərində monitorinqlər keçirilib, nümunəvi ailə təsərrüfatları və onların istehsal etdikləri məhsullar haqqında məlumat hazır­lanıb. Müxtəlif sahələr üzrə bir çox kiçik ailə təsərrüfatlarının mövcud olduğu müəyyən edilib. İşçi qrupu tərəfindən bütün rayon və kəndlərimizi əhatə etməklə 1000-dən çox ailə təsərrüfatı siyahıya alınıb.
Xaliq Abbasov – Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: – Ailə təsərrüfatları, əsasən, ərzaq və sənətkarlıq məhsullarının istehsalı ilə məşğul olur, ət, süd, meyvə və tərəvəz məhsulları və sair istehsal edir. Buraya meyvə araqları, şərablar, sirkələr, mürəbbə və cemlər, meyvə-tərəvəz quruları, turşular, dərman bitkiləri, ağartı məhsullarının istehsalı, paketlənmiş hazır yeməklər, paxlalı bitkilərin paketlənməsi və digər məhsullar daxildir. Gələcəkdə bu siyahının genişləndirilməsi nəzərdə tutulur, həmin məhsulların yüksək keyfiyyətə malik olması üçün tədbirlər həyata keçirilir. Həmçinin xalçaçılıq, toxuculuq, misgərlik, dekorativ-tətbiqi sənət və digər sahələr üzrə də təsərrüfatlar yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədi daşıyır.

Arif Cəfərov – Babək rayonunun Yarımca kəndi, ailə təsərrüfatı başçısı: – Bildiyimiz kimi, ailə təsərrüfatları öz məhsullarını mövcud bazar tələblərinə uyğun hazırlamaqda çətinlik çəkir, yaxud bazarda tələbatı ödəyəcək miqdarda məhsul istehsal edə bilmirdilər. Öz təsərrüfatlarının müasir tələblərə uyğunlaşdırılması, standartlara cavab verən məhsul istehsalı və onun qablaşdırılması, dizaynı, tanıdılması isə bir ailə üçün böyük xərclər tələb edirdi. Məlumdur ki, istehsalatda çəkilən xərclər məhsulun son qiymətinə daxildir və belə olan halda, ailənin istehsal etdiyi məhsulun qiyməti çox yüksək olur, son nəticədə isə rəqabətqabiliyyətli olmurdu.
Mən uzun illərdir ki, taxılçılıq və quşçuluqla məşğulam. Ailə təsərrüfatımda 17 nəfər çalışır. Demək olar ki, bütün kənd təsərrüfatı texnikalarım var. Təbii ki, bu texnikaları işlətmək üçün təsərrüfata mexanizatorlar və təmir ustaları cəlb etmişəm. Bu il 50 hektar sahədən orta hesabla 30 sentner taxıl götürmüşəm. Taxıl elə məhsuldur ki, onun alıcısı daim başının üstündədir. Ailə təsərrüfatı olaraq keyfiyyətli məhsul yetişdirmək üçün bütün qüvvəmizi sərf etmişik. Bizə başlıca dəstək isə dövlətimizin göstərdiyi qayğıdır.
Qəzənfər Qurbanov – Babək rayonunun Naxışnərgiz kəndi, ailə təsərrüfatı başçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi: – Bu sahəyə maraq məndə uşaqlıq illərində yaranıb. Daha dəqiq desəm, elə əvvəllər də ailəmiz bu sahə ilə məşğul olurdu. Dövlət səviyyəsində bu məsələyə ciddi önəm verilməsi, ailə təsərrüfatlarının üzləşdikləri bəzi çətinliklərin aradan qaldırılması və digər məsələlərin həlli, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi bu sahəyə marağı daha da artırıb. Mənim təsərrüfatımda 670 başa yaxın xırdabuynuzlu, 10 başa yaxın iribuynuzlu heyvan var. Onların sayı 20 ilə yaxın müddətdə bu rəqəmlərə çatıb. Təsərrüfatda 6 nəfər çalışır. Mövsüm ərzində əlavə qüvvə də cəlb edirəm. Təsərrüfat hazırda qış üçün yem hazır­lığı ilə məşğuldur. Bu işdə də dövlət qayğısını öz üzərimizdə hiss edirik. İstehsal etdiyimiz ət, süd və süd məhsullarının satışında da heç bir problem yoxdur. Baytarlıq xidmətinədək hər iş öz yoluna qoyulub. Bu da muxtar respublikada təzə ət və süd məhsullarına olan tələbatı ödəməkdə mühüm rol oynayır.
Allahverdi Allahverdiyev – Şahbuz şəhəri, ailə təsərrüfatı başçısı: – Dörd nəfərdən ibarət ailəm arıçılıqla məşğuldur. Fəaliyyətə başladığım qısa müddətdə arı ailələrinin sayını 90-a çatdırmışam. Əvvəllər bu sahənin inkişaf etdirilməsi üçün lazım olan bəzi avadanlıqları çətinliklə və baha qiymətə başqa yerlərdən alırdıq. Artıq bu məsələ də öz həllini tapıb. Lazım olan hər bir avadanlığı muxtar respublikanın ticarət obyektlərindən əldə etmək olar. Rayonumuzun təbii iqlim şəraiti arıçılıq üçün çox əlverişlidir. Odur ki, rayonda bu sahəyə maraq ildən-ilə artır. Bildiyiniz kimi, muxtar respublikanın bir sıra yaşayış məntəqələrindən də yay mövsümündə arı ailələri Şahbuz rayonunun ərazisinə köçürülür. İqtisadi cəhətdən yüksək səmərəliliyi ilə seçilən arıçılığın inkişafına dövlət qayğısı hamımızı sevindirir. Artıq istehsal etdiyimiz məhsulların satış problemi də yoxdur. Muxtar respublikada keçirilən festivallar bu məsələnin həllində mühüm rol oynayır. “Arıçılıq məhsulları – bal festivalı” həm məhsullarımızın tanınmasında, həm də satılmasında arıçılara böyük köməkdir.
Valeh Orucov – Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, 2-ci dərəcəli “Əmək” ordenli ailə təsərrüfatı başçısı: – Bir neçə ildir ki, heyvandarlıq və taxılçılıqla məşğulam. 10 nəfərin çalışdığı təsərrüfatda 260 baş xırdabuynuzlu heyvan saxlayırıq. Heyvanların qüvvəli yemlə təchizi üçün həm də taxıl əkirik. Ötən ilin payızında əkdiyim 10 hektar taxıl sahəsinin məhsulunu artıq tədarük etmişəm.
Muxtar Məmmədov: – Görülən tədbirlər, şübhəsiz, ailə təsərrüfatlarının iqtisadi əhəmiyyətinin başa düşülməsi, istehsal olunmuş məhsulların geniş rəqabət arenasına çıxarılaraq müvəffəqiyyət qazanması üçündür.
Mircavid Tağızadə: – Qeyd etmək yerinə düşər ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2017-ci ildə 9 ailə təsərrüfatına 195 min 700 manat, 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox, 2019-cu ilin ötən dövründə 15 ailə təsərrüfatına 156 min 800 manat dövlət maliyyə dəstəyi göstərilib. Məqsəd təsərrüfatları sahibkarlıq subyektlərinə çevirməklə özəl sektorun əhatəsini genişləndirməkdir.
2017-2018-ci illərdə Naxçıvan şəhərində “Ailə təsərrüfatları məhsulları” festivalı təşkil edilib. Bu festivallar ailə təsərrüfatı istehsalı olan məhsulların tanıdılması və satışı üçün çox əhəmiyyətlidir. 2018-ci ildə keçirilən festivalda 319 ailə təsərrüfatı tərəfindən istehsal olunan 418 növdə məhsul qeydə alınıb.
Xaliq Abbasov: – Təkcə 2018-ci ildə keçirilən festivalda 30 min manatdan çox ailə təsərrüfatı məhsullarının satışına köməklik göstərilib. Topdansatış fəaliyyəti ilə məşğul olan şirkətlər, iaşə obyektləri, digər sahibkarlıq subyektləri, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və Naxçıvan Biznes Mərkəzi tərəfindən məhsulların alışı həyata keçirilib. Əlavə olaraq əhali tərəfindən 92 min manatdan çox məhsul alınıb.
Mircavid Tağızadə: – Muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində xüsusi olaraq ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması tapşırığı verilib. Hazırda marketlərdə bu guşələr fəaliyyət göstərir və ailə təsərrüfatlarının məhsulları satılır.
Allahverdi Allahverdiyev: – İstehsal olunmuş məhsulların qablaşdırılması, dizaynına xüsusi diqqət yetirilməsi həmin məhsulların satışında böyük əhəmiyyət daşıyır və bunu “Ailə təsərrüfatları məhsulları” festivalı bir daha təsdiq etdi. Odur ki, bu xidmətlərin göstərilməsi təsərrüfatlar, həm də alıcılar tərəfindən yüksək dəyərləndirildi. Qablaşdırılmış məhsulun üzərində istehlakçının ünvanının qeyd olunması istehsalçı-­istehlakçı əlaqələrinin daimi olmasına imkan verib və mən bunu öz təsərrüfatımın timsalında görürəm.
Mircavid Tağızadə: – O da xüsusi qeyd olunmalıdır ki, bu gün Naxçıvan şəhəri ilə yanaşı, Bakı və Gəncə şəhərlərində Naxçıvan məhsullarının satıldığı mağazalar fəaliyyət göstərir. Həmin mağazalar tərəfindən ailə təsərrüfatı məhsullarının satışı həyata ­keçirilməkdədir.
“İstehlak Mallarının Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini məqsədilə ailə təsərrüfatları məhsullarının 2017-ci ildə 505 halda, 2018-ci ildə 687 halda, 2019-cu ilin 6 ayı ərzində 265 halda orta nümunələr seçilərək ekspertizası və laboratoriya təhlilləri aparılıb. Təsərrüfatlar sınaq protokolları ilə təmin edilib. Mərkəz tərəfindən aparılan analizlər üçün ailə təsərrüfatlarından heç bir rüsum alınmır.
Təsərrüfatlarda məhsulların keyfiyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirici istiqamətdə işlər aparılır və müvafiq metodik köməklik göstərilir. Cari ilin ötən dövrü ərzində muxtar respublikanın şəhər və rayonlarında 124 ailə təsərrüfatının iştirakı ilə görüş keçirilib, onların fəaliyyətinin genişləndirilməsi, yeni növdə və çeşiddə məhsul istehsalının artırılması istiqamətində söhbət aparılıb. Həmçinin ­Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən istifadə qaydaları, prioritet layihələr haqqında onlara geniş məlumatlar verilib. Müraciət etmiş ailə təsərrüfatlarında monitorinqlər aparılıb, 91 ailə təsərrüfatı 1462 manat dəyərində 6 min ədəddən çox müxtəlifölçülü taralarla təmin edilib.
2019-cu ilin 6 ayı ərzində müxtəlif çeşiddə meyvə araqlarının və meyvə qurusunun qablaşdırılması, ətlik istiqamətində heyvandarlıq, arıçılıq təsərrüfatlarının yaradılması və limon istixanası, meyvə-tərəvəz məhsullarının, yabanı bitkilərin tədarükü və qablaşdırılması üzrə fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən 15 ailə təsərrüfatına, ümumilikdə, 156 min 800 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Muxtar Məmmədov: – Cari ilin may ayında Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq edilməsi ilə əlaqədar rayon mərkəzində muxtar respublikanın rayon və kəndlərindən 167 qabaqcıl ailə təsərrüfatının iştirakı ilə tədbir keçirilib. Tədbirdə daxili bazarın yerli keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində xüsusi payı olan təsərrüfatların inkişafı məqsədilə dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, ailə təsərrüfatlarının yaradılması, ailə biznesinin genişlənməsi, onların kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilib...
Mircavid Tağızadə: – Yeri gəlmişkən, bu il aprelin 26-da muxtar respublikanın bütün rayonlarını əhatə etməklə araq istehsal edən ailə təsərrüfatları “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətində texnoloji prosesin müxtəlif mərhələləri və mini aktiv kömür filtri qurğusu ilə tanış edilib, keyfiyyətli məhsul istehsalı ilə bağlı maarifləndirmə xarakterli tədbir təşkil olunub.
“Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda muxtar respublikanın müxtəlif bölgələrində heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyət göstərən 60-a yaxın ailə təsərrüfatı və sahibkarlıq subyektlərinin iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar, iqlim dəyişikliyinə məruz qalan təsərrüfatlara qanunvericilikdə nəzərdə tutulan güzəştlər haqqında təlimin keçirilməsi təmin olunub.
Xaliq Abbasov: – Artıq bildiyimiz kimi, bütün bu və digər əhəmiyyətli cəhətlərinə görə 2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunub və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən işlər davam etdirilir. Şübhəsiz, bu, ailə təsərrüfatlarının inkişafına öncəki illərdə də göstərilən diqqət və qayğının davamı kimi hər kəsdən fəallıq göstərməyi, üzərinə düşən vəzifəni yerinə yetirməyi tələb edir.
Muxtar Məmmədov: – Qarşıdakı dövrdə hansı tədbirlərin reallaşacağı gözlənilir?
Mircavid Tağızadə: – Cari ildə təsərrüfatların sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması, dövlət maliyyə dəstəyinin göstərilməsi, nümunəvi təsərrüfatların nailiyyətlərinin təbliğ olunması, meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkili, muxtar respublika ərazisində yetişən yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması, orta dağlıq ərazilərdə yer fıstığı bitkisinin əkilməsinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə maarifləndirici tədbirlərin keçirilməsi məsələləri diqqət mərkəzində olacaq. Həmçinin ailə təsərrüfatlarında qızıl­gül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün qızılgül bitkisinin əkin sahəsinin, Naxçıvan qovurması istehsalının genişləndirilməsi, yabanı tərəvəz və dərman bitkilərinin toplanması, emalı, qurudulması, paketlənməsi, südçülüklə məşğul olan ailə təsərrüfatlarında xama, qaymaq, şor, qurut, motal pendir və digər ənənəvi süd məhsullarının istehsalının təbliğ olunması istiqamətində işlər həyata keçirilib və bu istiqamətdə tədbirlərin davam etdirilməsi qarşımızda duran vəzifələrdəndir. Payız aylarında növbəti “Ailə təsərrüfatları məhsulları” festivalının təşkili də planlaşdırılır.
Muxtar Məmmədov: – Dəvətimizi qəbul edib redaksiyaya gəldiyiniz üçün minnətdarlığımızı bildirir və gələcəkdə də belə görüşlərdə fəallıq göstərməyinizi arzulayırıq.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR