26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Hər bir xalq fenoloji müşahidələr əsasında təbiətdə baş verən dəyişikliyi izləyir. Qışda başqa yerlərə getmiş köçəri quşların geri qayıtması, yuva qurması, bitkilərin cücərib çiçəklənməsi və bunların az fərqlə hər il eyni vaxtda təkrarlanmasının şahidi oluruq. Məhz bu dəyişikliyə uyğun olaraq təsərrüfat işləri planlaşdırılır.

Xalq təqvimində adları çəkilən dövrlərə aid terminlər bütün yaşayış məskənləri üçün xarakterik olmur. Məsələn, üzümçülüklə bağlı işlədilən “qora bişirən ay” və ya “qora dəyən ay” üzüm əkilməyən dağ kəndlərində xalq təqvimi kimi işlədilmir. Bu kəndlərdə isə çiçək açan ağac və kollar, onların qızarmağa başlaması xalq təqvimində özünəməxsus mərhələlərlə adlandırılır. Əhalinin əsas məşğuliyyətini təşkil edən əkinçilik və maldarlıq da görüləcək işlərin, məhsulun suvarılması, toplanılması da xalq təqvimi bölgüsündə iştirak edir. Bu baxımdan may ayında təsərrüfat sahələrində görülən işlər xalq təqvimində xüsusi yerə malikdir.
Bəzən əhali ata-babadan uzun illərboyu miras qalan təsərrüfat sahələrində dəyişiklik aparır, yeni fəaliyyət növləri tətbiq edilir. Naxçıvan əhalisinin əsas təsərrüfat fəaliyyətinə yeni daxil olan sahələrdən biri də göycə əkinləridir. Bu mənada, Naxçıvanda may ayında xalq təqviminin müəyyən dövrünü göycə dövrü də adlandıra bilərik. Doğrudur, xalq təqvimində indiyədək belə bir dövr adlandırılmayıb, amma son illər muxtar respublikada göycə əkinlərinə geniş yer verilməsi, göycənin təbliği ilə bağlı görülən işlər, ənənəvi göycə festivallarının keçirilməsi, bazar-dükanlarımızda bu nemətin bolluğu may ayında yeni bir dövrün – göycə dövrünün formalaşmasına zəmin yaradıb.
Naxçıvan ərazisi elədir ki, yaxın məsafələrdə yerləşən aran kəndlərinin belə, iqlim təzadı çoxdur. Naxçıvan şəhəri ilə ondan 2-3 kilometr aralıda yerləşən kənd arasında 12-15 gün iqlim fərqi vardır. Bu isə bazarlarımızda mərhələli şəkildə məhsul bolluğu yaradır. Onu da qeyd edək ki, göycə “Naxçıvan brendi”nə çevrilib və bu məhsul muxtar respublikadan kənarda da xüsusi rəğbətlə qarşılanır. May ayının əvvəllərindən bazarda, əsasən, Naxçıvanın “Çuxur” məhəlləsi adlanan hissəsindən gətirilən göycələr satılır. Ümumiyyətlə, Naxçıvanda da Çuxur məhəlləsinin göycəsi adla deyilir. 1960-70-ci illərə qədər Naxçıvan bağlarında göycə, demək olar ki, yox idi. Sadəcə, nisbətən şirin, bir qədər sulu alçalara göycə deyərdik. Əvvəllər göycə ağacları ən çox Babək qəsəbəsi ətrafında əkilsə də, indi hər yerdə bu meyvə tingləri əkilib-becərilir.
Beçə dövrü – arıçılıqda may ayı “beçə ayı”, “beçə dövrü”, “pətək ayı” kimi də adlanır. Naxçıvanın aran və orta dağlıqda yerləşən yaşayış məntəqələrində may ayından başlayaraq çiçəklər yetişib şirələnməyə, arılar artıq çiçək tozundan (güləm) çox şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyirlər ki, may ayında arılar alaqaranlıqdan hava istinənə qədər güləm, hava istindikdən sonra isə şirə gətirir. Müşahidələr göstərir ki, bir çox çiçəklər Günəş çıxandan sonra yumulur, bir də axşamçağı açılır. Lalə və başqa çiçəklər səhərüzü açılır, Günəş çıxandan sonra ləçəklərini tökür. Görünür, arı da işini təbiətə uyğun qurur. Şirə gəlməyə başlayandan arı yeni pətək toxumağa başlayır. Çünki dibdəki pətəklərdən anbar kimi istifadə edir, topladığı ruzi pətəkləri doldurduğu üçün bala (qurd) qoymaq məqsədilə yeni pətəklərə ehtiyac olur. Məlumat üçün deyək ki, arı pətək toxumağa başlamamış “beçə” verməz. Ona görə də bəzən arıçılar deyir ki, bu il beçə ili deyil. Hər ailədə bir ədəd olan ana arı pətəyin gözcüklərinə bala (qurd) qoyur. Bu qurdların içərisində iri gözcüklərdən erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə göz olur ki, bunlardan da ana arılar çıxır. Təcrübəli arıçılar qoyulan ana gözlərə baxanda bəzən deyirlər ki, “arı ana dəyişir”, yəni ailədə olan ana arı ya qocalıb, ya da hansısa səbəbdənsə, az məhsuldardır. Ona görə də yeni ana arı çıxanda köhnə arını öldürürlər. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən çıxır ki, buna “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanını öldürürlər. Yeşikdən çıxan beçə yaxınlıqdakı ağac, kolun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub yeşiyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən elə olur ki, beçə yaxınlıqda olan, hətta kənarda digər arıçıların qoyduğu boş yeşiyə girib məskən salır. Arı ailəsindən beçənin çıxması arı ailəsini zəiflədir. Vaxtilə arılar səbətdə saxlanılmadığı üçün arı ailəsinə nəzarət etmək olmurdu. İndi isə arı ailəsi yeşiklərdə olduğu üçün nəzarət asandır. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsini nəzarətdə saxlayır, qoyulan ana gözləri doğrayıb tökürlər. Bu cür xidmət çox zəhmət tələb edir.
Bəzən arı ailəsində olan ana gözlər fərqli böyüdüyünə görə, bir və ya bir neçə gün ərzində eyni ailədən bir neçə kiçik dəstələrlə beçə ayrılır. Belə dəstələrə arıçılar “milçək” də deyirlər. Beçə tutulub ayrı yeşiyə yerləşdirilir. Yeşiyə bir neçə ramka və mümkünsə, bir ədəd bal olan ramka qoyulur. Ballı ramka olmadıqda beçəyə bir neçə gün şirə (şərbət) verilir ki, özünü toplasın. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsinin zəif düşməsini istəmədikdə beçə dəstəsini ağ parçanın üstünə çırpır, ana arıları seçib öldürürlər. Bu zaman beçədə olan arılar ayrılıb çıxdığı ailəyə qayıdır.Yağıntılı illərdə gül-çiçək çox olduğu üçün arı üç dəfə beçə verə bilir. Onlar sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır. Yalnız arı ailəsinin sayını artırmaq istəyən arıçı bir neçə dəfə beçə çıxarmasını arzulayır.
May ayının əvvəllərindən üzüm bağlarındakı tənəklərin diblərini belləməyə başlayırlar. Bu zaman həm də üzüm tənəklərinin yarpaqlarının yığılma vaxtıdır. Bağdan yalnız öz ehtiyacı üçün yarpaq toplayan ailələr belləməni bir qədər ləngidir ki, sonradan bağ yarpaq dərərkən ayaqlanmasın. Yarpağı satış məqsədi üçün toplayan ailələr yarpaqlar qalınlaşana, uc yarpaqlar isə inkişafdan düşənə qədər onları toplayırlar. Təbii ki, üzüm yarpağından bişirilən dolma əvəzsizdir. Ona görə də yarpaqlar təzə halda yeyildiyi kimi, şorabaya qoyulur, quru halda duzlanır, soyuducunun dondurmasına qoyulub qışa saxlanılır.
May ayının 15-dən sonra qızılgüllər açılmağa başlayır. Naxçıvan bağlarında qızılgül daim yetişdirilib. Qızılgüldən alınan gülab, gül mürəbbəsi, gülqənd, gülməşəkər hər bir ailədə hazırlanıb qış azuqəsinə çevrilmişdir. Bu gün qızılgülün satışından gəlir götürən yaxşı ailə təsərrüfatları formalaşıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında ailə təsərrüfatlarında ­qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün bu bitkinin əkin sahəsinin genişləndirilməsi də nəzərdə tutulub. Bu şəraitdən yararlanan ailə təsərrüfatları sahibləri qızılgül istehsalına geniş yer verməklə daha çox gəlir götürmək imkanına malikdirlər. Qızılgül əkinlərinə geniş yer verilməsi həm də xalqımıza məxsus olan qədim əkinçilik ənənələrinin yaşadılması deməkdir.
May ayında dağlarımızda bitən və qış şorabasının əsasını təşkil edən, daim yüksək qiymətləndirilən bolu, çaşır, baldırğan, sobu, çöl kəvəri, cacıq özəyi toplanır. Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları olan qədim Naxçıvan torpağı may ayında bar-bəhrələrini üzə çıxarır. Naxçıvan nemətlərinin əksəriyyətini qurudub qış fəslinə saxlayaraq onun satışını təşkil edənlər isə daha çox fayda görür.

Zaleh NOVRUZOV