19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə doktorant və magistrantların I Regional elmi konfransı keçirilib.
Tədbiri institutun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, bütün dünyada elm və təhsilin sürətlə inkişaf etdiyi ­hazırkı dövrdə ölkəmizdə bu sahələrdə geniş islahatlar həyata keçirilməkdədir. Respublikamızda ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, yeni inkişaf mərhələsində ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, onlarda rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması və digər prioritet vəzifələrin uğurla reallaşdırılması üçün görülən işlər sırasında müxtəlif elmi tədbirlərin keçirilməsi mühüm yer tutmaqdadır. Bu gün reallaşdırılan hər bir tədbirin nəticəyönümlü olması, onun məzmun və forma yeniliyi xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyası yaradılıb. Burada əsas məqsəd təkcə startapla bağlı deyil, bütövlükdə, tələbə və müəllimlərin innovativ təklif, işləmə, layihə və elmi-tədqiqat nəticələrinin dəyərləndirilməsi, qeydə alınması və operativ tətbiqə yönəldilməsi istiqamətindəki fəaliyyətlərini koordinasiya etməkdən ibarətdir. İnnovasiya laboratoriyası Naxçıvan Müəllimlər İnstitutunda təhsil-tədqiqat-innovasiya formatında fəaliyyətin koordinasiyası, bütövlükdə, muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil və elm müəssisələrində gənc tədqiqatçıların, doktorant və magistrantların elmi-tədqiqat fəaliyyəti nəticələrinin müzakirələrinin təşkili və onların təqdim edilməsi sahəsində əməli işlərin görülməsini hədəfləyir. Müasir ali təhsil sistemində aparıcı istiqamət sayılan təhsil-tədqiqat-innovasiya formatı üzrə muxtar respublikada hər il elmi konfrans və digər elmi-təşkilati tədbirlərin keçirilməsi ənənəsini qoyur.

Rektor cari tədris ilinin ikinci semestrində bu istiqamətdə görülən işlərdən də danışıb.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun İnnovasiya laboratoriyası (İnnoLab) üzrə məsul şəxsi Ali riyaziyyat və informatika kafedrasının baş müəllimi Səminə Rüstəmovanın, AMEA Naxçıvan Bölməsinin doktorantı Səkinə Vəliyevanın, Naxçıvan Müəllimlər İnstitutunun doktorantı Aygün Əsgərovanın, Naxçıvan Dövlət Universitetinin magistrantı Təbəssüm Hacıyevanın, Naxçıvan Müəllimlər İnstitutunun magistrantı Nigar Səfərovanın çıxışları dinlənilib.
Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyətinin XIX konfransında təqdim etdikləri məruzələrinə görə yer tutan tələbələr mükafatlandırılıb.
Konfrans bölmə iclasları ilə işini davam etdirib.
Yekun iclasda bölmə rəhbərlərinin hesabatları dinlənilib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR