17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

(Esse)

Bu günü lap çoxdan gözləyirdim. Kiçik çillə çıxıb, Boz ay girəndən, ardınca su, torpaq, yel çərşənbələri bir-birlərini əvəzləyib yerlərini oda verəndən, odun istisi ilə təbiətə bir hərarət hopandan, Novruzu – yeni günü, yeni həyatı qarşılayandan, ilk bahar yaşıl xalısını çəmənlərə, düzlərə sərəndən, yurdumuzda nazlı baharın ahəstə addımlarını, ətirli nəfəsini duyandan bir gün təbiətin bu gözəl çağı ilə üz-üzə dayanıb “söhbətləşmək” istəyirdim. Lakin bir qədər gözləyirdim ki, yaz çiçəkləri açsın, ağaclar yaşıl donunu geyinsin, bahar öz gözəlliyindən ətrafa yetərincə pay versin.

 Budur, artıq baharın hər gün bir yeniliyi ilə qarşılaşırıq. Cəmi bircə ayın içərisində gəl, baharın gətirdiyi gözəlliklərə bax. Dünən ağacların budaqlarındakı düymələr bir qədər sonra ağappaq çiçəklərə çevriləndə elimizin bu “utancaq gözəli” hüsnünü ağ kəlağayısı ilə gizlətmişdi. Bir az sonra isə ağ örpəyini yaşılla əvəzləşdirib yaşmağını da aldı. Di gəl, gör onun üzünü. Qışda bir yandan baxıb kilometrlərlə uzaqları gördüyün halda, gəl bu yarpaqların arasından bir metr uzağı gör görək… 

Torpağın bağrını yarıb yaşılını ellərə, çöllərə, düzlərə sərən çəmən necə də füsunkardır. Lap yaxında çəmənin yaşılı çox açıqdır, göz uzandıqca tünd­ləşir, Günəşin zərrin şüaları altında parıldayır, dağların sinəsinə çatanda isə sanki buludlardan kölgə alıb qaraya çalır rəngi. Bu yaşıl çəmənə qısqanclıqdan Günəşin hərarətini hiss edər-etməz boy verən, azacıq yaz küləklərinə tab gətirə bilməyib yerindəcə bahar nəğməsi ilə rəqs edən incə ağ, sarı, qırmızı, mavi çiçəklərə bax. Artıq bu yaşılın üzərinə qıpqırmızı lalə örpəyini də sərib, nərgizlər buradan Günəşə boylanıb. Yolçunu yoldan edən, tamaşasına elləri çağıran çiçəklər… Ah, nə gözəl yurdumuz var. Bu dağlara, dərələrə, düzlərə örtük olan çəmənlərin içərisi tək güllərin-çiçəklərin məskəni deyil, həm də bol-bol nemətlərimizin məskənidir. O nemətlər ki yazın əvvəllərindən göyün gurlamasını, şimşəyin çaxmasını gözləyir. Bu anda babalarımızın da dediyi kimi, artıq yeməli olan onlarla bitkinin yığım mövsümü başlayır. Ta payızın sonlarında qar yerə düşənədək bir-­birinin ardınca bu yerin insanlarının ruzisinə çevrilirlər. Saymaqla bitərmi onların adı? Hansını deyim, arxların, kanalların kənarında erkən yazda torpağı çırtıb ətrini ətrafa yayan yarpızımı, bulaqların gözündən axan suyun Günəşin hərarətindən azacıq isinməklə ətraflarda gizlənən bulaqotuna yeni həyat verməsinimi? Toxumunu sanki Tanrının yurdumuza səpdiyi, yığmaqla bitməyən qazayağı, mərövcə, cıbırıq, yemliyimi? Yoxsa yurdumuza baharın gəlişinə baxmayaraq, dağların kölgəliklərində hələ də əriyib, istiyə təslim olmayan qarın altında bahar ömrünü yaşayan cacığı, çirişimi? Bu yerin dağının-daşının dilini bilən insanlarının qarı əlləri ilə kənarlaşdırıb cacığı, çirişi yığarkən bunun onlara hansı zövqü yaşatmasınımı? Hansından danışım? Çobanyastığının çəmənlərin içərisində nazındanmı, dağ nanəsinin, kəklikotunun tək bir yarpağını dərməklə ətrafa yayılan doyumsuz ətrindənmi? İnsan bilmir bu gözəl yurdun gözəlliklərinin hansından danışsın. Burda bahar bitmir ki... O sanki özündən əvvəl qışdan, özündən sonra isə payızdan bir ay da alıb “Tamaşama gəlin, gözəlliyimə, ruzimə-bərəkətimə baxın”, – deyir.
Bahar gələndə ellər yurdumuzun tamaşasına gəlir. Hələ Naxçıvanın baharının sorağına xarici dövlətlərdən də çoxsaylı turistlər gəlir: Güllü-çiçəkli dağları, çəmənləri görmək, yazın bol oksigenli havasını ciyərlərinə çəkmək istəyənlər. Təbiətin qoynunda saatlarla vaxt keçirib, istirahət etmək, öz əlləri ilə göbələk, dərman bitkiləri dərmək istəyənlər. Bu zövqü yaşamaq üçün ta uzaqlardan gələnlər…
Bir bahar günündə dağların, çəmənlərin doyumsuz gözəlliyindən ayrılıb şəhərə üz tutduqda buradakı gözəllik də insanı öz sehrinə salır. İllər öncədən quruculuqla birgə boy atan yaşıllıqlar, gülkarlıqlar, dünənin fidanları, bu günün bir-birinə qol-boyun, bir-biri ilə çiyin-çiyinə dayanan, bir-birinə arxa, dayaq olan ağacları. Baxdıqca xəyal insanı xeyli əvvələ – blokadanın ilk illərinə aparır. Çarəsizlikdən öz əllərimizlə yurdumuza gəlməsinə sipər çəkdiyimiz neçə baharlara aparır. Elektrik enerjisinin, təbii qazın yoxluğundan həyətlərimizdəki, meşələrdəki, yol kənarlarındakı ağacları kəsib qışın soyuğunu dəf etdiyimiz illərə. İstəməyərək qarşıladığımız və zorla yola saldığımız bu qış, sanki baharı da gətirmirdi. Yurdumuzun bənzərsiz gözəlliyinə bir yamaq idi “təbiət qəbiristanlıqları”. Biz bu “qəbiristanlıqlarda” baharsız baharı yaşayırdıq. Minlərlə ağacları itirdiyimizdən baharın gözəlliyini duya bilmədiyimiz kimi, adı dillər əzbəri çeşid-çeşid meyvələrimiz də yoxa çıxmışdı. Bazarların piştaxtaları meyvəyə həsrət qalmışdı…
Budur, nəinki həyətlərimizdə, bu gün yaşayış binalarının qarşısında, inzibati binaların ətrafında, yol kənarlarında iməciliklər yolu ilə əkilən və hər biri bar üstündə olan meyvə ağaclarının yenicə çiçəkdən çıxmış və budaqlarındakı saysız meyvə rüşeymləri məni xəyallardan ayırır, o illərdən bu illərə qaytarır. Bazarlarımızın, satış yarmarkalarının bol meyvəli piştaxtaları, könlün istəyən an istənilən yerdə əllərinlə dərə biləcəyin meyvələr, tikilənlərə, qurulub-yaradılanlara bir başqa füsun qatan göz uzandıqca sıralanan bəzək ağacları, rəngarəng güllər-çiçəklər o illərlə bu illərin müqayisəli görüntüsünü canlandırır gözlər önündə. O illərin insanları ilə bu illərin insanları da çox fərqlidirlər. Hər kəsdə yüksək əhval-ruhiyyə, üzlərdə təbəssüm var. O illərin əlləri qoyunlarında qalan insanları sanki illərdir, baharla yenilikçiliyi, yaradıcılığı bölürlər. Torpaqlarının əsl sahibinə çevrilən zəhmətkeş adamlar həm də qurur, yaradır, həyatımızın bütün sahələrində fəallıq göstərirlər. Yazın ilk günlərindən torpağa tər verib ondan zər alır, dolanışıqlarını qurur, bazarlarımızı min bir nemətlə təmin edirlər.
Budur, bir bahar günündə bahar təravətli gənclərimiz görünür küçələrdə. Dəstə-dəstə universitetlərə yollanırlar, rəfiqələri, dost, yoldaşları ilə şəhərimizdəki saysız parklarda gəzişirlər, əllərində kitablar kitabxanalardan çıxırlar, ənənəvi festivallarımızda fləşmob nümayiş etdirirlər. Bir qədər aralıda babalar-nənələr… Körpə fidanlarımızın əllərindən tutub məktəbə, bağçaya aparır, nəvələrini yaraşıqlı, təmiz, yaşıllıqlar içərisində olan parklarda gəzdirirlər.
Bir bahar günü… Gördüyüm bütün bu mənzərələr sanki “dil açıb danışır”, deyir ki, hələ ömrünüzə neçə-neçə belə baharlar gələcək, sizi bundan da xoş günlərə aparacaq. Bax bu nənə-babalar olanlardan, keçənlərdən çox danışacaqlar nəvələrinə: o illərdən, bu illərdən… Dünənki baharlardan, bugünkü baharlardan… İnsan zəkasının, əməyinin gücü ilə diyarımızın hər yerində qışda da yaşanan bahar təravətli yeni günlərdən, növraqlardan söhbət açacaqlar. Bu baharsa yenicə qədəmlərini qoyub ana təbiətimizə. Özünə gündə bir sığal verən bu “ellər qızının” qarşıda hələ nə gözəlliklərini görəcəksiniz...
P. S. Təbiətin bu gözəli ilə “söhbətimi” təzəcə tamamlayırdım ki, baharın yerini aldığı qışın qısqanclığındanmı, ya da yaza sevdasındanmı, füsunkar çılğınlığının da şahidi oldum. Bir anın içərisində göyün gurlaması, şimşək çaxması ilə yağan güclü yağış yerini dağlıq rayonlarımızda qara verdi. Laləli, güllü çəmənlərin, çiçəkli ağacların üzərinə qar bəyaz örpəyini saldı. Sanki gözəllik üstünə yeni bir gözəllik əlavə olundu. Məncə, bu, yerini zamanın bahara verdiyi qışın qısqanclığı deyil, biz insanlar kimi qışın da bahara vurğunluğundandır. Bu vurğunluq təbiətin bir parçası olan insanların bu gözəlliyi yaşaması, bir də ki, baharın barı-bərəkəti olan qarın torpağa can verməsi üçündürsə, qoy elə həmişə qış bahara sevdalı olsun... Onsuz da yaz qarının gözəllikdən başqa heç bir zərəri yoxdur. Çünki baharın isti nəfəsi təbiəti belə gözlənilməz sevdalardan qorumağa yetərlidir...

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4454819
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11438
19453
66342
118860
4454819

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter