22 Mart 2019, Cümə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Torpaq çərşənbəsi etnik yaddaşımızda

Yazın gəlməsi, havaların istiləşməsi, “Boz ay” adlanan zaman kəsimində hər çərşənbə ərəfəsində dünyanın yaranmasında iştirak edən ünsürlərin – suyun, torpağın, yelin, odun oyanması qədim türklərə böyük sevinc bəxş etmiş, bu münasibətlə müxtəlif mərasimlərin icrası mütləq hala çevrilmişdir. Bu dörd ünsürün həyatverici funksiyası qədim türk ənənəsində bayram, ritual şəklində böyük sevinclə qeyd olunur. Bu bayram Türk dünyasının müxtəlif yerlərində fərqli tərzdə qarşılanır. Azərbaycan türklərində isə yazın gəlişi qədim türk tayfalarının əsatiri görüşlərindən qaynaqlanan ayin və mərasimlərlə bəzənərək qarşılanmaqdadır.

Qədim türk məskəni olan Naxçıvan milliliyin qorunduğu, mənəvi dəyərlərin ən çox yaranıb inkişaf etdiyi məkandır. Yaz bayramının böyük sevinclə qarşılanması muxtar respublikamızda bu münasibətlə icra olunan müxtəlif ayin və mərasimlərin, folklor örnəklərinin tərkibində özünü nümayiş etdirməkdədir.

Məlum olduğu kimi, yazın gəlişindən öncə qeyd olunan ikinci çərşənbədə – Torpaq çərşənbəsində Naxçıvanda icra olunan müxtəlif ayin və mərasimlər torpaq kultuna inamı əks etdirməsi ilə diqqət çəkir. Bu çərşənbəni el arasında “çilləbeçə çərşənbəsi” də adlandırırlar. Torpağı əkib-becərmək, ona qulluq etmək üçün bu çərşənbədə fəallıq daha da artır. Hər kəs torpağa bağlılığını nümayiş etdirərək həyət-­bacasında əkin işlərini sürətləndirir. Naxçıvanda bu münasibətlə xalq arasında belə bir deyim formalaşmışdır ki, torpaq ona olan qulluğun, hörmətin qarşılığını insana mütləq verəcəkdir. Bu deyim elə qədim türk mifizminin daşıyıcısı olan Naxçıvan mühitinin mifoloji dünyasında torpaq əyəsinin varlığını, onun bir zamanlar kult səviyyəsində olmasını təsdiqləyir. İnsanlar torpağa qulluq etməklə özlərinin maddi təminatını da müəyyən qədər ödəmiş olduqlarını düşünüblər. Həm də torpağa bağlılıqlarını, əməyə, zəhmətə olan sevgilərini folklor nümunələri şəklində yaradıb gələcək nəsillərə ötürüblər:

Qarışqadan ibrət al,
Qış ikən yazı düşün.

Naxçıvanda Torpaq çərşənbəsində icra olunan ayinlərdən biri ağacqorxutma adətidir. Ev əhlinin ən yaşlı nümayəndəsi əlində balta bağa gələr, hər ağacın dibinə üç dəfə balta ilə vurar. Belə bir inam vardır ki, bu ayin vasitəsilə ağaclar “qorxaraq” növbəti ilə yaxşı bar verəcəklər. Naxçıvanda bu ayini, əsasən, bar verməyən ağac üçün tətbiq edərlər. Əlində balta barsız ağaca yaxınlaşan insan baltanı ağacın dibinə yaxınlaşdıraraq deyir ki, əgər gələn il bar verməsən, səni kəsəcəyəm. Başqa biri isə baltanı əlindən alaraq onu dayandırmağa çalışır və deyir ki, dəymə, kəsmə, mən zamin, gələn il bar verəcək. Bu ayinin kökündə yenilənmə dayanır. Bar verməyən, lakin sağlam olan ağaclar da qorxudulur. Qorxutmaqda məqsəd təkcə ağacdan bar almaq deyil. Qədim türklərdə barsızlığın uğursuzluq gətirəcəyinə inanılardı. Bu çatışmazlıqdan qurtarmaq üçün insanlar ağacları qorxutmaqla onların qüsurunu aradan qaldırmaq istəyirdilər. Haqqında söhbət açdığımız ayin qədim türklərin adət-ənənələri ilə bağlı olub, kökündə etnosun təbiəti yeni ruhda qarşılamaq düşüncəsi dayanır.
Naxçıvanda xalq yaddaşında belə bir inam dolaşmaqdadır ki, bir qarış yer var, onun da əyəsi var. Hər nəsnənin əyəsi olduğu kimi, torpağın da əyəsi var. Torpağa qulluqdan öncə gərək onun əyəsinə salam verəsən. Əgər salam verməsən, torpaq əyəsi səni cavabsız qoyar, yaxşı məhsul verməz. Bu inanclar torpağa tapın­manın izlərini özündə qoruyub saxlamaqla kosmoqonik görüşləri ifadə edir. Bu baxımdan xalq arasında torpaqla, yerlə bağlı olan “Yerin yeddi qatından keçmək” ifadəsi də dolaşmaqdadır.
Naxçıvanda xalq yaddaşında yaşayan inanclar sistemində diqqəti cəlb edən nümunələrdən biri də budur ki, elə ilk çərşənbədən başlayaraq bütün çərşənbələrdə evə diləyə gələn qonşuya evdən ələk, maya, şam, kibrit verilməz. Belə bir inam mövcuddur ki, bu əşyalar verilərsə, həmin evdən ilboyu ruzi, xeyir-bərəkət qaçaq düşər. Bunları vermək zərurəti yaranarsa, diləyə gələn qadının başından örpəyi götürülür, əvəzinə istədiyi verilir. Bu ayin Torpaq çərşənbəsində də icra olunur.
Torpaqla bağlı Naxçıvanda müxtəlif xalq yaradıcılığı nümunələri yaddaşlarda yaşamaqdadır ki, bunlardan sözün magik qüvvəsinə inamı xarakterizə edən alqış və qarğışlar olduqca fəaldır:

Torpağın bərəkətli olsun.
Torpağı sanı yaşıyasan!
Torpaq kimi bar-bəhrəli olasan!
Torpağından təzə-təzə nübarlar dadasan!
Torpağın rahat olsun!
Torpağı xəbər aparmasın (dünyadan köçən biri ­haqqında danışarkən istifadə olunur)!
Torpaq kimi üzün qara olsun!
Gözünü torpaq tutsun!
Torpağını torbalarda daşısınlar!
Torpağın göyə sovrulsun!

Bu nümunələrdən göründüyü kimi, torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, onun xilasına xidmət edən kult kimi də düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verər, həm də onu haqq dünyasında ağuşuna alar. Hər mənada torpaq insana hamidir.
Qədim diyarımızın müxtəlif bölgələrində xalq arasında torpağın müqəddəsliyini ifadə edən atalar sözü və məsəllər də yetərincədir:

Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
Torpağa var versən, o da sənə bar verər.
Sular hərəkətlidir, torpaq bərəkətli.
Torpağı ovuclayan qızıl ovuclar.
Torpağın üzü soyuq olar.
Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
Torpaqla oynayan ac qalmaz.
Torpaqdan pay olmaz.

Bütün bu nümunələrə əsasən söyləmək mümkündür ki, torpağın oyanmasını özündə ehtiva edən Torpaq çərşənbəsində icra olunan ayin və mərasimlər ulu əcdadın erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir.
Xalqın yaxşıya, xeyrə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, torpağınız barı-bəhrəsi ilə sizi sevindirsin! Torpaq çərşənbəniz mübarək olsun!

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3785053
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
296
1300
7603
49370
3785053

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter