26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Aqillər deyirlər ki, insan ömrü kitab kimidir, dünyaya göz açdığı andan səhifələri yazılmağa başlayır. O vərəqlərdə sevinc də var, kədər də, yaxşılıq da əks olunur, pislik də. Bütün əsərlər kimi, insan ömrü də mərhələli şəkildə davam edərək gec-tez sona çatır. Ancaq bir həqiqət odur ki, hər əsər uzun davam edə bilmədiyi kimi, hər kəsə də uzun ömür sürmək nəsib olmur. Unutmaq olmaz ki, həyat bir sınaqdır. Bu sınaq insan övladından həm mənəvi, həm də fiziki güc tələb edir. Məhz bu güc sayəsində yaşadığın hər gün nəyə isə nail olmaq naminə çalışır, əlləşib-vuruşursan. 

Bir vaxt gözünü açanda artıq ömrün­­-günün çoxunun getdiyi məlum olur. Ahıl çağlarında dönüb keçmişə boylananda xatirələr yada düşür. Görürsən ki, Tanrı hədiyyəsi saydığımız ömür payından qazandıqların da az deyil, itirdiklərin də. Elə ömrünün 114-cü ilini yaşayan Gülxanım nənə kimi. Onunla Babək rayonunun Uzun­oba kəndində, yaşadığı evdə tanış oldum. Söhbət əsnasında nənənin ömür kitabını vərəqlədik, olanlardan-keçənlərdən danışdıq.

Bəhs olunan ünvanda məni nənənin qızı Mədinə xanım qonaqpərvərliklə qarşılayır, “xoş gəldin”, – deyib evə dəvət edir. Gülxanım nənəni görcək nurani çöhrəsindəki ilıq bir təbəssüm, üzündəki ötən ömründə yaşadığı sevincin, kədərin izləri gizlənən qırışlar diqqətimi çəkir.
– Salam, Gülxanım nənə, səni görməyə gəlmişəm.
– Əleykəssalam, xoş gəlmisən, ay bala, ayaqların var olsun, buyur, keç əyləş.
– Əhvalınız necədir?
– Ay oğul, əlayam, – desəm, yalan olar, ömrümün, günümün bu çağında tam gümrah, sağlam görünməyim qeyri-mümkündür. Ancaq, şükürlər olsun ki, səhhətimdən elə də ciddi şikayətim yoxdur. Allah cəmi övladları saxlasın, uşaqlar vaxtlı-vaxtında qeydimə qalırlar, dövlətimiz də yaxşı pensiya kəsib, maddi cəhətdən çətinliyim yoxdur.
Gülxanım nənə ilə söhbətimizi süfrə arxasında davam etdiririk. Öyrənirəm ki, 1905-ci il yanvarın 25-də dünyaya göz açan Gülxanım Allahverdiyeva neçə-neçə müharibələr görüb, qanlı-qadalı illərə şahidlik edib. Atası, 125 il ömür sürən Gülmalı kişi dövrünün şairi olub, şeirlərində doğma diyarımızın vəsflərinə geniş yer verib. Gülxanım nənə hələ gənclik çağlarından zəhmətə qatlaşıb, qarşılaşdığı çətinliklərə təkbaşına sinə gərməyi bacarıb. Ağrılı-acılı illər nənənin xarakterini də formalaşdırıb, mənən vüqarlı, fiziki cəhətdən möhkəm, dözümlü olub. İndi o illəri belə xatırlayır:
– Gənclik çağlarımdan işgüzarlığa öyrəşmişəm. Kolxozda üzüm yetişdirmişəm, pambıq, tütün becərmişəm, halal zəhmətimlə çörək qazanmağa çalışmışam. Yaxşı günlərim də, yaman günlərim də az olmayıb. Həyatın ağ üzünü də, qara üzünü də çox görmüşəm. Atalarımızdan belə bir deyim var ki, ağ gün insanı ağardar, qara gün qaraldar. Elə ötən əsrin 90-cı illərində də biz naxçıvanlılar qara günləri çox gördük. Bir tərəfdən mənfur düşmənimiz torpağımıza göz dikdi, neçə-neçə mərd oğullarımız şəhid oldu, digər tərəfdən qazsız, işıqsız günlər keçirdik, yeməyə çörəyimiz, içməyə suyumuz olmadı. Hərdən qıtlıq çəkdiyimiz illər yadıma düşür, övladlarıma belə firavan yaşayışın, gözəl günlərin qədir-qiymətini bilmələrini tövsiyə edirəm.
Öyrənirəm ki, 20 yaşında Ərrəhman Allahverdiyevlə ailə həyatı quran müsahibim indiki yaşadığı Uzunoba kəndinə köçüb. Dövrünün zəhmətkeş insanlarından olan Ərrəhman kişi İkinci Dünya müharibəsində iştirak edib, müharibədən ayağı yaralanaraq qayıdıb. Həmin ağrılı-acılı dövrdə maddi və mənəvi sıxıntılar çəkən Gülxanım nənə böyük zəhmət hesabına qazandığı halal çörəklə övladlarını böyüdüb.
Tarixin müxtəlif dönəmlərində insanlar uzunömürlülüyün sirlərini açmağa çalışsalar da, buna müvəffəq olmayıblar. Elə bu səbəbdəndir ki, keçmişdən günümüzədək xalq arasında uzun ömür yaşamaqla bağlı çox sayda deyimlər, duyumlar gəlib çatıb. Dirilik suyu, həyat ağacı, uzunömürlülük meyvəsi ilə bağlı xalq arasında əfsanələr, əsatirlər, rəvayətlər, nağıllar el-el, oba-oba yayılıb. Lakin Gülxanım nənə üçün uzunömürlülüyün sirri başqadır. O deyir ki, uzun ömür sürməyinin başlıca səbəblərindən biri diyarımızın çox gözəl təbiətə, təmiz havaya, saf suya malik olmasıdır. Hər kəs uzun və sağlam ömür yaşamaq istəyirsə, gündəlik həyatında iki amilə diqqət yetirməlidir: daim hərəkətdə olmalı və sağlam qidalanmalı.
Övladları deyir ki, Gülxanım nənə gün ərzində çaya yox, daha çox su içməyə meyil göstərir. Səhər süfrəsindən bal, yağ, qaymaq, yumurta əskik olmur. Gənc yaşlarından yemək rasionunda dağlarımızda, düzlərimizdə bitən şəfalı bitkilərə geniş yer verən nənə indi də yazın gözü açılan kimi övladlarını həmin otlardan toplamağa göndərir. Nənə kiçik yaşlarından namaz qılıb oruc tutmasını da sağlamlığının cövhəri hesab edir. Bu barədə deyir:
– Əbəs yerə deyilməyib ki, iş insanın cövhəridir, hərəkət harada, bərəkət orada. Yaşımın bu çağında da daim hərəkətdəyəm, bir işin qulpundan yapışmağa çalışıram. Namazın, orucun da vaxtını keçirmirəm. Hər gün dan yeri sökülməmişdən yuxudan ayılır, səhərin təmiz havasından sinəmə çəkirəm. Yeməyimdə də daim təbii qidalara üstünlük verirəm. Düşünürəm ki, belə sağlam və gümrah qalmağımda yediyim yeməklərin də rolu böyükdür. Günümüzdə məktəbyaşlı uşaqların xəstələnməyi ilə bağlı tez-tez eşidirəm. Bizim dövrdə bu yaşda xəstələnmə çox nadir hallarda baş verərdi. Fikrimcə, bu gün yayılan yoluxucu xəstəliklərin səbəbi də elə ən çox süni qidalardır. Övladlarıma da bacardıqca belə qidalardan istifadə etməməyi, bütün ərzaqları özlərinin hazırlamalarını məsləhət görürəm. Yeri gəlmişkən onu da deyim ki, Uca Yaradan mənə 7 övlad, 25 nəvə, 18 nəticə bəxş edib. Çoxunun xeyir işində iştirak etmişəm. Tez-tez məni görməyə gəlirlər. Dövlət işçiləri də mənə tez-tez baş çəkir, qayğılarımla maraqlanırlar. Bütün bunlara görə dövlətimizə minnətdaram.
Həyat, yaşamaq elə gözəl hissdir ki, onu hansısa sözlə tam mənada ifadə etmək mümkün deyil. Ömür kitabının 114-cü səhifəsini yaşayan Gülxanım nənəyə daha firavan günlər arzulayaraq onlardan ayrılıram. Yolboyu düşünürəm ki, Uca Yaradan tərəfindən yazılan ömür kitabı adlandırdığımız tale, qismət və alın yazısıdır. Təbii ki, əsərin nə zaman sona yetəcəyini də elə onu yaradan müəllif gözəl bilər.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792515
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
353
2548
2901
56832
3792515

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter