21 Fevral 2020, Cümə

Azərbaycan Respublikasında yeni sığorta pensiya sisteminin qurulması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırmışdır.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur ki, sosial sığorta fiziki şəxslərin əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, həmçinin itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin qanunvericiliyə uyğun olaraq müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilmişdir.

Muxtar respublika əhalisinin böyük bir hissəsi kəndlərdə yaşayır və torpaqların özəlləşdirilməsi nəticəsində onların əksəriyyəti torpaq mülkiyyətçisi olmuşdur. Kənd əhalisinin pensiya təminatının yaxşılaşdırılması, onların ödədiyi sosial sığorta haqları ilə təyin olunan pensiyaların məbləği arasında birbaşa əlaqə mexanizminin yaradılması, təsərrüfatla məşğul olan kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi sahəsində lazımi işlərin görülməsi daim diqqət mərkəzindədir. Digər sahələrdə işləməyən kənd əhalisinin pensiya təminatı hüququnun yaranması üçün mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsini istifadə edən vətəndaşlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən istifadə etdikləri torpaq sahəsinə görə cari il yanvarın 1-dən etibarən minimum aylıq əməkhaqqının 6 faizi həcmində məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən minimum əməkhaqqının məbləği mart ayının 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılacaqdır. Bununla da, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatının əməkqabiliyyətli, yəni 15 yaşından yaşa görə əmək pensiyası yaşına çatan ailə üzvlərinin hər biri 2019-cu il mart ayının 1-dən başlayaraq minimum aylıq əməkhaqqının 6 faizi, yəni 10 manat 80 qəpik miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən digər sahələrdə işləyib məcburi dövlət sosial sığortahaqqı ödəyənlər və I, II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə görə məcburi dövlət sosial sığortasına cəlb edilmir.
Digər sahələrdə işləməyən torpaq mülkiyyətçisinin məcburi dövlət sosial sığortahaqqı ödədiyi bütün dövrlər onun üçün sığorta stajı sayılır. Sosial sığorta stajı isə gələcəkdə hər bir vətəndaşın pensiya təminatının əsasıdır. Məcburi dövlət sosial sığorta haqları ödənildikdə həmin vətəndaşlar zəruri sığorta stajı toplamaqla gələcəkdə əmək pensiyası təminatı hüququ qazanmış olacaqlar.

Nicat Orucov

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR