20 Fevral 2020, Cümə axşamı

Muxtar respublikada uşaqların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi, sağlamlıqlarının qorunması, təhsil alaraq layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması 2018-ci ildə də diqqət mərkəzində saxlanılmış, bu sahədə ardıcıl tədbirlər görülmüşdür. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 10 uşaq ötən il qəyyumluq və himayəyə, 11 uşaq övladlığa verilmişdir. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanları məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa isə bayram günlərində hədiyyə və sovqatlar verilmiş, 15 sentyabr – Bilik Günü ilə əlaqədar bu kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmış, sağlamlıq imkanları məhdud uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişlər. Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 963, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 22 uşaq təhsil alır. 2018-2019-cu tədris ilində 42 uşaq məktəbəqədər təhsil müəssisələrində, 10 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 9 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitq qüsuru olan 149 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilmişdir.

Cari tədris ilində 68 sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 1 uşaq distant tədrisin birinci sinfinə, 1 uşaq isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə, 56 uşaq şahmat məktəblərinə, 111 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 90 uşaq isə idman məktəblərinə cəlb edilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi məqsədilə il ərzində audio­kitabxana fonduna 63 yeni audiokitab əlavə edilmişdir. Hazırda audiokitabxana fondunda 1386, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 981 kitab mövcuddur.
Sağlamlıq imkanları məhdud uşaqlar peşə təhsilindən də kənarda qalmamışdır. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə peşəyönümlü məşğələlər keçirilmiş, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir. 2018-2019-cu tədris ilinin əvvəlində Naxçıvan Musiqi Kollecinə 3, Naxçıvan Dövlət Texniki Kollecinə 5, Naxçıvan Tibb Kollecinə 4, ali təhsil müəssisələrinə isə müvafiq kateqoriyalı 14 uşaq qəbul olunmuşdur. Bu kateqoriyadan olan uşaqların tibbi reabilitasiyası da diqqətdə saxlanılmışdır. Belə ki, 2018-ci ildə Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 365 uşaq müalicə almış, 77 uşağa protez-ortopediya xidmətləri göstərilmiş, 125 uşağa texniki reabilitasiya vasitələri verilmiş, 18 uşağın ölkə daxilində müalicəsi aparılmış, 4 uşağa isə sanatoriya və müalicə pansionatlarına göndərişlər verilmişdir. Sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində 74 monitorinq aparılmış, 3 məktəbdə maarifləndirici görüş keçirilmişdir.
2018-ci il ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri və yaradıcılıq müsabiqələri, o cümlədən şeir, inşa yazı, rəsm, əl işləri müsabiqələri keçirilmişdir. Müsabiqələrdə 3668 uşaq iştirak etmiş, qaliblərə və iştirakçılara diplom və hədiyyə, bayram tədbirlərində isə bayram sovqatı verilmişdir. Uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aid dövlət orqanları tərəfindən Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir. Belə ki, 48 sağlamlıq imkanı məhdud, 31 aztəminatlı, 11 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1 qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar olmaqla, ümumilikdə, 420 uşağın istirahəti təmin edilmişdir.
Yetkinlik yaşına çatmayanlarla bağlı müxtəlif istiqamətlərdə, o cümlədən yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 694 reyd yoxlaması keçirilmiş, 818 dəfə müxtəlif mövzularda görüşlər təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 20 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Məqsəd həmin müəssisələrdə uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasıdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və nöqsanların aradan qaldırılması ilə bağlı aidiy­yəti təşkilatlara aktın surəti göndərilmişdir. Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 2018-ci ildə 5640 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.
Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. 2018-ci ildə ixtisaslı həkim briqadaları tərəfindən pediatr olmayan və yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə olunmuş, ehtiyacı olanlara tibbi xidmət göstərilmişdir. Uşaqların icbari dispanserizasiyası zamanı 21 min 956 uşaq müayinə olunmuş, 278 uşaq müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınmışdır. Bununla yanaşı, elektron sağlamlıq kartlarına keçid işi də yaxşılaşdırılmış və 1457 elektron kart alınıb valideynlərə paylanmışdır.
Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynamışdır. Belə ki, ötən il ərzində 5520 uşaq doğulmuş və muxtar respublikada uşaqların sayı 163 min 281 olmuşdur. Bu da 2017-ci illə müqayisədə 1168 uşaq çoxdur. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır ki, bunlardan da 23 min 523-ü qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I sinfində tədrisə 2429-u qız olmaqla, 5023 şagird cəlb olunmuşdur. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali, 615-i orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208-i isə müxtəlif ali hərbi məktəblərə daxil olmuş, ali məktəblərə qəbul olunanların 331-i 500-700 arası bal toplamışdır ki, bunlardan da 190-ı qızlardır. 2017-2018-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medala, 151-i isə fərqlənmə attestatına layiq görülmüşdür. Medallara layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 6 nəfər 600-650, 18 nəfər 650-700 arası bal toplamışdır. Onlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2018-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərində 1592 saat nümunəvi dərs tədris olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində 46 interaktiv dərs keçilmiş, 600-dən çox elektron lövhədə şagirdlərə müxtəlif fənlər tədris edilmişdir.
Muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində dayanmışdır. Belə ki, uşaqlar arasında birincilik, turnir, yoldaşlıq görüşü, çempionat, idman yarışı, festival, olimpiada keçirilmişdir. 5850-dən artıq uşaq keçirilən idman oyunlarında, 110 uşaq idman sahəsindəki açıq dərsdə, 1484 uşaq isə intellektual oyunlarda iştirak etmişdir. Bu gün muxtar respublikada 27 min 399 uşaq idmanla məşğul olur ki, bunlardan da 6002-si qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan və Avropa birinciliklərində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnir yarışlarında və beynəlxalq şahmat festivallarında 30-u birinci yer, 18-i ikinci yer, 25-i üçüncü yer tutmuşdur.
2018-2019-cu tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunmuşdur. Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə 18 ustad dərsi keçilmişdir.
Muxtar respublikanın mədəni-kütləvi tədbirlərində uşaq və gənclərdən ibarət yaradıcılıq qrupları musiqi nömrələri ilə çıxış etmiş, uşaqların ifasında 80-dən artıq konsert proqramı təşkil olunmuşdur. Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində kitaba marağın artırılması məqsədilə “Nağıl günləri” keçirilmişdir. Bundan əlavə, bütün kateqoriyadan olan uşaqlara 157 tamaşa, 50-dən artıq bədii və cizgi filmləri göstərilmiş, tətil günlərində uşaqların muzeylərə ekskursiyaları təşkil edilmişdir.
2019-cu ildə də muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində fəaliyyət gücləndiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR