23 Yanvar 2020, Cümə axşamı

Şahbuz rayonunun Kükü kəndi adı dillər əzbəri olan alması ilə muxtar respublikamızda almanın vətəni sayılır.  Buradakı almalardan  başqa  yerlərdə də görmək olar. Təbii ki, xarici görünüşünə görə. Bəli, axı alma almaya bənzər. Lakin Kükü almasının dad-tamı bənzərsizdir. Çünki dəniz səviyyəsindən 2000 metrədək  yüksəklikdə yerləşən kənddə günəş və oksigen boldur. Bu da, sözsüz ki, almanın keyfiyyətinə də, dad-tamına təsir edir.  Bir də ki kənddə qədim alma saxlama ənənələri vardır ki, buna da hər yerdə təsadüf etmək olmur. Oktyabrda bağlardan yığılan alma bu ənənəvi saxlama üsulu ilə düz aprel-may aylarınadək ağacdan necə dərilibsə, elə də qalır. Hansı ki almanın başqa yerdə bu qədər qalması mümkünsüzdür.

Qışın yurdumuza qədəm qoyub sazağı-soyuğu ilə təbiətə hökmranlıq etdiyi bir vaxtda bu qədim ənənəni yaşadan insanlarla görüşüb söhbət etmək üçün üz tuturuq Küküyə. Burada bizi günəşin solğun şüaları altında bərq vuran qarın əsrarəngizliyi qarşılayır. Ömürlərindən daha bir üç fəsil keçirib, dördüncüyə qədəm qoyan ağacların çılpaqlaşması baharda, yayda yarpaqların sıxlığından görünməz olan evlərin, həyətlərin indi bambaşqa bir mənzərəsini yaradıb. Ağappaq qarın fonunda isə abad yollar, əzəmətli məktəb, həkim ambulatoriyası, kənd mərkəzinin binaları bu ucqar kəndə göstərilən qayğıdan “söhbət açır”.

Elə bu abad yollarla da yollanırıq almanın dilini çox yaxşı bilən və indi də bu meyvənin saxlanmasında qədim üsuldan istifadə edən onlarla kükülüdən biri olan Yunis müəllimgilə. Salamlaşıb, hal-əhval tutduqdan sonra ondan xahiş edirik ki, alma saxladığı yeri bizə göstərsin. O, həyətdə dayandığımız yerdən əlini bir qədər qarşıya uzadaraq, budur, – deyir. Ətrafa göz gəzdirirəm, hər yan ağappaq qardır, öz-özümə fikirləşirəm ki, görəsən, o, haranı göstərir? Utanmaqdan keçib, – deyib yenidən soruşuram: – Yunis müəllim, alma saxladığınız yerə baxa bilərikmi? O, bu dəfə heç bir söz demədən bizdən ayrılır və əlində bellə geri qayıdır. Gəlin deyir. Mənsə hələlik heç nə anlamıram. Yunis müəllim bağçanın evə yaxın bir yerində dayanıb oranın qarını təmizləyir. Biz də arxasınca gedib diqqətlə onu seyr edirik. Bir azdan, təxminən, bir metr uzunluğu, bir metr də eni olan yerin qarı təmizlənir, torpaq görünür. Bu dəfə Yunis müəllim həmin ərazinin torpağını bellə bir kənara çəkir, torpağın altından “şifer” dediyimiz dam örtüyü görünür.Torpağı tamamilə götürəndən sonra Yunis müəllim həmin örtüyü qaldırır. Budur, bayaqdan bəri görmək istədiyimiz almalar. Hələ onu da öyrənirik ki, həmin almaların altında bir neçə qat da alma yığılıb. Doğrusu, mən çox heyrət etdim, həyətin ortasında, yağışın, qarın altında alma, bu, necə ola bilər? Almanın bu cür saxlanması nə üçündür, bu quyu və yaxud çala necə düzəldilir, alma buraya necə yerləşdirilir? kimi, bəlkə, on sualı birdən verirəm Yunis müəllimə.
O deyir: – Bu kənddə bineyi-qədimdən alma bağları olub, elə indi də var. Bundan əlavə, həyətlərdə də ən azından hər kəsin 10-15, daha çox alma ağacı var. Kənd camaatı almanın zaman-zaman bu torpağı sevdiyini, yaxşı məhsul verdiyini, dad-tamı, keyfiyyəti ilə seçildiyini görüb ilbəil almaçılıqla daha çox məşğul olmağa başlayıblar. Məşğul olduqca da onun “dilini” daha yaxşı öyrəniblər, ildən-ilə də bu sahəni genişləndiriblər. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramından sonra elə muxtar respublikamızın hər yerində, eləcə də Şahbuz rayonunda hər il yeni meyvə bağları salınır ki, bunlar arasında alma bağları üstünlük təşkil edir.
Bax torpağın altında almanın saxlanmasını mən bu həyətdə atamdan görüb öyrənmişəm. Bunun üçün yer, baxır sənin burada saxlayacağın almanın miqdarına, uzunluğu 1 metrdən 2, eni yarım metrdən 1 metrədək, dərinliyi isə 40 santimetrdən 1 metrədək qazılır. Quyuya ya qum, ya da quru ot tökülür, alma düzülür üstünə, dolanadək bir qat alma, bir qat ot olmaqla yığılır. Sonra üzəri otla örtülür, bir tərəfdən havalandırma üçün 25 və ya 50-lik boru qoyulur, şifer düzülür, üstü torpaqlanır. Borunun baş tərəfi torpaqdan 20 santimetr çölə çıxarılır. Bu borunun ağzına qapaq da düzəldilir. Yağış, qar yağanda həmin qapağı borunun ağzına qoyur, hava yağıntısız olanda götürürsən. Bu cür quyulara alma yeşiklərdə də yığıla bilər. Lakin bir cərgə alma, bir cərgə ot üsulu almanın saxlanmasında daha əlverişlidir. Çünki burada meyvə bir-birinə dəymədiyi üçün zədələnmir, uzun müddət qala bilir.
Yunis müəllimə belə bir sual da verirəm ki, bəs birdən könlün alma yemək istədi, gərək bu qədər torpağı kənara çəkəsən, şiferi qaldırasan ki, 5-10 alma götürə biləsən, bu necə olur? O gülümsəyərək cavab verir ki, xeyr, bu heç də fikirləşdiyiniz kimi çətin deyil. Bu üsulu tətbiq edən ata-babalarımız ona da çarə düşünüblər. Quyunun ağzına bütöv yox, parça-parça şiferlər qoyurlar ki, alma götürmək lazım gələndə əziyyət çəkməsinlər. Quyunun bir kənarından torpağı təmizləyib, şifer parçasını qaldırıb oradan götürsünlər.
Kənd sakini Qurban müəllim və Yusif əmi ilə almanın bu qədim üsulla saxlanması barədə xeyli söhbət etdik, həyətlərindəki almalığa baxdıq. Onlar deyirlər ki, kənddə nəinki almanı, hətta kartofu, kələmi də bu qədim saxlama üsulu ilə aylarla saxlayırlar.
Yunis müəllimdən kənddə hansı alma növlərinin çoxluq təşkil etdiyini də xəbər aldım. O deyir ki, burada almanın “qış qızılı”, “belflor”, “smerenko”, “ağ palmet”, “qırmızı palmet”, “banan”, “toz”, “konfet”, “qarpız”, “yay”, “payız” və sair növləri var. Bunlar içərisində “banan” və “qarpız” almanı ilk dəfə eşitdiyimdən diqqətimi çəkdi və onlar barədə soruşdum. Yunis müəllimin həyat yoldaşı Şövkət xanım ayağa qalxıb zirzəmiyə endi və məcmeyi dolu iri almalarla geri qayıtdı, dedi ki, “qarpız alma” budur, buna “xonçalıq alma” da deyirlər. Kənddəki bütün xeyir işlərdə – nişanlarda, toylarda ilk xonça bu almadan tutular. O, əli ilə almaların “yanaqlarını” göstərib, baxın, ana-nənələrimiz bu kəndin qız-gəlinlərini sevələyəndə belə deyirlər:

Alma-almaya bənzər,
Bu qız bəs kimə bənzər?
Gül yanaqlı, ay üzlü,
Elə almaya bənzər.

Hər birinin öz rəngi, dad-tamı olan almaların ümumi keyfiyyətlərindən danışan Yunis müəllim deyir ki, almanın tərkibi vitaminlər, orqanizmə lazım olan minerallar, karbohidratlar, bakteresid maddələrlə zəngindir. Tərkibində sağlamlığın ən başlıca amili olan suyun da olduğu almadan hər gün 4-5 ədəd, həm də qabıqlı, dənəsi ilə birlikdə yemək insanın əhval-ruhiyyəsinə xoş təsir göstərməklə yanaşı, orqanizmdə bir çox xəstəliklərin qarşısını alır, bronxial-astma, dəmir azlığı, ağciyərlə bağlı xəstəlikləri aradan qaldırır, qan təzyiqini sabitləşdirir.
Yeri gəlmişkən Yunis müəllimdən alma ağacının necə əkilib-becərildiyi barədə də soruşdum. O deyir ki, alma tingi yazda və payızda əkilir. Bunun üçün çala qazılır, təbii gübrə tökülür, tingin kökü çalaya qoyulur və torpaqla basdırılır, dibinə 2-3 vedrə su tökülür. Bir əsas məsələni də deyim ki, əkilən tingin yarpaqları tökülməlidir. May-iyun aylarında tingdə cücərtilər əmələ gəlir. Əkilən ting 3-4-cü ilində 1-2 kiloqram bar verir. 5-6-cı ilində isə bir alma ağacından 100 kiloqrama qədər də meyvə götürmək olur. Hər yaz alma ağaclarının dibləri yumşaldılır, təbii gübrə verilir. Ağac tam bar verəndə orta budaqları kəsilir ki, həm ağacın içərisinə hava keçsin, həm də günəş şüalarını bol şəkildə ala bilsin. Bu halda ağac həm yaxşı bar verir, həm də meyvə keyfiyyətli olur. Yazın əvvəllərində quru budaqlar kəsilir. Çiçək vaxtı isə ağacın aşağı budaqlarındakı meyvələr qoparılıb tökülür ki, yuxarıdakılar yaxşı inkişaf etsinlər.
Yunis müəllim almanın məhsuldarlığını aşağı salan ziyanvericilərə qarşı maraqlı bir mübarizə tədbirindən də söhbət açır. O deyir ki, böcəklərin meyvəyə ziyan vurmaması üçün avqust ayında ağacların gövdəsinə dairəvi şəkildə karton kağız bağlanılır, onun da üzərinə parça çəkilir. Ziyanvericilər buraya toplaşır, hətta sürfələrini də bura qoyurlar, bu sarğı fevral ayında çıxarılır və yandırılır. Təmiz hava, saf sular, bir də bu cür becərmə, qulluq Kükü almasını dillər əzbəri edib.
Yunis müəllim deyir ki, bir neçə ilin sözüdür, kəndə alma almağa gəlmişdilər. Yəqin, alverçi idilər, çünki almanın qiymətini aşağı salmaq istəyirdilər, deyirdilər ki, elə bunun eynisindən filan yerdən aldıq, bu qiymətə aldıq. Mən də cavabında dedim ki:

Get, gəz eli, obanı,
Dolan dərəni, dağı.
Tapsan Kükü almasın,
Verrəm sənə bu bağı.

Kənddə ən böyük alma bağı olan və bundan yaxşı gəlir əldə edən onlarla insan var. Onlardan Surxay Bağırov, Nurəli Səfərov və Çingiz Hüseynovla da söhbət etdim. Hər biri ildə bağlarından ən azından 5-7 ton alma məhsul götürürlər. Çingiz deyir ki, kənddə illərdir ki, belə bir ənənə formalaşıb ki, doğulan hər uşağın adına ruzi təməli olaraq bir alma tingi əkilir. Həyətlərimizdə alma ağacları var ki, onun meyvəsinin birinə bir adam əl vurmaz. Ağac kimindirsə, ruzisi də onundur. Vaxtında gələr, yığar, aparar. Gələ bilməyəninsə alması yığılar, evinə göndərilər.
Kükünün bol, həm də gözəl görünüşlü, dadlı­-tamlı alması burada mənə uşaqlıq çağlarımızın nağıllar aləminin “Məlikməmməd”ini xatırlatdı. Süjet xəttinin bir istiqaməti şahın bağçasındakı sehrli alma ağacları üzərində qurulan nağılda həmin bağdakı almadan kim yeyərdisə, 10-15 yaş cavanlaşardı. Kükü alması da adama sehrli təsir bağışlayır. Bu alma nəinki onu yeyənləri gənc saxlayır, hətta bu meyvədən hər gün istifadə edənlər bir çox xəstəliklərdən də kənar olur.
Çingiz deyir ki, alma əbədiyyət və əbədi gənclik, həyat ağacının meyvəsi, həyat, elçilik, dirilik simvolu kimi, demək olar ki, bütün xalq ədəbiyyatı nümunələrimizdə özünü göstərir. Yəqin elə buna görədir ki, illərdir, kənddəki toy mərasimlərində gəlin oğlan evinə gələrkən bəy uca bir yerdə dayanır, gəlinin başına şirniyyatla birlikdə alma da atır. Baba-nənələrimiz deyərdilər ki, toyda alma atılmasının bəxt, tale, niyyət kimi mənalarla bağlılığı vardır. Gəlinin başına atılan almaları kim yerdən götürüb yeyərsə, niyyəti hasil olar, bəxti açılar, tezliklə ona da toy qismət olar. Kəndimizdə Novruz bayramında da alma ilə niyyət edilir. İlin axır çərşənbə gecəsi almanı qabıqlarını qırmamaq şərtilə bütöv soyub yesən, qabıqları isə güzgü ilə bir yerdə başının altına qoyub yatsan, qismətinə çıxacaq adamı yuxuda görərsən, – deyərlər.
Küküdən ayrılıb kəndin gözəl mənzərələrini seyr edə-edə üzüaşağıya – rayon mərkəzinə doğru irəlilədikcə uzun illərdən bəri oxunan bir xalq mahnısının sözləri dilimdə dolaşır: “Almanı atdım xarala, qaldı sarala-sarala”. Yolboyu düşünürəm ki, bəlkə də, bu mahnının sözləri vaxtilə elə qafiyə xatirinə yazılıbmış, axı alma xaralda saralanadək çoxdan xarab olub gedər. Lakin bu qədim saxlama üsulu ilə alma saralıb oktyabrdan mayadək – düz səkkiz ay bu gün dərilibmiş kimi qalırsa, elə almanı xarala yox, quyuya atmaq, bu qədim üsulla saxlamaq lazımdır. Hələ yeri gələndə bu almalara da şeir yazıb, mahnı qoşmaq daha məsləhətli olar. Çünki yayda-payızda Kükünün alma bağlarında bu mənzərələri də görə bilərsiniz: başlarına “rəngbərəng kəlağayı salmış” ağacları. Utancaq qızların söz deyəndə allanan yanağına bənzər qırmızıyanaqlı almaların günəşin zərrin şüaları altında bərq vurmasını, bir də ki, ağacların budaqlarının alma yükündən tən ortadan dairəvi şaxələnib çəmənə dəyən budaqlarını – yaşıl yarpaqların fonunda qırmızı, sarı, ağ, yaşıl almaların gözəlliyini...

 Mətanət MƏMMƏDOVA

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR