21 Yanvar 2020, Çərşənbə axşamı

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Yaradılan müasir infrastruktur, eləcə də bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramı, mərhələ-mərhələ görülən işlər müvafiq kateqoriyadan olan uşaqların təhsil imkanlarını və reabilitasiyasını xeyli yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası 2018-ci ildə də sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinə, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə, cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaratmışdır.

Sağlamlıq imkanları məhdud uşaqların təhsilində diqqət, ilk növbədə, onların məktəbəqədər təhsilinin təşkilinə yönəldilməlidir. Bu səbəbdən də muxtar respublikada məktəbə­qədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlarla iş səmərəli qurulmuşdur. Yaradılmış məlumat bazasının daim yenilənməsi müvafiq kateqoriyadan olan uşaqlar üçün geniş imkanlar açmışdır. Hazırda muxtar respublikada 310 məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır. Həmin uşaqların məktəbəqədər tərbiyəsinin təşkili sahəsində görülən işlərin nəticəsidir ki, 2018-2019-cu tədris ilində 42 uşaq məktəbəqədər təhsil müəssisələrində, 10 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 9 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitq qüsuru olan 149 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilmişdir. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiya­yönümlü məşğələlər aparmış, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçmişlər. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və əqli inkişafını, habelə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün tədrisdə müasir təlim üsulları tətbiq olunmuş, təlim-tərbiyə üzrə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kurslar təşkil edilmişdir.

Muxtar respublikada məhdud fiziki imkanlı uşaqların ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlbi də diqqətdə saxlanılır, dövlət proqramında müəyyənləşdirilən vəzifələr ardıcıl şəkildə yerinə yetirilir. 2018-2019-cu tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqların sayı 108 olmuşdur ki, onların da 68-i mövcud potensialları nəzərə alınaraq ümumtəhsil məktəblərinin birinci siniflərinə, 1 uşaq distant tədrisin 1-ci sinfinə, 1 uşaq isə Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilmişdir. Hazırda ümumtəhsil məktəblərində 963, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində isə 22 sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Muxtar respublikanın ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlbi, məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılmış, fənn kurikulumları üzrə tədris həyata keçirilmişdir. Eyni zamanda informasiya texnologiyalarının tətbiqi vasitəsilə bu kateqoriyadan olan uşaqların informatikaya dair bilikləri artırılmış, müasir texnoloji avadanlıqlardan istifadə bacarıqları formalaşdırılmışdır.
Aztəminatlı ailələrdən olan sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yanaşı, onların geyim və məktəbli ləvazimatları ilə təmin olunması da qarşıda duran əsas vəzifələrdəndir. Cari tədris ilində bu istiqamətdə tədbirlər davam etdirilmiş, sağlamlıq imkanları məhdud aztəminatlı 278 uşaq məktəbli geyimi, məktəbli ləvazimatı, habelə qış geyimləri ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində 74 monitorinq aparılmış, maarif­ləndirici görüşlər keçirilmiş, onların muxtar respublikanın muzeyləri, Şahmat Mərkəzi, həmçinin AMEA Naxçıvan Bölməsi ilə təşkil edilmiş interaktiv dərslərdə iştirakı təmin edilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində psixoloji dəstək xidmətinin yaradılması qeyd olunan məsələ ilə bağlı fəaliyyətin təşkilində vacib amildir. Çünki ötən il mərkəzin psixoloji dəstək xidmətinə 47 uşaq cəlb edilərək onlarla bağlı konsultasiya işi aparılmış, fərdi proqram hazırlanmış və müvafiq reabilitasiya xidmətlərinə cəlb edilmişlər. Mərkəzin Defektoloji bölməsinin və psixoloji dəstək xidmətinin mütəxəssisləri iş təcrübəsini artırmaq məqsədilə Bakı şəhərinə ixtisasartırma kurslarına göndərilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrində işləyən 70 psixoloqun iştirakı ilə konfrans keçirilmiş, psixoloqlar üçün təşkil edilən 1 həftəlik seminarda isə 25 nəfər iştirak etmişdir.
Dövlət proqramında yuxarı siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbi istiqamətində də müvafiq işlərin görülməsi nəzərdə tutulmuşdur. Ona görə də sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə, musiqi məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb edilməsi, onların istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensial­larının artırılması diqqətdə saxlanılmış, ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə peşəyönümlü məşğələlər keçirilmiş, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir. 2018-2019-cu tədris ilinin əvvəlində Naxçıvan Musiqi Kollecinə 3, Naxçıvan Dövlət Texniki Kollecinə 5, Naxçıvan Tibb Kollecinə 4, ali təhsil müəssisələrinə isə 14 sağlamlıq imkanları məhdud uşaq qəbul olmuşdur.
Məktəbdənkənar tədris müəssisələrinə müvafiq kateqoriyadan olan uşaqların cəlbi onların cəmiyyətə inteqrasiyasında və istedadlarının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır. Tədris ili ərzində 56 uşaq şahmat məktəblərində, 111 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərində, 90 uşaq idman məktəblərində məşğələlərə cəlb edilmişdir. Hazırda uşaq musiqi məktəblərində 99 müvafiq kateqoriyalı uşaq təhsil alır.
Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzinin fəaliyyətinin ilbəil təkmilləşdirilməsi onu göstərir ki, dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası da diqqətdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2018-ci ildə mərkəzin fəaliyyəti daha da təkmilləşdirilmiş, yeni tibbi avadanlıqlar alınmış və sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilmişdir. İl ərzində Uşaq Bərpa Mərkəzində 365 uşaq müalicə almış, 77 uşağa protez-ortopediya xidmətləri göstərilmiş, 125 uşağa texniki reabilitasiya vasitələri verilmiş, 18 uşağın ölkə daxilində müalicəsi təşkil edilmiş, 4 uşaq isə sanatoriya və müalicə pansionatlarına göndərilmişdir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan şərait məhdud fiziki imkanlı uşaqların təhsili və reabilitasiyasının səmərəli qurulmasına imkan verir. Ötən dövrdə mərkəzdə yeni avadanlıqların qurulması, kursların açılması, audio və elektron kitabxanaların yaradılması fəaliyyətin hərtərəfli təşkilinə hesablanıb. 2018-ci ildə mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə bu kateqoriyadan olan 237, o cümlədən Defektoloji bölmənin Şərur rayon filialına 39, Ordubad rayon filialına isə 32 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmiş, eşitmə qabiliyyəti məhdud 8 uşağın tədrisi davam etdirilmiş, diqqət zəifliyi və hiperaktivliyi olan uşaqlar üçün məşğələlərə 13 uşaq cəlb edilmişdir. Mərkəzdə 26 uşağın təhsil aldığı art terapiya, 17 uşağın cəlb edildiyi musiqi terapiyası kursları açılmış, kinekt oyunları və əmək terapiyası otaqlarının fəaliyyəti davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən uşaqlar üçün ustad dərsləri keçilmişdir. Ümumilikdə, təlimlərə cəlb edilən uşaqlardan 45-nin tam reabilitasiyası başa çatdırılmışdır. Mərkəzin audiokitabxana fonduna 63 yeni audiokitab əlavə edilmişdir. ­Hazırda audiokitabxana fondunda 1386, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 981 kitab mövcuddur. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı” adlı aylıq brayl jurnalı, habelə uşaqlar üçün “Şəfəq” adlı xüsusi nəşrlər də audiokitabxananın kataloquna daxil edilmişdir. Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya laboratoriyasında isə sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq xidmətlər yaradılmışdır.
Sağlamlıq imkanları məhdud uşaqların tətil günlərini səmərəli keçirmələri üçün təşkil olunan gəzinti və ekskursiyalar da onların cəmiyyətə inteqrasiyasını sürətləndirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Yay məktəbi” çərçivəsində sağlamlıq imkanları məhdud 46 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunmuş, sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış etmişdir.
Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir. Ötən il sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışında, Novruz bayramı münasibətilə keçirilən tədbirdə, habelə “Milli geyimlər” festivalında sağlamlıq imkanları məhdud uşaqların da rəsm və əl işləri nümayiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən muxtar respublika müsabiqəsində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, habelə Naxçıvan Musiqi Kollecində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar da iştirak etmiş, 6 nəfər müxtəlif nominasiyalar üzrə fərqlənmişdir. Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konsert proqramı təşkil edilmiş, keçirilən rəsm müsabiqələrində sağlamlıq imkanları məhdud uşaqların iştirakına nail olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Gənc­lər Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların intellektual səviyyələrinin artırılması məqsədilə “Sən gül ki, dünya gülsün!” adlı bilik müsabiqəsi də keçirilmiş, əlamətdar günlərlə bağlı təşkil edilən tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilmişdir. Ötən dövrdə sağlamlıq imkanları məhdud uşaqlar arasında əyləncəli idman oyunları, həmçinin idmanın stolüstü tennis, üzgüçülük, boccia, şahmat, dama növləri üzrə yarışlar keçirilmiş, qaliblərə hədiyyələr təqdim edilmişdir. Muxtar respublikanın rayonlarında boccia, Sədərək rayonunda isə stolüstü tennis bölməsi yaradılmış, məşqçi-müəllimlər müəyyənləşdirilmişdir. Qruplar oyun üçün zəruri olan toplar və digər avadanlıqlarla təchiz edilmişdir.
Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da daim diqqətdə saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR