25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Azərbaycan dilində “qara” sözü rəng mənası verməkdən başqa bir neçə mənada da işlənir. Məsələn: böyük, iri, geniş. Bundan başqa, bu söz mənfilik, çətinlik, aldatma (qara vermək), yas, qorxu mənasında da işlədilir. Plovun üstünə və ya yanında qoyulan üz-gözə onun qarası deyilir. Naxçıvanda qara dam deyəndə isə, əsasən, XX əsrin 70-80-ci illərinə qədər istifadə edilən böyük təsərrüfat evi başa düşülürdü.

Qara dam yaşayış evlərindən bir qədər aralı tikilər, eni və uzunu, təxminən, eyni – 5-6 metr olardı. Ortadan dirək vurular, dirəyin üstündən kərən (tir) atılardı. Qara damın ortasında təndir qoyulardı. Qışda təndir yandırılar, bəzən günlük çörək bişirilər, sonra isə üzərinə kürsü qoyulardı. Təndirin tüstüsünü çıxarmaq üçün damın üstündə baca qoyulsa da, tüstü divarları və dirəkləri qaraldardı. Bu cür tikiliyə böyüklüyünə görə və ya dirəklərinin və divarının qara olmasına görə “qara dam” deyilirdi.
Qışda qohum və qonşular bu cür qara damı olan ailəyə qonaq gedər, kürsünün başına toplaşar, uzun qış gecəsini nağıl, tapmaca söyləməklə başa vurardılar. Qara dam həm də təsərrüfat damı idi. Ev ərzağı, məişət əşyaları, yayda eymə, pendir burada saxlanar, istər divar, istərsə də yer hanası qara damda qurular, yun əyirilər, ip kələflənər, boyanmış kələflər açılaraq yumaq edilərdi. Həmin dövrə məxsus düyçə, kələf, yumaq, iy, kiriş, tağalaq kimi sözləri bu gün məişətimizdə az işlədildiyi üçün mənasını çox az adam bilir. Yazda Novruz bayramından qabaq qara damın tavanı və divarları əhəng­lə ağardılardı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanın dağlıq hissəsində qara dam tipli yaşayış evlərinin başqa bir variantı da – eyvanlı qara damlar geniş yayılmışdı. Belə evlərin qarşısı tirlər üzərində tikilmiş eyvanla tamamlanırdı. Eyvanların ya hər iki tərəfi açıq saxlanılır, ya da yanları hörülür, yalnız qabaq tərəfi açıq olurdu.
Zaman keçdikcə qara damlar əhəmiyyətini itirib. Muxtar respublikamızın ən ucqar dağ kəndində belə, müasir infrastrukturun yaradılması, elektrik enerjisinin, mavi yanacağın qışda da fasiləsiz verilməsi, müasir inşaat üsullarından və tikinti materiallarından istifadə edərək əlverişli, yaraşıqlı yaşayış binalarının tikilməsi qara damları da, necə deyərlər, xalqın ağır, məşəqqətli, qara günləri kimi tarixə qovuşdurub. Ancaq kənd yaşayış yerlərində hər bir ailədə əlavə təsərrüfat evinə də ehtiyac vardır. Naxçıvanın bir çox kəndlərində buna “qara ev” deyirlər. Qara evin ölçüsü ailənin ehtiyacına görə tikilir. Ərzaq ehtiyatı, məişət əşyaları bu binada saxlanılır. Hər bir kənd ailə­sində qara ev yaşayış binaları qədər vacibdir. Müasir dövrdə bir çox evlər ikimərtəbəli tikilir. Bunların bəzilərinin birinci mərtəbəsi nisbətən alçaq olduğu üçün “zirzəmi” adlanır və həmin yer qara ev kimi istifadə edilir. Bəzi evlərdə isə təməl bir qədər də dərin qoyulur və zirzəmi alınır. İki metrə yaxın dərinlikdə olan zirzəmi yayda sərin olduğu üçün müxtəlif ərzaq məhsulları burada saxlanılır. Xüsusən aran yerində yayda pendiri saxlamaq çətin olur. İstidən pendir xarab olur, keyfiyyəti aşağı düşür. Qışda isə zirzəmilər isti olduğu üçün kartof, soğan və digər qida məhsulları donub xarab olmur. Bundan başqa, zirzəmilərdə müxtəlif meyvələr də uzun müddət saxlanıla bilər. Zirzəmilərin divarı daşla hörülsə də, sementlə yox, adi palçıqla suvanmalıdır. Bəzən qida məhsullarını zirzəmidə saxlamaqla yanaşı, 2-3 metr dərinlikdə quyu qazıb orada da saxlayırlar. Soyuducunun olmadığı dövrdə ət və digər tez xarab olan qida məhsullarını bir qabın içində dərin su quyusuna sallayıb bir neçə gün saxlamaq olurdu.
Etnoqrafik yaddaşımıza nəzər saldıqda görürük ki, xalq yaşayış evləri müxtəliftipli olub. Bu evlərin yaranmasında həmin ərazinin ­təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat materialları, tikinti texnikası, ailə-məişət adətləri müəyyən rol oynayıb. Məhz bu amillərin təsiri ilə xalq yaşayış evləri müxtəlif tipdə olub, müasir yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçib.

Zaleh NOVRUZOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792033
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2419
1728
2419
56350
3792033

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter