21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Şəhərimizdə hər şənbə günü təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında ötən həftə tez-tez qulağıma dəyən “Yemişan, yemişan, Keçili yemişanı, Nursu yemişanı” sözləri məni xəyalən bir neçə onillik əvvələ apardı. Elə ki payızın bu vədəsi olardı, dağlarımızın, düzlərimizin soluxmuş hüsnünə “qırmızı yaylıqlı” yemişan kolları xüsusi gözəllik qatardı. 

Elə vədəsində burnumuza da yemişanın ətri gələr, bu vaxtlar hər dəfə dərsdən çıxanda gözümüz yemişan satanları axtarardı. Və nəhayət, günlərdən birində onları qarşılarında qıpqırmızı yemişan dolu vedrə, üstündə bir stəkan, bir də ki satdıqları yemişanı içərisinə qoymaq üçün kağızdan, köhnə qəzetdən, dəftər vərəqlərindən düzəltdikləri bir dəstə bükümlə məktəb yolundakı ağacların altında əyləşdiklərini görərdik. Bunu gördükmü, hər gün 20 qəpiksiz evdən bayıra addım atmazdıq... Stəkanı 20 qəpiyə satılan yemişandan alıb, yolboyu şirin-şirin yemək üçün... Amma biz yemişanımızı o kağız bükümlərə yox, cibimizi aralayıb ora tökmələrini istərdik. Sonralar bunu həmyaşıdlarımla birgə elə hey xatırlayar, axır qənaətimiz isə belə olardı ki, axı yemişanı satmaq üçün yığanlar yox, qoyun-quzu növbəsinə gedənlər onu cib-cib yığardılar. Hər dəfə kəfşənə gedəndə bir cib, iki cib. Əvvəllər babamız, sonralar isə əmimiz, dayımız çöldən gələndə bir cib yemişanı çıxarıb birimizə verər, bölün, yeyin, – deyərdi. Uşaqlığımızın ən ləziz, dadlı hədiyyəsini ləzzətlə, şirin-şirin yediyimiz üçün sonralar da onu ciblərimizə doldurub yeməkdən ayrıca zövq alardıq. Yemişanı yığanlar da vedrələri dolanda onu satışa çıxarardılar. Bir də uşaqlıq hafizəmdə həmişəlik qalan bu giləmeyvənin uzun müddət xarab olmamasıdır. Otun, samanın üstünə sərdinmi, rəngi daha da qızarar, dadı şirinləşər, qurudulmuşu isə xarab olmaz.

İndi Şahbuz rayonunun Biçənək və Batabat meşəliklərində, Ağbulaq, Gömür, Nursu, Keçili, Külüs kənd­lərində üzüyuxarı yol boyunca budaqları barından yerə dəyən “qırmızı yaylıqlı” kollar gözəlliyi ilə yolçunu yoldan edir. Doqquzdonu, zirinc və həmərsindən dərməmiş, yemişandan doyunca yeyib, bir cib yığmamış, gəl bu kollardan yan keç görüm, necə keçirsən. Xatirələr bir neçə il bundan əvvəl Keçili kənd sakini Dilsuz müəllimlə yemişan barədə söhbətimizi də yada salır. O deyirdi ki, biz kənd adamları qan təzyiqi xəstəliyinin nə olduğunu bilmirik. Çünki ayağımız yer tutandan kəndimizin dağında, dərəsində günün hər vaxtında, hər vədəsində bu gilə­meyvələrdən yeyib hətta aclığımızı belə, unudardıq. Bu vədələr qoyun-quzu nobatına getmək payızın yağışına, yağmuruna tuş gəlmək demək idi. Amma buna baxmayaraq, gənc­liyimizdə yemişan, həmərsin, doqquzdonu həvəsilə dağlara üz tutardıq. Qar yerə düşənə kimi kolun üstündə “qərar tutan” yemişan şaxta vurduqda tökülər və daha yeməli olar. Şirinliyi ilə adamı şirnikdirən yemişanı yedikcə yeyərdik. Sən demə, bununla özümüz də bilmədən sağlamlığımızı möhkəmləndirirmişik.
Yadımdadır, söhbətimizin bu yerində Dilsuz müəllimin gözləri doldu, səsi bir qədər titrədi və dedi: – Yazda çöl-bayır işində olan böyüklərimizin yemişan və həmərsin çiçəklərindən ocaq üstə dəmlədiyi çaydan içmək üçün əldən-ayaqdan gedərdik. Çünki o çayın ayrı bir dadı, ləzzəti olardı. O çaydan içib qızmar günəş altında tər tökən ata-babalarımız payızda yemişanın meyvəsini yeyər, mürəbbəsi ilə çay içərdilər. Onda kəndli bazardan meyvə alıb mürəbbə bişirməyi ar bilərdi. Kəndin çölündə, çəmənində, öz həyət-bacasında olanlardan qışa azuqə yığardılar. Dava-dərman tanımayan insanlar beləcə, uzun ömür sürərdilər. Təbiətin səxavətli vədəsində – payızda yetişən yemişan kolları blokadanın ilk illərində darda qalan insanlara ümid yeri oldu. Oduncağı daş kömürə bərabər olan yemişan kolları elə barı üstündə qırılıb çatılırdı. Həmin vaxtlarda kəndlərimizdə, dağlarımızda yemişan kolları azalmağa başladı. Amma, şükürlər olsun ki, bu, uzun zaman davam etmədi. Sonrakı illərdə dövlətimizin qayğısı nəticəsində işığımız, qazımız bərpa olundu, yenə də çöllərimizdə qucaq­-qucaq yemişan kolları böyüdü, bara doldu. İndi kəndlərimizə qonaq gələn şəhərli qohumlarımıza əziz paydır yemişan. Onun çiçəyi də, meyvəsi də dərmandır.
Yeri gəlmişkən, bu giləmeyvə gülçiçəklilər fəsiləsindəndir. Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvarıdır. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvarı, lətli və şirəli meyvəsi olur. Yetişən vaxt qırmızı, qara, şabalıdı və sair rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli toxumları yerləşir. Bitki may-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvələri yetişir. Bu bitkinin Azərbaycanın bir çox bölgələrində – dağ-meşə rayonlarında 9 növünə rast gəlinir. Muxtar respublikamızın müxtəlif yerlərində isə yemişanın bir neçə növü geniş yayılıb.
Nursulu Murtuza əmi ilə yemişanın qurudulması və faydaları barədə söhbətləşdik: – Yemişan meyvələrini ağ kağız üzərində seyrək sərib, tez-tez çevirməklə qurutmaq lazımdır. Belə şəraitdə qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini dəyişmir. Qurumuş meyvələri xüsusi torbalara doldurub, havası daim dəyişilən quru yerdə saxlayırlar.
Yurdumuzun bəzəyi olan bu nemətin meyvəsindən və çiçəklərindən çox qədim vaxtlardan xalq təbabətində bir sıra xəstəliklərə qarşı istifadə edilib. Bu yerlərin dərdinə dərmanı həmişə türkəçarələrdə, dərman bitkilərində tapan sakinləri onun qurudulmuş çiçəklərindən və meyvələrindən çay kimi dəmləyib, ürək ağrıları zamanı və qan təzyiqi yüksək olanda içərlər. Elmi təbabətdə yemişandan ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən ürək fəaliyyəti zəifliyinin, aritmiyanın, aterosklerozun aradan qaldırılması məqsədilə geniş istifadə olunur.
Murtuza əmi maraqlı bir faktla yemişanın kənd təsərrüfatında mühüm əhəmiyyətə malik olmasını da vurğulayaraq deyir ki, sağılan mal-qaranın yeminə yemişan meyvələri əlavə etdikdə onların südü xeyli artır və süddə yağın miqdarı çoxalır.
Şirin sözlü-söhbətli, poeziya vurğunu nursulu Səkinə xala isə yemişanı bu yerlərdə dağlar gözəli adlandırdıqlarından, onun gözəlliyinin bu vaxtlar kəndə gələn hər kəsi valeh etdiyindən danışır: – Bakıda bir qadın tanışımız var. Ötən payız birinci dəfə idi ki, bura gəlirdi. Yol kənarlarında yemişan kollarını görmüşdü. Çox maraqla onun haqqında soruşduqda, mən bədahətən:

Əzizim, yemişan gözəl,
Dağa, düzə şan, gözəl.
Dadını soruşma, gəl,
Bal şanıdı bu gözəl.

– dedim. Sonra onunla birlikdə evimizin yaxınlığındakı kəfşənə getdik. “Qırmızı yaylıqlı” yemişan kollarına valeh oldu, meyvəsinin dadına, ətrinə heyran qaldı. Dedi ki, belə gözəlliyi görən ölərmi? Dedim, hər payız gəl, sən də gör:

Əzizim, yemişana gəl,
Bu vədə, bu anda gəl.
Yemişan qırmızı şalın,
Başına salanda gəl.

Bəli, dağ-dərələrimizin, düzlərimizin min bir adda nemətləri – erkən yazdan bulaqotu, yarpız, qazayağı, çiriş və cacığı, bir az sonra göbələk, uşqun, sobu, bolu, çaşır, baldırğan, əvəlik, ələyəz və şıppırı, yay uzunu kəklikotu, dağ nanəsi, çobanyastığı və solmazçiçəyini, payızdan qar yerə düşənədək həmərsin, zirinc, doqquzdonu, yemişanı və daha nələri var. Hər dəfə bazarlarımızda, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu nemətləri piştaxtalara düzüb satanları görəndə qürur hissi duyursan. Bir tərəfdən ona görə ki, indi kənd adamlarına bax belə bir şərait yaradılıb, onlar həm yaranışdan ruzi mənbəyi olan dağlarımızın, düzlərimizin min bir nemətini, həm də özlərinin əkib-­becərdiklərini bazarlarımızda, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında sərbəst şəkildə sata, xeyir götürə, dolanışıqlarını qura bilirlər. Digər bir tərəfdən isə qürur duyursan ki, havası, suyu kimi torpağının hər qarışının yetirdiyi nemətləri də min bir dərdə dərman olan belə bir diyarda yaşayırıq. Bu bərəkətli, səxavətli dağların, düzlərin sahibi bizlərik. Nemətlərinin hər biri təbiətimizə “qırmızı yaylıqlı” yemişan kimi öz naxışı ilə doyumsuz gözəllik qatan dağların, düzlərin...

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299461
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3283
4291
11229
84107
3299461

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter