17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Xalq təqvimi sistemimizdə xüsusi yer tutan boz ay xalqımızın ədət-ənənəsinə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilən addır. Xalq arasında bu dövrə müxtəlif adlar: “boz ay”, “alaçalpo(v)”, “çillə-beçə”, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır. Xalq arasında, adətən, mart, aprel, may yaz ayları kimi hesablansa da, yaz fəsli martın 21-dən 22-nə keçən gecə yurdumuza qədəm qoyur.
Professor Eybalı Mehrəliyev “Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında alaçalponun 22 fevral-22 mart arasında olduğunu, qışın sonunda yağan qara da “alaçalpo” deyildiyini qeyd edir. Boz ayın isə qışın son yarım ayı ilə yazın əvvəlinci yarım ayını əhatə etdiyini (6 mart-6 aprel) yazır.
Boz ayda 4 ünsür – su, torpaq, yel və odla bağlı dörd çərşənbə təntənəli şəkildə qeyd edilərmiş. Bunlar “Cəmlə”, “Cəmilə”, “Cəlimə” də adlanır. Belə rəvayət olunur ki, qədim dövrlərdə insanlar ili 12 aya bölür, hər aya 32, boz aya isə 14 gün düşür. Boz ayın incidiyini görən ayların hər biri boz aya bir gün verir. Boz ay yenə razılaşmır. Ancaq bu dəfə ayların bəziləri bir gün versə də, digərləri vermir.

Boz ayda olan dörd çərşənbə müqəddəs sayılmış və təbiətin dəyişilməsində dörd ünsür: su, torpaq, yel və od mühüm rol oynamışdır. Buna muxtar respublikanın bəzi kəndlərində “cəmlələr” də deyirlər. Yəni ilk cəmlə suya düşür və bundan sonra su donmur. Tədqiqatçılar dörd çərşənbənin ilk üçünün “doğru üskü”, sonuncunun isə “ilin axır çərşənbəsi” olduğunu qeyd edirlər. Əhali boz ayda, adətən, bayrama hazırlaşır. İlk əvvəl bayram səmənisi qoyurlar. Bütün qışı içəridə yanan buxarı və kürsü təndirinin tüstüsü tavan və divarları qaraltdığı üçün əvvəlcə evlər təmizlənər, divarlar ağardılardı. Həmin dövrdə əhəng tapmaq çətin olduqda müəyyən ərazidə olan ağ torpaqlardan istifadə edilərdi. Babək rayonunun Sirab kəndindəki “Yal” adlanan təpədəki “Ağtor­paqlıq”dan qonşu kəndlərdən də gəlib ağ torpaq apararmışlar.
Professor Mirəli Seyidov 4 mart 1989-cu ildə “Kommunist” qəzetində dərc olunan “Yaz-Günəş bayramı” sərlövhəli məqaləsində yazır ki, qədim azərbaycanlılar təqvimlə bağlı vaxt anlayışını hərdən animisləşdirmiş, canlandırmış, hərdən insan kimi gözə çarpdırmış, hərdən isə zoomorfik dünya ilə əlaqələndirmişlər.
“Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nda yer alan bir tapmaca da çox ­maraqlıdır:

Bir ağacım var,
On iki budaqlı,
Otuz iki yarpaqlı.

Etnoqraf Qəmərşah Cavadov da bu mövzuya uyğun iki folklor nümunəsini misal çəkir:

Babamın bir çuxası var, on iki cibi.
Hər cibində otuz düymə.
Hər düymənin bir üzü ağ, bir üzü qara.

Bu nümunədə baba kainatı, çuxa ili, on iki cib ilin aylarını, otuz düymə ayın günlərini, düymələrin ağ üzü gündüzü, qara üzü isə gecəni təmsil edir. İkinci folklor nümunəsi isə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nda olan tapmacanın yeni formasıdır ki, “bir budağın otuz yarpağı” olduğu yazılmışdır. Bu cür bağlama formalı söyləmələr bizim aşıq ədəbiyyatında da öz əksini tapmışdır. Molla Cümə “Varmı” adlı qoşmasında belə yazır:

Bir guş eylər Molla Cümə bədbəxtə,
Bir çıraq görmüşəm yeddi otaqda.
On iki şəcərdə, üç yüz altmış budaqda,
Gül olan otuzdan xəbərin varmı?

Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla “Kommunist” qəzetinin 24 fevral 1989-cu il tarixli nömrəsində işıq üzü görmüş “Novruz gəlir” adlı məqaləsində yazır: “Boz ay çillə beçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (“oğru üskü”), ikinci üçünə “doğru buğ” (“doğru üskü”), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da adamlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb: ­“Qaçın-qaçın, şeytanlar, sizi oda qalaram”, – deyərmişlər. Ayinə görə şər qüvvələr qorxub ­qaçarmışlar”.
Etnoqraf Asəf Orucov “Xalq təqvimi” kitabında xalq arasında od çərşənbəsinə “üskü çərşənbə” deyildiyini qeyd edir. O, Bəhlul Abdullanın 1984-cü ilə aid yazısına istinadən dörd çərşənbənin ilk üçünü “doğru üskü”, sonuncunun isə “ilin axır çərşənbəsi” olduğunu yazır. Onun 1989-cu ildə işlətdiyi “yeddi çərşənbə” ifadəsi də maraq doğurur. Belə aydın olur ki, kiçik çillənin başlanğıcından (Səddə bayramından Novruz bayramına 50 gün qalmış) çərşənbələr qeyd olunmuşdur. Sadəcə, boz aya qədər olan çərşənbə “oğru üskü”, “oğru buğ” adlandırılmışdır. Bəhlul Abdulla və Tofiq Babayev “Azərbaycan etnoqrafiyası” kitabında Səddə bayramında “el tonqalı” – hamının başına toplaşdığı böyük tonqal yandırıldığını yazırlar. Bəzi yaşayış məntəqələrində kiçik çillənin ikinci çərşənbəsi Xıdır Nəbi bayramını keçirməsi, bəlkə də, bununla bağlıdır.
Boz ay haqqında bir neçə deyim də vardır: “Boz ay bozara-bozara keçər”; “Boz ay kimi qərarsız”.
İkinci deyimi yuxarıda qeyd etdiyimiz rəvayətlə əlaqələndirirlər. Bütün aylar boz aya gün verdiyi üçün boz ayda havalar tez-tez dəyişir. Boz aya həm də “bayram ayı” deyirlər. Havalar əlverişli keçəndə palaz-xalçalar çırpılır, ev-eşik bayramsayağı döşənir. Bayramqabağı bazar-dükanlarda tünlük olacaq deyə, vaxtdan bayram tədarükü görülür.

Zaleh Novruzov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4455001
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11620
19453
66524
119042
4455001

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter