18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Xalqımız tarix səhnəsinə neçə-neçə vətənpərvər, qəhrəman oğullar bəxş edib. Onlar ana Vətəni daim əziz tutub, gözlərini qırpmadan onun uğrunda canlarından keçməyə hazır olublar. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. İgidlərimizin bir çoxu rəşadətli döyüş yolu keçərək veteran adı qazanıb. Bu insanlara böyük dəyəri isə məhz ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqının ümummilli lideri onları yüksək ­qiymətləndirərək deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.

Vətən uğrunda mərdlik göstərib qəhrəmanlıqla döyüşüb həlak olan, eləcə də həmin döyüşlərdə yaralanan insanların həyatı, keçdikləri döyüş yolu bu günün gəncləri üçün böyük örnəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı bu qəbildən olan vətəndaşların bir araya gələrək təşkilatlanması və gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi işinin təşkili üçün mərkəz rolunu oynayır. Ötən günlərdə təşkilatın fəaliyyət göstərdiyi ünvana yollandıq, təşkilatın sədr müavini Zahid Cəfərovla həmsöhbət olduq. O bildirdi ki, təşkilat sıralarında birləşən 322 şəhid ailəsi, 374 müharibə əlili, 3 min 300 nəfər müharibə veteranı dövlət qayğısını daim üzərində hiss edir. Təşkilatın rayon şöbələrinin yaradılması bölgələrimizdə yaşayan şəhid ailələrinin, veteranların da keçirilən tədbirlərdə iştirakına imkan verir. Ötən dövr ərzində bu qəbildən olan insanlar mənzil və avtomobillərlə təmin edilib, müxtəlif sanatoriyalara müalicəyə göndəriliblər. Belə ki, həmin şəxslərə bu günədək 460 ədəd “Oka”, “Tavriya”, “Slavuta” və “NAZ-Lifan” markalı avtomobil təqdim olunub. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında yaşayan müharibə veteranları, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlar 211 fərdi ev və mənzillə təmin ediliblər. Eləcə də Naxçıvan şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzində döyüşlər zamanı yaralanan insanların müayinə və müalicəsi də həyata keçirilir, onlar protez-ortopediya məmulatları ilə təmin olunur.

Yeri düşmüşkən biz də təşkilatın üzvü olan bir neçə müharibə veteranı ilə görüşüb söhbət etdik. Naxçıvan şəhər sakini, Sədərək döyüşlərində sağlamlığını itirən Əhəd Yusifov keçdiyi döyüş yolu barədə bunları dedi:
– 1992-ci ilin qanlı-qadalı günləri idi. Vətənpərvər oğullarımız könüllü olaraq cəbhəyə yollanır, torpağımıza mənfur düşmənin yaxın düşməsinə imkan vermirdilər. Mən də bir vətəndaş kimi Vətənin o dar günündə rahat otura bilməzdim. Elə onun üçün də öz istəyimlə qızğın döyüşlərin getdiyi Sədərək bölgəsinə yollandım. Düşmən güllələrinin ardı-arası kəsilmir, mərmi yağışından göz açmaq olmurdu. Lakin bu, bizi qətiyyən qorxutmur, mübarizlik ­əzmimizi qıra bilmirdi. Çünki bilirdik ki, düşmənimiz qorxaq, ikiüzlü, riyakar, insanlıqdan uzaqdır. Bizə hədəflədiyi silah-sursatı da havadarlarından əldə ediblər. Şiddətli döyüşlər zamanı mənimlə bərabər çiyin-çiyinə vuruşan neçə-neçə mərd oğullar şəhid oldu. Döyüşlər zamanı yaralananlar da az deyildi. Mən də həmin xəsarət alanlar arasında idim. 1992-ci il noyabrın 20-də ayağım düşmən gülləsinə tuş gəldi. Döyüşü davam etdirmək niyyətimi bildirsəm də, komandirimiz bunun mümkünsüz olduğunu izah edib məni xəstəxanaya yolladı. O illərdən çox vaxt keçsə də, yenə də o dəhşətli günlər xatirimdən çıxmır. Bu gün müharibə veteranlarına böyük qayğı var. Mən də bu qayğıdan bəhrələnmişəm. Naxçıvan şəhəri, Babək məhəlləsi bina 14 ünvanında mənzillə, eləcə də “Oka” markalı avtomobillə təmin olunmuşam. Bundan əlavə, müalicə olunmağım üçün də hər cür imkanlar yaradılıb. Bizə göstərilən qayğıya görə dövlətimizə minnətdaram.
Digər müsahibim Heydər Həsənov da müharibədə şücaət göstərib, veteran adını daşıyanlardandır. O da dedi ki, tarix boyu xalqımızın mərd, vətənpərvər oğulları çox olub. 1992-ci ilin Sədərək döyüşlərində yaşananları, torpaqsevər gənclərimizin rəşadətli mübarizəsini söz ilə ifadə etmək çətindir. Ümumiyyətlə, qəhrəman insanlarımız dünən də var idi, bu gün də, sabah da olacaq. 2016-cı ilin aprel döyüşlərində mərd oğullarımız düşmənə layiq olduğu cavabı verdi. Nəticədə, bir çox strateji ərazilər geri qaytarıldı. Düşmən isə kor-peşman halda geri çəkildi. Həmin döyüşlərdə şücaət göstərən, qəhrəmanlıq salnaməsi yazan eloğullarımız da az olmadı. Belə ki, Silahlı Qüvvələrimizin zabitləri – mayor Rasim Məmmədov, kapitan Toğrul Məmmədov və leytenant Qabil Orucəliyev bu döyüşlərdə əsl şücaət və rəşadət nümayiş etdirərək şəhidlik zirvəsinə ucaldılar. Şəhidlərin ailələrinə bu gün dövlətimiz tərəfindən böyük qayğı var, onların ailələri də bizim kimi hər cür şəraitə malik mənzillərlə təmin olunublar. Bütün bunlar dövlətimizin vətənpərvər insanlara, torpaq uğrunda vuruşanlara necə önəm verdiyini göstərir.
Yaqub Rzayev Qarabağ döyüşlərində iştirak edib, mətinlik göstərib veteran olduğuna görə özünü qürurlu hiss edir:
– Düşmənin hərbi təcavüzü nəticəsində alovlanan Qarabağ müharibəsi zamanı vətənpərvər oğullarımız Vətənin müdafiəsinə qalxdılar və bu müqəddəs amal uğrunda şəhid olanlar da az olmadı, yaralananlar da. Mən də həmin vaxt o od-alovlu müharibədə iştirak edirdim. Tale elə gətirdi ki, döyüş vaxtı ayağımı itirdim. O zamanlar silah-sursat, texnika cəhətdən indiki qədər güclü deyildik. İndi ordumuz tam müasir silahlarla, texnika və avadanlıqlarla təmin olunub. Ötən il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Əlahiddə Ümumqoşun Ordunun nə qədər güclü olduğunu əyani surətdə görə bildik. Həmin gün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olundu, hərbi parad keçirildi. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələrinin şəxsi heyəti, müasir hərbi texnika və silah sistemləri, o cümlədən döyüş vertolyotu və təyyarələri nümayiş etdirildi. Bunları görəndə ürəyim dağa döndü, işğal altında olan torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə böyük inam hissi yarandı. İndi əminliklə deyə bilərik ki, güclü ordumuz çox keçmədən doğma torpaqlarımızı geri qaytaracaq.
Fərman İsmayılov da keçmiş döyüşçülərimizdəndir. O, 1993-cü ildə Ağdam şəhəri uğrunda gedən döyüşlərdə sağlamlığını itirib. Dedi ki, döyüşlərdə göstərdiyi şücaət sayəsində bu gün cəmiyyət arasında ona böyük hörmət göstərilir. Elə dövlətimiz tərəfindən də yüksək qayğıyla əhatələnib, ona da digər müharibə iştirakçıları kimi ev və avtomobil hədiyyə olunub. İstirahəti də çox yaxşı təmin olunur. Asudə vaxtını səmərəli keçirmək üçün vaxtaşırı Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubuna üz tutur. Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində ötən il klubun yeni binasının tikilərək istifadəyə verilməsini onlara verilən dəyərin daha bir ifadəsi kimi qiymətləndirən müsahibim bu məkanın üstünlüklərindən də danışdı. Dedi ki, burada yaradılan imkanlar sayəsində həm dost-tanışla söhbət edir, dama oyunu oynayır, həm də mütaliə ilə məşğul olur. Bir sözlə, dövlətimiz tərəfindən yaradılan imkanlar bütün müharibə iştirakçıları kimi onun da ürəyincədir.
Yaşlı nəslin nümayəndələri, xüsusilə də müharibə dövrünü yaşamış, ağrılı-acılı günlərin şahidləri olan bu vətənpərvərlərlə söhbət insana, sözün həqiqi mənasında, böyük əhval-ruhiyyə bəxş edir. Onlar müstəqil Azərbaycanın yaranmasında, güc və qüdrət qazanmasında öz canlarını və qanlarını əsirgəməyiblər. Bu gün hər bir Azərbaycan gənci dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq istər hərbi xidmət zamanı, istərsə də ondan sonrakı dövrdə döyüşməyə, işğal altında olan torpaqların azad olunmasında iştirak etməyə hazırdır.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4265501
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
100
6483
18666
96859
4265501

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter