25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bölgəmizdə qış nə dərəcədə sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayır, bununla bağlı müxtəlif adətlərə, inam və mərasimlərə əməl edir. Unutmayaq ki, ancaq qışın və yazın qarşılanması təntənə ilə keçirilir. Başqa sözlə desək, xalqımız qışı xoş qarşıladığı kimi onu təntənəli şəkildə də yola salır. Vaxtilə qış əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. İnsanlar bütün yorğunluqlarını qış mövsümündə atardılar. Qış görüləcək işlərin az olması səbəbilə həm də bir istirahət və əyləncə mövsümü idi. 

Xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq “çillə” adı ilə üç yerə bölmüşdür. Çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı haqqında deyilmiş bir söyləmə vardır.

Rəvayət. Böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: “Nə etdin?” Böyük çillə cavab verir: “Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.
Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, bu da dörd gün böyük çillədən, dörd gün isə kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, böyük çillənin son, kiçik çillənin isə ilk dörd günləri qışın ən sərt günləridir. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə, bu bölgədə böyük çillə qurtarıb, yerini kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “Çillə kəsdi” oyunu və ya şənliyi keçirilərmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.
Folklorşünas Bəhlul Abdullayev yazır ki, insanlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da “çillə kəsmək” adlanırdı. Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə “qışın oğlan çağı” da deyilir. Kiçik çillənin şaxtalı, boranlı olmasını “kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görürük.

Kiçik çillə vay çillə,
Qarlı dumanlı çillə,
Gəbə, kilim toxuduq,
Cəhrəmizdə var çillə.

Deyilənə görə, kiçik çillə daxil olduğu kimi, çıxanda da havada bir dəyişiklik yaradır.
Kiçik çillənin adı ilə bağlı xalqımız bir söz də qoşubdur:

Kiçik çillə
Boyu bir belə
Hikkəsi iri belə...
Gəlişi oldu hayınan
Gedişi oldu vayınan.

Müxtəlif mənbələrə əsaslanaraq demək olar ki, Novruz bayramından əlli gün qabaq, böyük çillənin axırı odla əlaqəli olaraq Səddə bayramı keçirilirdi. Bunu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında da görürük.
Etnoqrafik çöl materiallarına görə, xalq təqviminə uyğun olaraq böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilmişdir. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir.
Araşdırmalardan məlum olmuşdur ki, Ordubadda böyük çillə ilə kiçik çillənin arasındakı “təhvil-təslim dövrü”ndə və ya böyük çillə qurtarıb yerini kiçik çilləyə verən günü “Çoban bayramı” və ya “Saya gəzmə” adlı mərasim təşkil edərdilər. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, dölün bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi. Eyni zamanda bu tariх maldarlar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi.

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru, dosent

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128756
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1560
4356
5916
92356
4128756

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter