23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Parklarda, istirahət məkanlarında və ya azyaşlı uşaqlar olan ailələrdə “qaçma”, “nadinclik etmə”, “yavaş ol, yıxılacaqsan” kimi ifadələri gündəlik həyatımızda çox eşidirik. Əksər valideynlər övladlarının bu hərəkətlərini ərköyünlüklə əlaqələndirir, bu xüsusiyyətlərə görə onları  “nadinc uşaq” adlandırırlar. Bəs bu, həqiqətən belədirmi? Bəlkə, övladınızın hiperaktiv olması ilə əlaqədardır?

Əvvəlcə tibdə “hiperdinamik sindromu” adlandırılan hiperaktivlik barədə mütəxəssis fikirlərini öyrənək. Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov deyir ki, hiperdinamik sindrom uşaqlarda 7 yaşına qədər müşahidə olunan hərəki oyanıqlıq, diqqətin yayınması ilə müşayiət olunan pozuntudur. Səbəbi əvvəllər, əsasən, baş beyində olan xəstəliklərlə – travma, neyroinfeksiya və digər xəstəliklərlə əlaqələndirilib. Son zamanlar isə əsas səbəb kimi genetik amillər göstərilir.
Hiperaktivliyin əsas əlamətləri diqqətin yayınması, bir yerdə qərar tutmamaq, tələskənlik, impulsivlikdir. Adətən, bu, məktəbəqədər dövrdə, yəni 3-5 yaşlarda aşkar olunur. Lakin əsas əlamətlər məktəb dövründə daha çox diqqəti cəlb edir. Belə ki, uşaq dərslərdə əziyyət çəkir, onun qavrama qabiliyyəti aşağı səviyyədə olur. Belə uşaqlar parta arxasında düzgün oturmur, tez-tez yerini dəyişir, cüzi məhdudiyyətin tətbiqi onlarda kəskin narahatlıq yaradır. Uşaqlar bir tərəfdən qıcıqlı, emosional dəyişkən olur, bununla yanaşı, tez inciyib-küsürlər. Əqli inkişafın normal həddə olmasına baxmayaraq, çoxhərəkətlilik və diqqət cəmlənməsinin pozulması intellektual fəaliyyətdə məhdudiyyət yaradır. Onların intellektual qabiliyyəti hər hansı bir fəaliyyət maraq oyatdığı anda aşkara çıxır.

Baş həkim qeyd edir ki, yaş artdıqca həmin sindromun əlamətləri azalır, lakin bəzən bu, yetkin yaşlarda da müşahidə olunur və şəxsiyyət dəyişkənliyi ilə nəticələnir. Beləliklə, dediklərimi ümumiləşdirdikdə hiperdinamik pozuntuda bu əlamətlər olur: Məktəbdə hadisələri diqqətlə izləmək qabiliyyətinin olmaması, diqqətsizlik, deyilənlərə qulaq asma­maq, dərs tapşırıqlarını sonadək yerinə yetirməmək, oyunlarda təşkilatçılıq qabiliyyətinin olmaması, əşyaları tez-tez itirmək, əqli fəaliyyət tələb edən işləri sevməmək, xarici qıcıqlara diqqətin tez yayınması, unutqan­lıq, tez-tez yerini dəyişmək, əlləri və ayaqları ilə narahat hərəkətlər etmək, həddən artıq hərəki aktivlik, başqalarının söhbətinə qeyri-adekvat qarışmaq və sair bu kimi əlamətlər aşkar olunur.
Hiperdinamik sindrom 7 yaşına qədər müşahidə olunduğundan uşaqlarda ilk məktəbə uyğunlaşma prosesinə mane olaraq lazımi səviyyədə təhsil almalarına imkan vermir. Buna görə də belə uşaqlar vaxtında müayinə olunmalı və müalicəyə cəlb edilməlidirlər. Bu zaman nəticə əldə olunur, gələcəkdə daha ağır patologiyaların yaranmasının qarşısı alınır.
Bildiyimiz kimi, bütün xəstəliklərin psixoloji yöndən də təsnifatı var. Bəs psixologiyada hiperaktivlik necə izah edilir, onun müalicəsində nələr məsləhət görülür? Sualları cavablandırması üçün mütəxəssis Sevinc Cabbarovaya müraciət etdik. O dedi:
– Ümumiyyətlə, uşaqlar aktiv olurlar. Bir yerdə oturmur, ard-arda müxtəlif suallar verir və onları maraqlandıran hər şey haqqında qaneedici cavab alana kimi biz böyüklərdən əl çəkmirlər. Bu, uşağın əqli inkişafının normal qaydada getdiyini göstərir. Lakin bəzi uşaqlarda bu hallar çox kəskin şəkildə özünü büruzə verir. Ona görə də elmdə ona “hiper­aktivlik” adı verilib. Övladlarında hədsiz aktivlik müşahidə edən valideynlər sadə bir testlə şübhələrində yanılıb-yanılmadıqlarını yoxlaya bilərlər. Test çox sadədir və yalnız diqqətlə müşahidə aparmaq tələb edir. Belə ki, əgər övladınız hərəkətli gün keçirirsə, bu, normaldır. Yox, əgər gün ərzində güc tələb edən işlərlə məşğul olub yorulmağına baxmayaraq, yenə də özündən asılı olmayaraq, hərəkətdədirsə, deməli, belə halda övladınız hiperaktivdir. Əgər övladınız çox sual verirsə və cavabı diqqətlə, sakit halda dinləyirsə, bu, normaldır. Yox, əgər ünvanladığı sualların cavabına qulaq asmır, tez-tez sözünüzü kəsirsə, bu zaman hiperaktivdir. Əgər o, müvəqqəti narahatçılığı olduğu zamanlar istisna olmaqla, gün ərzində normal yatır və yemək yeyirsə, aktiv, əks hallarda isə hiperaktivdir. Aktiv uşaq hər yerdə aktiv deyil. Hiperaktiv uşaqlar yaşıdlarından fərqli olaraq hər yerdə – istər evdə, məktəbdə, istərsə də qonaq getdiyi hər hansısa bir evdə, cəmiyyət arasında öz aktivlikləri, nadinclikləri ilə seçilirlər. Aktiv uşaqlar aqressiv olurlar. Onların əlindən sevimli oyuncaqlarını aldıqda, yaxud da istədikləri yerə aparmadıqda onlar belə hallara aqressiv reaksiya verə, sizdən küsüb-inciyə bilərlər. Bunun əksi olaraq, hiperaktiv uşaqlar özləri heç yoxdan münaqişə yaradır, ətrafındakıları qıcıqlandıraraq onunla dalaşmasını istəyirlər.
Qeyd edək ki, övladları hiperaktiv olan valideynlər diqqətli olmalıdırlar. Bu cür uşaqlarla sərt danışaraq “bunu etmə”, “ona dəymə” və sair kimi kəskin qadağalar qoymaq olmaz. Belə etdikdə onlar daha da qıcıqlanırlar. Bu, sırf şüuraltından asılı olan bir haldır. Belə ki, qadağa xarakterli bir sözü deyəndə şüuraltı olaraq onun əksini edir. Məsələn, “bunu etmə” desən, o, “et” olaraq qəbul edəcək. Bu, bəzən böyüklərdə də belədir. Yaxşı olar ki, belə qadağatipli sözləri pozitiv formada onlara ünvanlasınlar. Məsələn, “qaçma, yıxılarsan” əvəzinə “ehtiyatlı ol”, yaxud da “özünü qoru” deyə bilərik.
Digər bir məsələ isə uşaqlarla vaxt keçirəndə, necə deyərlər, dünyaya onların gözüylə baxmaqdır. Məsələn, övladınız oyuncaqları ilə oynayır, yaxud da cizgi filmlərinə baxırsa, valideyn də ona qoşulmalı, onun etdiyini təkrarlamalıdır. Bu zaman, məsələn, oyuna müdaxilə etmək qəti şəkildə olmaz. Belə olan halda, övladınız sizin, hətta dediklərinizə belə, fikir verməyəcək. Amma yanına əyləşib, necə deyərlər, onun öz dünyasında yer almağı bacarsanız, bu zaman ona təsiriniz də daha effektli olacaq.
Hiperaktiv uşaqları cəzalandırmaq, təhqir etmək olmaz. Ancaq bəzi valideynlər uşaqları nadinclik etdiyi zaman səhvliyə yol verərək “səninlə bir də danışmayacağam”, “sənin anan olmayacağam” kimi ifadələr işlədirlər. Bilmirlər ki, uşaqları sakitləşdirmək üçün bu, olduqca zərərli bir vasitədir. Valideynlər elə etməlidirlər ki, uşaqlar hər bir hərəkətinə görə özləri məsuliyyət daşısınlar. Onlar seçim qarşısında qalarkən düzgün olanı seçməyi bacarsınlar.
Sevinc Cabbarovanın sözlərinə görə, belə uşaqlar özlərində olan mənfi enerjini düzgün yönə sərf etməli, onlar üzərindəki gərginliyi atmalıdırlar. Bunun üçün hiperaktiv uşaqları müxtəlif aktiv idman növlərinə yönləndirərək həmin enerjini onlar üçün faydalı bir istiqamətdə dəyərləndirə bilərlər. Ev şəraitində isə plastilindən müxtəlif fiqurlar düzəltmək, rəsm çəkmək də effektli təsir gücünə malikdir.
Valideynlərin uşaqlardan daha çox şey istəməsi, ailədə olan problemlər də hiperaktiv uşaqlara mənfi təsir göstərir. Uşağın psixoloji halı valideynin psixoloji vəziyyəti ilə bilavasitə bağlıdır. Valideyn işə ilk olaraq özündən başlamalıdır. Təəssüflər olsun ki, bəzi valideynlər belə məsələlərə biganə yanaşırlar. Unutmaq olmaz ki, övladlarımız gələcəyin valideynləridir və onlar necə yetişəcəklərsə, öz övladlarını da o cür tərbiyə edəcəklər. Qısaca, bizim övladlarımıza qarşı laqeydliyimiz gələcək nəsillər üçün böyük problemlərin başlanğıcına çevrilə bilər. Buna görə də onlara zamanında lazımi diqqəti göstərərək elə kiçik yaşlarından ideal bir valideyn olmağın sirlərini praktik cəhətdən aşılaya bilərik.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811957
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11062
15275
11062
347017
4811957

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter