23 İyun 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bizi yaylağa aparan maşın sövdələşdiyimiz vaxtda gəldi. Sürücümüz Füzuli dağ yollarına bələd olduğu üçün o qədər də tələsmir, axşam toran çalana qədər gedib-gələcəyimizin vədini verirdi. Maşın üzüyuxarı hərəkət etdikcə dağların ağuşunda lövbər salan Kükü kəndi yavaş-yavaş gözdən itirdi. Maşının pəncərəsindən içəri dolan sərin meh bizi həm təbiətin xoş ətrinə, həm də qarlı zirvələrin soyuğuna alışdırırdı.

 Yamyaşıl dağların sinəsi, dərələrin və təpələrin arası ilə üzü Qanlıgöl yaylağına tərəf qıvrılan yolun kəskin uçurumlardan keçən döngələrinə çatanda maşındakılar hiss etdirməsələr də, daxilən keçirdikləri həyəcan və qorxu hissi üzlərindən oxunurdu.

Uşaqlıq xatirələrim yolboyu hər döngədən, yoxuşdan “boylanıb” məni səsləyir, yenidən o illərə qayıdırdım. Vaxtilə kərənti çəkməyimiz, atla, ulaqla şələ-şələ ot daşımağımız, buz bulaqlardan qan-tər içində birnəfəsə doyunca su içdiyimiz günlər kino lenti kimi gözlərimin qarşısından keçirdi. Sanki dünən idi...
İllər ötdükcə çoxalıb artmış, təbiətin sığalı ilə qol-qanad açmış həmərsin, yemişan, iydə və zirinc kollarının rəngbərəng çiçəklərinin yaratdığı mənzərə sanki ana təbiətin hana qurub yamaclarda toxuduğu min rəngli xalıya bənzəyirdi. Dörd bir tərəfi yaşıllıqlara qərq olmuş dağ yolunda irəlilədikcə adam boyu uzanmış qantəpərin, qayaların dibində ağaran limonlu kəklikotunun, dərələrə sığınan baldırğanın, səhləbin, çobanyastığının, dazotunun, solmazçiçəyin, yarpızın və adını bilmədiyim min bir dərdin davası otların ətrini duymaq, bəzən də kolun dibindən hürküb qaçan dovşanı, xınalı kəkliyi, uzaqdan zar-zor seçilən qaban sürülərini, dağ ayılarını görmək təbiətin gözəllikləri, zənginlikləri qarşısında heyranlığımızı və vurğunluğumuzu daha da artırırdı.
Qanlıgöl dəniz səviyyəsindən 3 min metr yüksəklikdə, Keçəldağın ətəyində yerləşir. Şahbuzun saf və buz kimi bulaq sularından qidalanan göl rəngini də elə təbiətin yaşıl donundan biçib. Göldən başlayan eyniadlı çay bu yerlərin ruzi-bərəkət rəmzi hesab olunur, kənd adamları bu dağların döşündəki, çəmənliklərdəki əkin sahələrini bu çayın suyu ilə suvarırlar.
İlk dəfə Qanlıgöl yaylağında ötən əsrin 90-cı illərinin əvvəllərində olmuşdum. Babam yaylağa köçmüşdü və mən qardaşım Kənanla böyük həvəslə yaylağa gəlmişdim. Bir gecə burada qaldıq. Lakin səhər olan kimi ikimiz də birtəhər yolunu tapıb kəndə qaçdıq. O vaxtlardan yaylaq sözün eşidən kimi təsəvvürümdə çətin, təhlükəli, qorxulu dağ həyatı canlanırdı. Həmin illərdə oba sakinlərinin yaylaqda qalması, təsərrüfatla məşğul olması çox müşkül məsələ idi. Dağların arxasından mənfur ermənilərin ağına-bozuna baxmadan səpələdikləri güllələrin aramsız səsi eşidilirdi. İnsanlar davarın, mal-qaranın sayını artırmaq barədə düşünmürdülər. Necə deyərlər, ta yaylağa köçmüşdülər deyə, birtəhər vaxtlarını keçirirdilər. Təsərrüfatların sayı azaldıqca, obaların, alaçıqların da sayı ilbəil, günbəgün azalırdı. Həmin vaxt Qanlıgöl yaylağında vur-tut bir, uzağı iki oba vardı. Lakin həmin o çətin dövrdə həmkəndlimiz, rəhmətlik Zakir dayının dediyi bir söz heç vaxt yadımdan çıxmaz: “Bala, mal-heyvan saxlamasam da, hər il yaylağa gələcəm. Qoy düşmən görsün ki, buralar sahibsiz deyil”.
O illərdə mal-heyvanın qışlaması üçün qaba yem tədarükü Küküdə əməlli-başlı zillət idi. Yayın bütöv iki ayı bu işə sərf olunardı. Adamlar sübh tezdən kərəntilərini sazlayar, biçənəklərdə axşam qaş qaralanadək ot çalardılar. Kərənti, lay, xorum onları elə qədəmdən salardı ki, bir də qışda özlərinə gələrdilər. Həmin vaxtlar bu bərəkətli torpaqlardan ot biçməkdən başqa, digər bir məqsəd üçün istifadə olunduğunu da görmədim. Bir sözlə, otu biçmək də, daşımaq da, mal-heyvan saxlamaq da həm çətin idi, həm də səmərəsiz. Niyə səmərəsiz? Çünki əldə olunan qazanc adamların illik pendir, yağ, süd, qatıq tələbatını ödəməkdən başqa bir işə yaramırdı. Nə bazara məhsul çıxaran vardı, nə də bazara çıxarılacaq qədər məhsul istehsal edən.
Lakin bu dəfə Qanlıgöl yaylağında gördüklərim, qarşılaşdıqlarım məni təəccübləndirdi və bir o qədər də qürur duydum. Artıq insanlar ot biçinini iki ay yox, bir həftə ərzində yekunlaşdırırlar. Çünki indi kərənti yox, müasir otbiçən maşınlar var. İndi insanlar bu torpaqlarda həm də hektarlarla kartof əkirlər. Bu yerlərdə çoxlu arı ailələri saxlanılır, güldən, çiçəkdən çəkilən Kükü balı bazarda əl-əl axtarılır. İndi Qanlıgöl yaylağında beş-on qoyunu-quzusu, bir-iki inəyi olan kənd adamları deyil, böyük təsərrüfatları olan kükülülər, xöklülər, ayrınclılar, mahmudkəndlilər öz fermer təsərrüfatları ilə məskən salıb, obalar qurublar. Kimi 3-5 min arası xırdabuynuzlu heyvan saxlayır, kimi sürü ilə mal-qara... Hə, onu da deyim ki, ilk dəfə bu yerlərdə camış saxlayan da gördüm. Bu zirvələrdə Kükü obası ilə yanaşı, Xok, Mahmudkənd, Ayrınc obaları da var. Qanlıgöl yaylağında 20-yə yaxın çadır saydım, həmkəndlim Fariz dedi ki, hələ ayın sonuna qədər bir o qədər də gələcək.
Fariz Kükü kəndində heyvandarlıq və maldar­lıqla məşğul olan zəhmətkeş bir insandır. Yaylaqda ailəsi ilə birlikdə məskən salıb. Bu dağlar qədər vüqarlı və mətin, bulaqlar qədər saf və təmiz, bir də ana təbiət qədər səxavətli, qonaqpərvər və təmənnasız bir insandı. Farizin xarakteri əməlinə, işinə, yaşam tərzinə hopub. Obada rahat yaşamasından, ona göstərilən qayğıdan genə-bola danışdı. Onun dediklərinin vergülünü də dəyişmədən təqdim edirəm: “Bu dağlar, oba həyatı olmasa, mən yaşaya bilmərəm. Dolanışığım bu yerlərlə bağlıdır. Məhsulumu – pendiri, yağı, kərəni elə yaylaqda, bura gələn qonaqlara satıram. Ötən il əldə etdiyim qazancla “Mitsubishi” markalı dağ maşını almışam. Yük maşınım da var. Bir də ailələrimizlə bu yaylaqlarda məskən salmağımızın bir səbəbi də ordumuza, əsgərlərimizə olan güvənimizdir. Onlara arxayınıq. Bilirik ki, bizim üçün bütün imkanlar yaradılıb. Arada baytarlar gəlib təsərrüfatımızı dərmanlayır, tövsiyə və məsləhət verirlər. Xəstəxanadan həkimlər gəlib bizi müayinə edirlər, sağlamlığımızın qeydinə qalırlar. Tez-tez maşınla gündəlik tələbat malları gətirib burada satırlar. Biz oba sakinləri ona “dükan maşını” deyirik. Bir də uzun yol qət edib kəndə, şəhərə getmirik. Yəni mən vaxtımı təsərrüfatıma sərf edirəm. Elə oba adamına da bu lazımdır. Övladlarımı oxutmuşam. Hərəsi bir peşə sahibidir. Qısası, biz burda rahat və təhlükəsiz yaşayırıq, işləyirik”.
Xok, Mahmudkənd, Ayrınc obalarında gördüyüm yaylaq adamlarının hər biri də eyni sözləri dedi, minnətdarlıq etdilər. Onlar yaylaqlarda səyyar tibbi və iaşə xidmətlərinin təşkilini dövlətimizin harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsi kimi dəyərləndirdilər.
Həyat zəhmət üzərində qurulub. Oba sakinləri ilə söhbət zamanı bunun bir daha şahidi oldum. Bu insanlar çaydan keçmək üçün çayın qurumasını gözləmirlər. Onlar zəhmət çəkirlər, çox işləyirlər və nəticədə həm bol qazanc götürürlər, həm də ərzaq təhlükəsizliyinə öz töhfələrini verirlər.
Muxtar respublikanın hər bir qarışı kimi, bu dağlarda da sərhədlərimiz etibarlı müdafiə olunur. Keçəldağın zirvəsindəki müasir əsgər postları, sıldırım dağın bağrını yarıb çəkilən hərbi təyinatlı yollar bu yerlərdə xidmətin nümunəvi təşkilindən soraq verirdi. Mətin, vüqarlı, şahin baxışlı əsgərlərimizi görəndə, oba sakinləri ilə əsgərlər arasındakı həmrəyliyin şahidi olanda bir daha əmin oldum ki,vətəni qorumağın da, qurub-yaratmağın da yolu birlikdən keçir. Xalqla ordu arasındakı birliyin bir nümunəsi də oba sakinləri ilə burada xidmət edən əsgərlər arasında yaranıb.
Oba həyatının öz gözəlliyi var. Burada zaman Günəşin hərəkəti ilə nizamlanır. Günəş səhər-səhər Keçəldağın arxasından boylanmağa başlayanda, hələ çəmənlərin şehi çəkilməmiş artıq oba sakinləri çoxdan mal-heyvanı sağıb örüşə çıxarmış olurlar. Qoyun-quzu mələşməsi, at kişnərtisi, çoban tütəyinin səsi sabahın soyuq sazağına qarışıb dağlarda əks-səda verdikcə insanın ruhu təzələnir. Kimi təzəcə sağdığı süddən xama, qaymaq, pendir tutur, kimi şor-kərə, lor hazırlayır, qurut sərir, kimi də bir gün öncədən yığdığı dihcəni, ələyəzi hörükləyir. Sürünü, naxırı örüşə çıxaran çobanların harayı, çadırlardan gözlərini ovuşdura-ovuşdura çıxan dağ lalələri kimi alyanaqlı oba uşaqlarının ürkək və bir o qədər də maraqlı baxışları, ömrü-günü zəhmətlə yoğurulan oba qadınlarının təsərrüfat qaçhaqaçı, ocaqların göylərə millənən tüstüsü, hər gün bişirilən təndir çörəyinin – lavaşın, qalının ətri, atçapan yeniyetmələrin hünər nümayişi oba həyatının ən yaddaqalan lövhələri kimi insanın yaddaşında dərin izlər buraxır. Ustad Aşıq Ələsgərin də dediyi kimi:

Könlüm qaranquş tək uçub qoynuna,
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhum təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı yaylaq!

Yaylaq həyatı həm də xalqımızın etnoqrafik yaddaşında xüsusi yer tutur. Ağ çalmalı dağların ətəklərində məskən, yurd salmaq, təsərrüfatla məşğul olmaq hələ min illər bundan əvvəl əcdadlarımızın həyat tərzinin ayrılmaz parçası olmuşdur. Məişət mədəniyyətimizin, folklorumuzun, təsərrüfatçılıq ənənə­lərimizin bir hissəsi də yaylaqlarda formalaşmışdır. Yaylaqlarda qurulan sazlı-sözlü məclislər – zurna səsi, saz havası, bulaq başında qız-gəlinlərin zümzümə etdikləri nəğmələr söz sənətimizi, folklorumuzu zənginləşdirmişdir. Bığıburma cavanların, gənclərin cıdıra çıxıb at çapması, ağbirçək nənələrimizin təndir çatıb çörək bişirməsi, eli-obanı bir ocaq ətrafına toplaması, əslində, xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinin, həyat tərzinin yaşadılması deməkdir. Təndir, ocaq təkcə məişət qayğılarını simvolizə etmir, həm də yaylaqlarda yurd, məskən salmağın – bir ocaq başında yığışmağın elementi kimi qəbul olunur. Aparılan tədqiqatlar və arxeoloji qazıntılar nəticəsində qədim yurd yerlərində aşkar olunan müxtəlif quruluşlu təndirlər, ocaq yerləri bunu bir daha təsdiq edir. Yəni vaxtilə aranda yaşayanlar şəhər mədəniyyətinin əsasını qoymuşlarsa, elat həyatı sürən oba sakinləri də özünəməxsus dəyərlər, adət-ənənələr sistemi formalaşdıraraq bu mədəniyyəti daha da zənginləşdirmişlər.
Yaylaqlarda formalaşan təsərrüfatçılıq ənənələri haqqında da bir neçə kəlmə demək yerinə düşər. Ötən il Ordubad rayonundakı Göygöl yaylağında da bunun şahidi olmuşdum. Qanlıgöldə də eynisini gördüm. Bu yerlərdə insanlar 500, 1000 manat xərc çəkib soyuducu almırlar, əsrlər əvvəl olduğu kimi, təbii soyutma vasitələrindən istifadə edirlər. Buna heç bir enerji sərf edilmir, əlavə xərc də tələb olunmur. Belə ki, süd məhsulları – pendir, yağ, kərə ərazidəki buz kimi bulaq sularının dövr etdirilməsi nəticəsində yaradılan təbii soyducularda saxlanılır və maşın-maşın daşınaraq Naxçıvanın, Bakının bazarlarına göndərilir.
Oba sakinlərindən ayrılıb Keçəldağın məlhəm sulu bulaqlarına da baş çəkdik. Günorta vaxtı olmasına baxmayaraq, hava sərin idi. Daha dəqiq desək, soyuq idi. Qanlıgölün sərin mehi otların arasından süzülüb yavaş-yavaş zirvələrə tələsdikcə, adamın bədəninə üşütmə düşürdü. Sürücümüz Füzulinin də dediyi kimi, Qanlıgöl yaylağı, Keçəldağın ətəkləri yayın ortasında – günün günorta çağında kölgə, daldalanacaq axtarılmayan yeganə yerlərdir. “Yurd”, “Pünhan”, “Kəlba Nəbi”, “Zinə”, “Xan” bulaqlarının gözündə təzə-təzə boy verən qara yarpızdan, acıqıcı otundan yığıb oba pendiri və lavaşla dürmək də tutduq. Diş göynədən sudan içib, yarpızdan yığıb, bir az da pay-püşk üçün götürdük.
Bulaqların başı qələbəlik idi. Şəhərin istisindən, səs-küyündən baş götürüb qaçanlar təbiətə pənah gətirmişdilər. Oba sakinləri ilə bu yerin qonaqları arasındakı xoş ünsiyyət, səmimiyyət, bir də qatıq, pendir, süd, qaymaq, şor-kərə halallığı, ruzi-bərəkət qoxusu görülməyə dəyərdi. Yəni qısacası, kənd turizmi yavaş-yavaş obalara da ayaq açıb. Hətta oba sakinləri dedilər ki, şəhərdən gəlib çadırlarda qalanlar, bizimlə birgə oba həyatı yaşayıb istirahət edənlər də var.
Buradan belə bir nəticə çıxır: sabitlik, əmin-amanlıq, bir də insana qayğı olan yerdə – bu istər Naxçıvan şəhərində olsun, istər Kükü kəndində olsun, istərsə də bax elə Keçəldağdakı, Qanlıgöldəki yaylaqlarda olsun – inkişaf da olacaq, məskunlaşma da olacaq, rahat yaşayış da olacaq...
Yazmağa doymadığım kimi, gəzməyə də doymadığım Qanlıgöl yaylağından Günəş yavaş-yavaş hənirtisini çəkirdi. Küküdağın arxasından qalxan bir əlçim bulud Batabat yaylağına doğru tələsir, sanki eldən-elə soraq aparırdı. Bu arada çobanlar sürülərin, naxırların ağzını obaya doğru salmışdılar. Beləcə, bizim də getmək vaxtımız gəlib çatmışdı. Amma mən 15-20 il bundan əvvəlki kimi buradan qaçmaq istəmirdim. Elə obada gecələmək, yaylaq həyatının bu növrağını dadmaq həsrətində idim. Həsrətimi, arzumu başqa bir vaxta saxlayıb, onun yerinə bu diyarın vurğunu olan vətəndaş şair Məmməd Arazın bir bənd şeirini pıçıldayırdım:

Yenə dağ döşündə dənərləndi qar,
Yenə zirvələrin həsrətində qal,
Sel qopdu, dərəyə düşdü qalmaqal...
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?! 

Ülvi Hüseynli
jurnalist