22 Avqust 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda yaşayan tənha ahıllar bunu daha yaxından hiss edirlər

İnsan yaşa dolduqca qayğıya, sevgiyə, hörmətə ehtiyacı daha da artır. Ömürlərini övladlarına həsr etmiş, saçlarını yuxusuz gecələrdə, qayğılı günlərdə ağartmış valideynlərin bəziləri qayğıya, diqqətə möhtac olduqları vaxt, təəssüf ki, diqqətdənkənar, köməksiz, tənha, kimsəsiz qalmağa məcbur olurlar. Hətta bəzən cəmiyyətimizdə valideynlərini Ahıllar evinə qoyan vicdanı kasad övladlara da rast gələ bilirik. Bəzən də onları taleyin amansız, acımasız hökmü tənha yaşamağa məcbur edir.

Bu gün isə onlar özlərini tənha, kimsəsiz hesab etmirlər. Çünki onlara sahib çıxılır, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən uğurlu addımlar atılır, davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ölkəmizdə olan bütün ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzində saxlanılır. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Həmin tədbirlər ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Muxtar respublikamızda da yaşlı, ahıl insanların problemlərinə həssaslıqla yanaşılır. Ahıl vətəndaşlara daim qayğı göstərilir, sağlamlıqlarının qorunması, sosial şəraitlərinin yaxşılaşdırılması və müalicələrinin təşkilinin təmin olunması diqqət mərkəzində saxlanılır. Ahılların asudə vaxtlarının səmərəli təşkili, mədəni və ictimai həyatda fəal iştiraklarının təmin edilməsi istiqamətində tədbirlər görülür.

Naxçıvanda say etibarilə 200 nəfərdən çox tənha ahıl vətəndaşa sosial-məişət xidməti göstərilir və bu tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimai əsaslarla təyin olunan əməkdaşlar həftənin müəyyən günləri tənha ahıl vətəndaşların evlərinə gedərək onlara xidmət edirlər.
Dövlətin bu qayğısından yararlanan tənha ahıllardan biri, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar məhəlləsində yaşayan Bulqeyis Hüseynovanın evinə yollandım. Qapını döydükdə, “kimdi?” – deyə soruşan nənəyə – Allah bəndəsiyəm, ay nənə, sənə baş çəkmək üçün gəlmişəm dedikdə – qapını təəccüblə açan, eyni zamanda eşitdiyi sözdən qəlbindəki sevinci üzündə əks olunan nənəni qarşımda gördükdə köv­rəlməmək üçün özümü güclə saxladım. Elə astanadaca məni öz doğma balası kimi bağrına basaraq içəri dəvət etdi. Yol gələrkən zehnimdə canlandırdığım “evə çökmüş sükut, dörd divar və bir qadın” mənzərəsindən əsər-əlamət yox idi. Səhər radələrində ora getməyimə baxmayaraq, artıq evdə xidmət göstərən əməkdaşlar nənəyə qulluq edirdilər. Onlar mənə “xoş gəlmisiniz” deyərək, nə məqsədlə gəldiyim haqda maraqlandılar. Bir neçə dəqiqəlik tanışlıqdan sonra qürurverici, eyni zamanda xeyirxah əməllərindən söhbət açdılar. Əməkdaşlardan biri, həmsöhbətimiz Nubar İsmayılovanın dediklərindən: “2004-cü ilin avqust ayından Bulqeyis ananın evində ona xidmət edirəm. Neçə illərdir ki, həvəslə öz anam kimi onun qulluğunda dururam. Dövlətin qayğısını çəkdiyi Bulqeyis nənə kimi neçə-neçə belə yaşlı ana-atalar var. Demək olar ki, biz hər günümüzü onlarla birlikdə keçiririk. Həftənin şənbə günləri isə evdə xüsusi təmizlik işləri gördüyümüzdən hər evə iki əməkdaşla birlikdə gedirik. Onların ehtiyaclarını qarşılayır, lazım gəldikdə özlərinin aldıqları təqaüdlə ərzaqlar alır, kommunal xərclərini ödəyirik. Bu xidmətin qarşılığında isə dövlətimiz tərəfindən məvacib alırıq. Hər birimiz çalışırıq ki, Bulqeyis ana və onun kimi neçə belə tənha, ahıl ata-analarımızın könlü xoş olsun. Onsuz da tale onların üzünə gülməyib, barı az da olsa, biz onların könüllərinə məlhəm olaq. Yaşlılar hər zaman bir xoş sözə, doğma nəfəsə, qayğıya möhtacdırlar. Taleyin hökmünü bilmək olmaz, kimə harda, necə, hansı qisməti yazır. Mən dövlətimə, hər şeydən əvvəl, ona görə minnətdaram ki, mənim belə xeyirxah əməl sahibi olmağıma imkan yaradıb”.
Nubar xanımın söhbətindən belə qənaətə gəldim ki, onlar arasında köməkçi və qadın münasibətindən çox ana-bala münasibəti yaranıb. Xoş münasibət uman ahıllara sosial xidmətdən əlavə, əməkdaşlar həm də mənəvi dəstək olurlar. Dost kimi söhbət edir, dərdlərinə şərik olmağa çalışırlar.
80 yaşlı Bulqeyis nənənin uzun illər tək yaşamasının səbəbi, sözün düzü, məni çox düşündürürdü. Lakin acı xatirələrini yada salıb, onu incidərəm deyə, keçmişdən söhbət açmağa ehtiyat edirdim. Çox keçmədi, sanki marağımı hiss edirmiş kimi, dərin bir ah çəkərək, keçmişi özü yada salıb, əzab-əziyyətli, keşməkeşli ömür yolundan doluxsunaraq söhbət açdı: “İllər əvvəl, hələ 17 yaşımda ailə həyatı qurdum. Bir oğul sahibi oldum. Bəxtəvər günlərimdən çox keçmədi ki, yoldaşımı da, oğlumu da bir qəzada itirdim. Sonra qaldım tək-tənha. Sözün açığı, illər əvvəl qocalıqda tənhalıq qorxusu məni çox narahat edirdi. Nə bir qapımı döyənim, nə bir halımı soruşanım var idi. Hələ ötən əsrin 90-cı illərinin o çətinliklərini, qıtlığını, yoxluğunu demirəm. O vaxtlar nə böyüyə, nə kiçiyə belə qayğı, diqqət yox idi. Allahın suyu belə, gah gələr, gah gəlməzdi. O məhəllədən, bu məhəllədən su daşıyardıq. Qışın oğlan çağında evdə soyuqdan dişim-dişimə dəyər, odun tapsam ocağımı qalayar, tapmasam da yun şalıma bürünüb, saatlarla sönən işığın yanmasını gözləyərdim ki, pilətənin zəif istisinə qızınam. İndi nə evimin şəraitindən bir narazılığım, nə də ürəyimdə məni narahat edən tənhalıq qorxusu var. Neçə illərdir ki, nazımı çəkən, əlimdən tutan, evimi səliqə-sahmana salan, hər şeydən əvvəl, mənə həyan olan övladlarım, dövlətin məni əmanət etdiyi qayğıkeş oğullarım, qızlarım var”.
Zəhmət dolu, cəfalı ömür sürən bu nənənin yaşadığı ağrı-acılı, əziyyətli, bir o qədər də ləyaqətli, dözümlü, məğrur həyat Azərbaycan qadınının ülviliyini, böyüklüyünü, səbrini, dözümlülüyünü bir daha sübut edir. Görünür, taleyin bu ağır sınağı onun yaşamaq həvəsini azaltmayıb, qəlbindəki ümid işığını söndürə bilməyib. Dövlətin ahıllara göstərdiyi qayğı və diqqət ona bütün çətinlikləri artıq çoxdan unutdurub. İllərin yorğunluğunu çiyinlərindən uzun müddətdir ki, atan Bulqeyis nənə bu günündən ürəkdolusu danışarkən, bu dövrdə yaşadığım üçün Tanrıya şükür edib, bu dövlətin vətəndaşı, bu Vətənin övladı olduğum üçün bir daha qürur duydum.
Hər bir insan ona həyat bəxş edən, onu dünyaya gətirən, onun qayğısını çəkən, boya-başa çatdıran valideynlərinə alın qırışdırmadan, səbirlə, həvəslə, sevgiylə yanaşmalı, qayğısını çəkməli, mehriban münasibət göstərməlidir. Gələcək nəsillərə nümunə olan ahıllara hörmət və qayğı həm də nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək kimi mühüm amala xidmət edir. Bu mənada, muxtar respublikada ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artması, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması yüksək insani keyfiyyət kimi dəyərləndirilir.

Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3865073
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12180
14815
26995
319290
3865073

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter