23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda həyata keçirilən sosial siyasət müasir dövrün mütərəqqi sosial mexanizminin prinsiplərini tətbiq edərək sosial qruplar arasındakı və daxilindəki münasibətlərin qorunub saxlanmasına, cəmiyyət üzvlərinin rifah halının və həyat tərzinin yüksəldilməsinə, istehsalda iştirak etmək üçün iqtisadi stimul yaradılmasına, sosial zəmanətin təmin edilməsinə yönəlib. Göründüyü kimi, ölkənin əsas hissəsindən ayrı düşən region olmasına baxmayaraq, muxtar respublika yeni sosial-iqtisadi mərhələyə inteqrasiya etməyi bacarıb. Belə bir şəraitdə qalır ki, ailələr öz həyat standartlarını müəyyənləşdirmək üçün dövlət dəstəyindən səmərəli yararlansınlar, dövrün tələblərinə uyğun öz ailə iqtisadiyyatlarını düzgün qura bilsinlər. Buna görə ailə büdcəsinin düzgün tənzimlənməsi, əmək qabiliyyətli üzvlərin məşğulluğu və kənd yerlərində yaşayanların təsərrüfata bağlı olması vacib şərtlərdir.

Ailə büdcəsini qorumaq, sosial ehtiyacları dəf etmək üçün ailə iqtisadiyyatı çeviklik tələb edir. Ona görə ki, ailə büdcəsi ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas və başlıca mənbəyidir. Məhz ailə büdcəsi sosial yaşayış baxımından ailənin həyat tərzini müəyyənləşdirir, bu və ya digər xərclərə şərait yaradır. Müəyyən müddət ərzində ailənin gəlirlərinin və xərclərinin məcmusu olan ailə büdcəsi dövlət, müəssisə büdcələrində olduğu kimi gəlir və xərclərin fərqindən asılı olaraq aktiv (fəal) və ya müsbət büdcə, passiv və ya kəsirli mənfi büdcə kimi dəyərləndirilir. Gəlirləri xərclərindən artıq olan ailə büdcəsi müsbət aktiv büdcə, əksinə, xərcləri gəlirlərindən çox olan büdcə isə kəsirli büdcə sayılır. Ailə büdcəsinin bölüşdürülməsində rasionallıq və məqsədyönlülük əsas prinsiplər kimi qəbul edilir. Ailə iqtisadiyyatının rasional təşkili ailənin idarə edilməsi formasından çox asılıdır. Ailə iqtisadiyyatı təşkil edilərkən burada büdcənin planlaşdırılması, operativ hesabat aparılması, büdcəyə nəzarət, yəni gəlirlərin və çıxarların nəzərə alınması vacib şərtdir. Ailə büdcəsi planlaşdırılarkən uzunmüddətli, yəni bir ildən çox olmayan zaman çərçivəsində plan qurulmalıdır. Bu zaman ailənin əsas üzvlərinin iştirakı vacibdir. Ailə büdcəsi, əsasən, cari, yaxud daimi təkrarlanan tələbatlar, məsələn, qida, geyim, nəqliyyat və sair xərclərə görə, uzunmüddətli istifadə üçün nəzərdə tutulan əşyaların alınması fondunun təşkil edilməsi, məsələn, mebel, soyuducu, avtomobil və sair əşyaların alınmasına hesablanmalıdır. Bu zaman əvvəlcə gəlirlər hesablanır, sonra isə çıxarlar uyğunlaşdırılır. Gəlirlər hesablanarkən əvvəlcə vergilərə ayrılan məbləğ müəyyənləşdirilir və bundan sonra qalan hissə əsasında yuxarıda qeyd edilən tələbatlara görə büdcə bölgüsü aparılır.

Ailə büdcəsini tənəzzül halına gətirməmək üçün çalışmaq lazımdır ki, əsas mahiyyəti eyni funksiyanı daşıyan hər hansı bir əşyanı alarkən büdcəyə uyğun olana üstünlük verilsin. Yəni qənaət rejiminə əməl edilsin. Məsələn, şəxsi avtomobil almaqda əsas məqsəd insanın və ailə üzvlərinin gedəcəyi yerlərə daha rahat və tez çatmaqdır. Bu imkanı şərti olaraq on min və otuz min manatlıq avtomobillərlə müqayisə edək. Zərurət yoxdursa, daha az yanacaq yandıran, istismar xərcləri az olan, kiçik tutumlu maşınlara üstünlük verilməlidir. Deməli, büdcəsi qənaətbəxş səviyyədə olmayan ailələr ikincini etməməlidirlər. Ailə büdcəsini qorumaq üçün qənaət formasını daha kiçikhəcmli məbləğdə olan mənzil əşyalarının, televizor, soyuducu, hətta geyim dəstlərinin alınmasında da tətbiq etmək zəruridir. Ailədə bəzi xərclərə isə qənaət etmək məqbul sayılmır. Təhsilə çəkilən xərc gələcəkdə ailəyə dəyər qatacaqdır. Sağlamlığa qoyulan xərclər isə investisiyadır.
Orta gəlirli ailələrdə büdcənin rasional tərtibi və əlavə xərclərin azaldılması əsas şərt hesab edilməlidir. Məsələn, əgər beş nəfərdən ibarət olan ailədə hər bir ailə üzvü hər gün düşünmədən on manat pul xərcləyərsə, il ərzində bu, böyük bir məbləğ olacaq. Buna görə də ailə büdcəsinə daha çox ölçü hissi olan şəxs nəzarət etməlidir ki, “kiçik dövlət”in üzvləri düşünülməmiş iqtisadi əməliyyatların nəticəsində maddi böhranla üzləşməsinlər.
Ailənin sosial baxımdan sabit bir qurum olduğunu və ailədə ata maddi, ana isə emosional rifahın qayğısına qalmalıdır kimi fikirləşənlər də var və bu, yanlışdır. Zəhmətkeş olmaq heç zaman ailə üzvləri arasında fikirayrılığı yaratmaz, əksinə, ailə münasibətlərində səmimiliyə yol açar. Buna görə də ailənin xərclərini qarşılamaq üçün gəlirlərinin artırılmasında ailə quran hər iki tərəfin işləməsi vacibdir.
Son illər muxtar respublikada sahibkarlıq sahəsində qazanılan uğurlar ailə iqtisadiyyatında yeni çalarlar yaratmağa, xüsusən də ailə biznesi formalaşdırmağa imkan verir. Ailə biznesi dedikdə, ənənəvi olaraq ümumi iş anlaşılır. Zəngin ailə ənənələri olan və dünya iqtisadiyyatına inteqrasiya edən muxtar respublikada biznesin bu modelinin də inkişafına münbit zəmin var. Ailə biznesinə toxunmaqda məqsədim odur ki, belə biznes ailə iqtisadiyyatının tərkib hissəsi olaraq ailə büdcəsi yaratmaq və öz imkanlarından istifadə edərək rahat və layiqli həyat yaşamaq baxımından potensialı və bacarığı olan ailələr üçün daha əlverişlidir. Sınamağa dəyər.
Muxtar respublika sakinlərinin yarıdan çoxu kənd yerlərində yaşayır. Bu da əhalimizə öz torpaq sahəsində fəaliyyət imkanı yaradıb gəlir götürməklə, ailə büdcəsini formalaşdırmağa imkan verir. Ailə təsərrüfatının inkişaf etdirilməsində və bunun fonunda ailə biznesinin formalaşmasında dövlətimiz maraqlıdır. Çünki biznesin bu qolunun genişlənməsi, yəni ailə kəndli təsərrüfatlarının yaradılması əlavə xərc çəkmədən əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır. Mülkiyyətində olan torpaqda işləyib vəsait əldə etmək ailələr üçün daha rahat mexanizmdir.
Bu təsərrüfat formalarının yaradılması və onun hüquqi əsasları ilə bağlı daha geniş məlumat vermək zəruridir. İlk olaraq qeyd etmək lazımdır ki, ailə kəndli təsərrüfatı ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin, o cümlədən məhsulların istehsalı, emalı, saxlanması, daşınması və satılmasının birgə həyata keçirilməsidir. Ümumiyyətlə, 10 ildən artıqdır ki, ölkəmizdə ailə kəndli təsərrüfatının inkişaf etdirilməsi üçün hüquqi mexanizmlər yaradılıb və tətbiq edilməkdədir. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyi­nə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və sə­mərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir.
Torpağı və digər əmlakı əsasında müstəqil fəaliyyət göstərmək, əmla­kının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək, bank və digər kredit təşkilatlarında hesablar açmaq, müəyyən edilmiş qaydada onların xidmətlərindən istifadə etmək, mülkiyyətçilərdən torpaq və əmlakı satın almaq və ya icarəyə götürmək ailə kəndli təsərrüfatının hüquqlarıdır. Ailə kəndli təsərrüfatı bir sıra vəzifələri yerinə yetirməlidir. Belə ki, torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq səmərəli istifadə olunmasını təmin etməli, torpaqların münbitliyini təmin edən aqrotexniki, iqtisadi və təşkilati tədbirləri həyata keçirməlidir. Bundan başqa, torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etməli, müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqlarını və digər ödənişləri vaxtında ödəməli, istehsal etdiyi məhsulların, gördüyü iş və xidmətlərin keyfiyyətinə dair sanitariya, ekoloji və digər tələblərə, standartlara əməl etmək, müvafiq qurumların öz səlahiyyətləri daxilində onların fəaliyyətinə aid qanunvericiliyə uyğun tələblərini yerinə yetirməlidir.
Ailə kəndli təsərrüfatı ilə dövlət orqanları və bələdiyyələrin qarşılıqlı münasibətləri də düzgün qurulmalı, ailə kəndli təsərrüfatı ərazinin iqtisadi və sosial inkişafını təmin edən proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşı­lıqlı fəaliyyət göstərməlidir. Eyni zamanda dövlət orqanları və bələdiyyələr qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ailə kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etməməlidir. Bu təsərrüfatlara dövlət orqanlarının və bələdiyyələrin himayəsi olmalıdır. Sevindirici haldır ki, muxtar respublikada dövlətin iqtisadi sahədə həyata keçirdiyi tədbirlərin təməlində qayğı amili dayanır. Belə ki, istehsal və sosial infrastrukturun formalaşması və yerlərdə ailə kəndli təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və təchizat təşkilatları şəbəkəsinin təşkili və inkişaf etdirilməsinə ciddi önəm verilir. Ekoloji təmiz istehsalın təşviqi, aqroservis, aqrokimyəvi, zoobaytarlıq və digər xidmətlərin təşkilinin, həmçinin toxum, əkin materialı, cins mal-qara və quş, avadanlıq və ləvazimat ilə təminat diqqət mərkəzində saxlanılır. Mütərəqqi texnika və texnologiyaların tətbiqinin, ailə kəndli təsərrüfatına güzəştli kreditlərin verilməsinin və lizinq xidməti göstərilməsinin, ailə kəndli təsərrüfatında məşğulluğun artırılmasını təmin edən xalq sənətkarlığının, yaşıl turizmin, ənənəvi və qeyri-kənd təsərrüfatı fəaliyyət sahələrinin inkişaf etdirilməsi dəstəklənir. İstehsal olunan məhsulları şəhər və rayon mərkəzlərində maneəsiz satmaq üçün ödənişsiz əsasda daimi satış yerləri ayrılır, həftəlik və mövsümi sərgi-yarmarkalar təşkil edilir. Göründüyü kimi, bütün bunlardan yararlanmaqla, əslində, vətəndaşlarımız yüksək səviyyədə həyat standartlarını təmin edə biləcək ailə büdcəsi yaratmaq imkanına nail ola bilərlər.

Ailənin əsas funksiyalarından biri olan təsərrüfat-iqtisadi funksiya pozulduqda ailə münasibətlərini, ailə büdcəsinin tərtib və istifadə edilməsini, ailə istehlakının təşkilini, ev əməyinin bölgüsünü və sair aspektləri tənzimləmək çətindir. Lakin ailə iqtisadiyyatı düzgün qurulmuş ailələrdə sabit psixoloji mühit formalaşır, ailənin sosial tələbatlarının ödənilməsi asanlıqla həllini tapır, ailə büdcəsi isə ailənin mövcudluğunun, inkişafının əsas şərti kimi çıxış edir. Buna görə də ailə qururuqsa, onu sosial baxımdan ayaqda saxlamalı, bunun üçün isə zəhmətə qatlaşmalıyıq.

Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055681
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2875
3998
32913
107012
3055681

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter