15 Oktyabr 2019, Çərşənbə axşamı

Qədim oğuz-türk tayfalarının yaşayış məskəni olan Kəngərli yurdu tarixi-arxeoloji abidələri ilə yanaşı, xalqımızın mənəvi inanc yeri olan ziyarətgahları ilə də zəngindir. XVIII əsrin türk səyyahı Övliya Çələbinin yazdığı “Səyahətnamə” kitabında göstərilir ki, təkcə qədim Qarabağlar şəhərində 70-ə yaxın məscid, pir və ziyarətgahlar olub. Yaşlı adamların dediyinə görə, sovet dönəmində həmin ziyarətgahların bir çoxu dağıdılıb, kərpicləri sökülərək rus zabitləri üçün binalar tikilib. Ancaq xalq tərəfindən qorunub saxlanılan bəzi ziyarətgahlar var ki, bu gün də əhali həmin yerləri ziyarət edir.
Rayondakı ziyarətgahlardan ən qədimi Qarabağlar kəndindəki Asnı piridir ki, onun yaranma tarixi eramızdan əvvəl I minilliyə dayanır. Deyilənə görə, bu pirin yaxınlığında olan eyniadlı bulaq uzaq Göyçə gölünün suları ilə əlaqədardır. Belə rəvayət edilir ki, keçmiş vaxtlarda Qarabağlar (Qalaçıq) şəhərinə, uzaq Göyçə mahalından bir tacir karvan ilə daşduz aparmaq üçün Naxçıvana gedən vaxt Qalaçıqdakı bazarda dayanmalı olur. O, bir şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əlağacını görərək tanıyır və sevincək on il əvvəl başına gəlmiş hadisəni xatırlayır. Həmin tacir Göyçə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilir və tacir çətinliklə canını qurtarır. Tacir mallarından çox qaraağacdan yonulmuş naxışlı əlağacının suda batmasına heyifsilənir. 10 ildən sonra tacir özünün əlağacını qalaçıqlı şəxsdə gördükdə çox sevinir. Ağacın onun olduğunu sübut etmək üçün yivli baş hissəsini burub açır və içərisində gizlətdiyi qızıl sikkələri yerə tökür. Camaat təəccüblənərək tacirin əlağacı ilə qızıllarını özünə qaytarır. Tacir isə ­halallıq kimi qızılların yarısını itmiş əlağacını tapan şəxsə verir və onu haradan tapdığını soruşur. Həmin şəxs isə əlağacını təpədəki Asnı bulağından tapdığını söyləyir. Bu əhvalatı eşidən qalaçıqlılar (qarabağlarlılar) Asnı bulağını Allahın möcüzəsi kimi müqəddəs bilib oranı pirə çevirirlər. Tacir isə həmin qızıllarla Asnı bulağında min baş erkək qurbanlıq quzu kəsdirməklə əhaliyə ehsan verir. O dövrdən bu günədək bu yer insanların mənəvi inanc yerinə çevrilib. Pirin ətrafında həmərsin, yemişan kolları, cır armud, alma, alça kimi meyvə ağacları var. Buradakı həmərsin kollarının budaqlarına rəngli parça bağlamaq ziyarətçilərin istəyi, arzusu, niyyəti ilə bağlıdır. İnanırlar ki, bununla onların niyyətləri qəbul olar. Yaxınlıqdakı Asnı pirində isə orta əsrlərə aid iki məzar yerləşir. Epiqraflar tərəfindən məzarların üzərindəki sinə­daşlarının yazılarının oxunması nəticəsində tədqiqatçılar bu məzarların XIV əsrə aid olması qənaətinə gəliblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına əsasən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarından olan cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb edilməsi, özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı tədbir olub. Bildirilib ki, 2019-cu il ərzində cəzaçəkmə müəssisəsindən azad olunan 4 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bununla yanaşı, cəzaçəkmə müəssisəsində daşduz üzərində oyma və xalçaçı kursları təşkil olunub ki, kurslarda 18 nəfər məhkum iştirak edib.
Eyni zamanda qeyd olunub ki, cari il ərzində cəzaçəkmə müəssisəsindən azad olunmuş 67 şəxsə birdəfəlik müavinət ­ödənilib.
Tədbirdə sözügedən kateqoriyadan olan şəxslərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Mövzu ətrafında cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxsləri maraqlandıran suallar ­cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

Ardını oxu...

Qədim yurd yeri Sədərək tarixi, mədəniyyəti, qəhrəmanlığı ilə yanaşı, bərəkətli torpağında yetişən meyvə-tərəvəzləri ilə də tanınır. Diyarımızda ən dadlı, şirin üzüm də elə burada yetişir. Təsadüfi deyil ki, sovetlər dönəmində böyük şərab zavodlarından biri bu bölgədə inşa olunub. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünəməxsus becərmə üsulu vardır. Sədərəkdə bu gün də üzümçülük inkişaf etdirilir, yeni üzüm bağları salınır, qədimdən qalan üzüm sortları isə calaq yolu ilə artırılır. Rayon sakinləri gəlirli sahə olan üzümçülükdən, necə deyərlər, dördəlli yapışıblar. Bu sahə ilə məşğul olanlar həm öz təsərrüfatlarında çalışıb gün-güzəranlarını yaxşılaşdırır, həm də daxili bazara öz töhfələrini verirlər. Üzümçülük gəlirli sahə olduğu üçün bu təsərrüfat növünə maraq  ilbəil artmaqdadır. Sədərəkdə olan üzüm bağının şöhrəti ilə bağlı Əli İsmayılovla həmsöhbət olduq. 

O, gənc yaşlarından üzümçülüklə məşğuldur. Kənddə hamı onu təcrübəli üzümçü kimi tanıyır. Gənclər üzüm bağı salmaq istəyəndə mütləq onunla məsləhətləşirlər. Əli dayı deyir ki, rayonda 50-dən çox üzüm növü var. Buradakı üzüm bağlarında arxlar dərin olur. Arası isə 3 metr, tənəklər də bir-birindən 2 metr məsafədə əkilir. Rayonda bu üsulla əkilən, yaşı 100-dən yuxarı olan bağlar var. Yeni bağlar da salırıq ki, üzümün ayağı torpağımızdan çəkilməsin. Bağlarda “teyti”, “nəbi”, “xəlilli”, “hüseyni”, “təbrizi”, “mərəndi”, “şəfiyi”, “mələyi”, “əsgəri”, “xatını”, “xangörməz”, “aldərə”, “qara əsgəri”, “ağ, qırmızı”, “sarı və qara kişmişlər”, “hənəqırna”, “qoçbaşı” kimi dadı damaqdan getməyən üzüm növləri süfrələrimizin bəzəyidir. Bunların arasında elə bil Tanrı “hənəqırna”nı Sədərək torpağı üçün yaradıb. Gilələri az qala ərik yekəlikdə olan bu üzüm növünü qış aylarına kimi saxlamaq mümkündür. “Hənə­qırna”nın mövücünün sorağı hələ qədim zamanlardan adla deyilib. Bal kimi olur, yeyəndə gözə işıq, qola qüvvət gətirir. “Hənəqırna”nın 100 kiloqramından ən azı 25 kiloqram mövüc hasilə gəlir. Əli dayı onu da bildirir ki, üzümün qurudulub kişmiş və mövüc şəklində qışa tədarük olunması da minillik ənənəmizdir. Bunun üçün xüsusi ustalıq lazımdır. Üzümün açıq havada qurudulması üçün əlverişli iqlim şəraiti vardır. Qədimdə babalarımız ciblərinə dəsmala bükülmüş kişmiş, fındıq qoyardılar. Kişmişi, mövücü cibdə gəzdirmək bir növ dəbdəydi.

Ardını oxu...

Naxçıvan tarixən İslam sivilizasiyasının öndə gedən mərkəzlərindən biri olub. Tarixi məscidlər isə bu sivilizasiyanın formalaşmasında mühüm rol oynayaraq mənəvi irsin qorunmasına öz töhfələrini veriblər. İslam mədəniyyətinin bu qiymətli abidələri əsrlərboyu mənəvi kamilləşmə, birlik, həmrəylik, sevgi, yardımlaşma kimi dəyərlərin təbliğ olunduğu məkanlar kimi tanınıb, eyni zamanda elm, maarif ocağı sayılıb.
Milli və mənəvi dəyərlərin hər zaman yüksək səviyyədə qorunduğu Naxçıvanda ilk məscidlərin yaranması İslam dininin yayılması dövrünə təsadüf edir və sovet dövrü istisna olmaqla, demək olar ki, bütün dövrlərdə aktuallıq kəsb edib. Hazır­da bizə məlum olan ilk məscid nümunəsi XII əsrdə şəhərdə tikilmiş Cümə məscididir. Bu məscidi Naxçıvanda dini-memorial tikililərin ən gözəl nümunələrindən biri hesab edirlər. Ümumilikdə götürsək, muxtar respublikada istər Cümə, istərsə də məhəllə məscidlərinin xeyli hissəsinin tikintisi XVI əsrin sonu, XVII əsrin əvvəllərinə və XVIII əsrin ilk onillikləri dövrünə aid edilir. Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında qeyd olunur ki, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Naxçıvan şəhərində adıçəkilən Cümə məscidindən əlavə, “Məhmət kətxuda”, “Cameyi-Şərif” adlı cümə məscidləri də fəaliyyət göstərib. Elə həmin dövrdə Naxçıvan şəhərində “Ağa məscidi”, “Hacı Xəlil məscidi”, “Keçəçi məscidi”, “Molla Əhməd məhəlləsinin məscidi”, “Bəsri məscidi”, “Şeyx Əminəddin məscidi”, “Hacı Sani məscidi” adlı məscidlər də mövcud olub.

Ardını oxu...

Baharla payızın arasında körpü olan, öz hərarəti ilə bu iki sərin fəsli bir-birinə həmdəm edən mövsümdür yay. Yazda ağacların çiçəyinə vurulub, bu sevginin meyvələrini çiyinlərində daşıyıb payıza təhvil verən sevdalıdır yay. Yazda torpağa əkilənlərə su ilə birlikdə can verib süfrələri bollaşdıran, əkinçinin arzusunun gerçəyi, zəhmətinin bəhrəsidir yay. Toplanması payıza təsadüf edən meyvələrin, tərəvəzlərin yığımını gözləyən, götürəcəyi məhsulu realizə etməklə övladına nişan, toy etmək, cehiz almaq, him açıb bina salmaq, qarşıdan gələn qışa hazırlıq görmək istəyənlərin  arzusudur yay.  

Yay həm də hicranların vüsal vaxtı, rayonlara, kəndlərə üz tutan şəhərlərimizdə yaşayanların ata-ana, qohum-əqrəba həsrətinin sonudur. Baba-nənələrindən uzaqda yaşayan uşaqların onların sevgisini duyduğu, tumarını gördüyü, nağılını dinlədiyi anlardır yay. Evlərimizin qonaq-qarası, həyətlərimizin səsi-küyü, şaqraq gülüşüdür yay. Ağacların yazda barmaq boyda yarpaqlarını isti ağuşunda böyüdüb yolçuya, əkinçi-biçinçiyə çətir edəndir yay. Yaşıl rəngi, çiçək ətri, rəngarəng mənzərələri ilə yolçunu yoldan edib, bu çətirlərin altında samovar çayına, quzu kababına qonaq edəndir yay.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR