“Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə bağlı qarşıya konkret məqsədlər qoyulub. Dövlət proqramına uyğun olaraq muxtar respublikaya təcrübəli məşqçilərin dəvət edilməsi, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir. Son olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “C” kateqoriyalı məşqçilik kursunun keçirilməsi bunun bariz nümunəsidir. Şərur Olimpiya İdman Kompleksində təşkil olunan kursun son mərhələsinə dünən start verilib.