13 Dekabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Yay aylarında 40 dərəcəni ötən istilərin olması, qış fəsli gəlmədən havaların kəskin soyuması ana təbiətin Naxçıvana bəxş etdiyi qeyri-adi iqlimlə birbaşa bağlıdır. Təbii ki, fəsil dəyişkənliyi, hələ bir də bunun mərhələlərlə deyil, birdən-birə baş verməsi insan orqanizminin müəyyən dəyişikliklərə məruz qalmasına səbəb olur. Belə məqamda hər kəs öz sağlamlığı barədə düşünməlidir. Soyuq havalarda özümüzü necə qoruyaq? Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstə­likləri Dispanserinin həkimi Məmmədəli Ələkbərova müraciət etdik. 

Həkim bildirdi ki, soyuq havalarda xəstəliklərdən qorunmaq üçün vitaminlər qəbul edilməlidir. Bu, immun sistemini möhkəmləndirər. Eyni zamanda idmanla məşğul olmaq, hərəkətdə olmaq lazımdır. Hərəkətsizlik əzələləri zəiflədir və soyuqdəyməyə həssaslığı artırır.
Havalar soyuduqca bədənin müqavimətinin azalması nəticəsində bədən zəifləyir və xəstəliyə yoluxma halları daha çox müşahidə olunur. Hətta orqanizmdə mövcud olan xəstə­liklər soyuq havada daha da kəskinləşməyə başlayır. Mütəmadi olaraq işləyən insanlarda və ya məktəblilərdə bu cür hallara tez-tez rast gəlmək mümkündür.
“Havaların soyuması xroniki xəstə­likləri olan insanlara daha tez təsir edir və bəzi mövsümi xəstəliklər baş qaldırır. Ən çox da aşağı və yuxarı tənəffüs yollarının soyuqlaması problemləri bizi narahat edir. Nəzərə alsaq ki, yuxarı tənəffüs yollarında 15-dən çox infeksiya var, biz bunların hamısını “qrip” adlandırırıq, soyuq hava daxil olması nəticəsində bu infeksiyalar iltihab törədir”, – deyən həkim əlavə etdi ki, qış aylarının xarakterik xəstəlikləri soyuqdəymə, badamcıqların iltihabı, faringit-boğaz iltihabı, sinuzit, bronxit və pnevmoniyadır. Soyuqdəymə ilə başlayan bu xəstə­liklər diqqət edilmədikdə bəzən ağır fəsadlar yarada bilir. Əlamətləri halsızlıq, qızdırma, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır. Yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmalarını məsləhət görürlər. Çünki temperatur dəyişkənliyinə məruz qalan insan orqanizmi zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı artır. Çoxları qış xəstəliklərinin öz-özünə keçəcəyinə ümid edərək onlara fikir vermir. Amma unutmayaq ki, qış mövsümündə başlayan xəstəliklər bütün dünyada ən çox rast gəlinən və ən çox iş qüvvəsi itkisinə səbəb olan xəstəliklərdir.
Hazırda hava şəraitindən asılı olaraq qripin və digər xəstəliklərin, necə deyərlər, “hökm sürdüyü” vaxtdır. Qrip yaşından asılı olmayaraq, hər bir insana tez yoluxan bir xəstə­likdir. Qrip həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyur. Çoxları qripə ciddi yanaşmır. Onun yüngül bir xəstəlik olduğunu düşünüb, o qədər də ciddi qəbul etmirlər. Ancaq unutmaq olmaz ki, qrip faringit, sinuzit, haymorit kimi xəstəliklərin başlanğıcıdır; həm də böyrək patologiyası yaradır. Xəstəlik zamanı ağciyər həssaslaşır. Bu zaman insanın orqanizmi zəifdirsə, xəstə rütubətli şəraitdə çalışırsa, normal qidalanmırsa, o, vərəmə də yoluxa bilər. Qripin ən çox yoluxma səbəbi ortaq istifadə edilən əşyalardır. Buna görə də qripə yoluxmuş adamdan uzaq gəzmək, onun əli dəyən əşyalardan istifadə etməmək məsləhət görülür.

Bu xəstəliklərin yayılmaması üçün fərdi gigiyena vacibdir

Həkimin sözlərinə görə, bu xəstəliklərə ən çox uşaqlar, diabet, astma kimi xroniki xəstəliyi olanlar yoluxurlar. Yetkinlik yaşına çatmış insanlar isə yorğunluq, stress, qidalanma nizamsızlığı və həddən artıq soyuğa məruzqalma kimi hallarda bu xəstəliklərə tutula bilərlər. Məktəblər, kafelər, fabriklər, iş yeri və ofislər xəstəliklərin asanca yayıldığı mühitlərdir. Qrip və bu kimi yoluxucu xəstəliklərdən qorunmaq üçün xəstələrlə yaxın təmasda olmaq olmaz. Əl təmizliyinə çox diqqət yetirilməlidir. Xüsusilə bağlı məkanlardan, havalandırılması yaxşı olmayan yerlərdən mümkün qədər uzaq durmaq lazımdır. Xəstəlik xəstə və ya daşıyıcı kəslərin asqırması və ya öskürməsi, onun tutduğu qapı qolu, telefon və ya dəsmal kimi ortaq istifadə əşyalarından asanlıqla keçə bilər. Bunun üçün hər bir fərd müəyyən qaydalara və normalara əməl etməlidir. Yəni sanitar və gigiyenik qaydalara riayət edilsə, bu cür xəstəliklərdən özümüzü qorumuş olarıq.

Soyuq havada düzgün geyinmək də xəstəlikdən qoruyur

Soyuq hava bədən temperaturunu aşağı salır və bədəndəki müqaviməti azaldır. Soyuqdəymə, qrip kimi xəstəliklərə tutulmamaq üçün yaxşı qidalanmaqla yanaşı, düzgün geyinməyin də böyük əhəmiyyət daşıdığını bildirən həkim Məmmədəli Ələkbərov məsləhət görür ki, qalın və tək parça geyimlər yerinə, incə və qat-qat formada olan paltarlar geyinilsin: “Məsələn, qalın bir köynək və bunun üstünə qalın bir palto geyinmək doğru deyil. Bu həm fiziki fəaliyyəti çətinləşdirir, həm də tərləməyə səbəb olur. Tərli-tərli soyuq havaya məruz qaldıqda isə qrip və başqa xəstəliklərdən yaxa qurtarmaq olmur. Ən düzgün geyim şəkli qat-qat və pambıq parçadan olan paltarlar geyinməkdir. Ən vacib amil isə soyuq havada baş və üz nahiyəsinin soyuqdan qorunmasıdır”.

Xəstəliyə yoluxmamağın əsas yolu düzgün qidalanmaqdır

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi Məmmədəli Ələkbərovun sözlərinə görə, soyuq havalarda qidalanmaya daha çox diqqət edilməlidir: “Pomidor, xiyar, bibər kimi qışa xas olmayan tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır. Çay və qəhvə yerinə C vitamini tərkibli cökə, adaçayı, həmərsin kimi bitki çaylarının içilməsi məsləhətdir. Bundan başqa, C vitamini ilə zəngin olan kivi, portağal, gül kələm, ispanaq kimi meyvə və tərəvəzlərə üstünlük verilməli, C vitamini itkisinin qarşısını almaq üçün salatlar və meyvə şirələri qəbul edilməlidir. Həftədə bir neçə dəfə balıq yeyilməsi, həmçinin balıq yağı qəbul etmək də məsləhətlidir”. Həkim normal miqdarda zülal qəbul etmək üçün qida rasionumuzdan süd, qatıq, pendir, ət məhsullarını əskik etməməyin vacibliyini də bildirdi: “Çox şirin və şəkərli qidalardan da az istifadə yararlıdır. Əsasən, qablaşdırılmış məhsullardan, kolbasa, sosiska məmulatları, yağlı ətlər və həddindən artıq yağlı qidalardan uzaq durulmalıdır. Soyuq aylarda enerji qaynağı sayılan və B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə qidalanmaq zəruridir. Qızardılmış, qovrulmuş qidalar qəbul etmək yerinə, buxarda bişirilmiş və ya qaynadılmış qidalara daha çox üstünlük verilməlidir. Təbii ki, qış mövsümü ilə birlikdə Günəş yavaş-yavaş öz təsirini itirdiyindən D vitamininə ehtiyac yaranır. Xüsusən də azyaşlı və körpə uşaqlarda. Odur ki, soyuq aylarda sümük və diş sağlamlığı naminə lazımlı olan D vitamininə olan ehtiyacı qarşılamaq üçün günəşli günlərdə təmiz havada gəzmək lazımdır. Ən azından gün ərzində 10 dəqiqə təmiz havada olmaq məsləhətdir”.
Əziz oxucular, soyuq qış günlərində, həmçinin fəsil dəyişkənliyində bəzi qaydalara əməl edərək sağlamlığımıza ciddi diqqət yetirməliyik. İstənilən halda orqanizmimizdə hər hansı bir narahatçılıq hiss etdiyimizdə mütləq həkimə müraciət olunmalıdır. Sağlamlığımızın keşikçilərinin məsləhətlərini dinləyək ki, özümüzü soyuqdan və xəstəliklərdən qoruya bilək.

Gülnar Yüzbaşıyeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5651544
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1297
17035
34996
197435
5651544

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter