17 Oktyabr 2021, Bazar

Son illər “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıq, aparat və cihazların alınıb qurulması ümumi cərrahi, ginekoloji, uroloji, travmatoloji, ortopedik, oftalmoloji, neyrocərrahi, plastik cərrahi və burun-qulaq-boğaz əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, qastrektomiya əməliyyatının aparılması, yemək borusunun stendləşdirilməsi və plastikası, süni oynaq köçürülməsi, kardiostimulyatorların qoyulması, diafraqmal yırtıqların bərpasının uğurla həyata keçirilməsi səhiyyədə uğurlu islahatların nəticəsidir. 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvətilə yüksəkixtisaslı həkimlərin muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının icrası cari ildə də davam etdirilir. Belə ki, cari ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən yüksəkixtisaslı kardiovaskulyar cərrah Firdovsi Hüseynov, anestezioloq-reanimatoloq Niyaməddin Seyidov, neyrocərrah Vüqar Verdiyev, travmatoloq-ortoped, tibb elmləri namizədi İsmixan Məmiyev, LOR həkimi Rauf Qəribov, neyrocərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Fərid Qaralov, travmatoloq Elvin Əsədov, kardioreanimatoloq Elçin Abdullayev, ginekoloq Rəşad Məmmədov, oftalmoloq-cərrah Məhəmməd Vəliyev və başqalarının Naxçıvan Diaqnostika Müalicə Mərkəzi ilə qarşılıqlı əməkdaşlığı bu mərkəzin həkim və orta tibb heyəti ilə Naxçıvan səhiyyəsində bir neçə ilkə imza atılıb. Əvvəllər belə mürəkkəb cərrahi əməliyyatlar üçün başqa ünvanlara üz tutan xəstələr doğma Naxçıvanda şəfa tapıblar. Onlar üzərində aparılan bir sıra cərrahi əməliyyatlar isə Naxçıvan səhiyyəsi üçün ilkdir, yenidir.
Avqust ayında “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” PHŞ-də uğurla yerinə yetirilən əməliyyatlar sırasına bir yenisi də əlavə olunub. Babək rayonunun Zeynəddin kənd sakini Mənsur İbrahimovun yuxu arteriyalarının kontrastlı KT angioqrafiya müayinəsində sol daxili yuxu arteriyasında 90 faiz daralma aşkar edilib. Xəstənin tac arteriyalarında daralmaların ciddi olduğu və yuxu arteriyasındakı darlığın ciddiyyəti nəzərə alınaraq xəstəyə eyni seansda aorta koronar şuntlama və sol tərəfli carotid endarterektomiya əməliyyatları icra olunması qərarlaşdırılıb. Avqustun 10-da Firdovsi Hüseynov və komandası tərəfindən əməliyyatlar müvəffəqiyyətlə icra olunub.

Kəskin miokard infarktı ilə mərkəzə müraciət etmiş 58 yaşlı Səriyyə Əhmədovada təcili angioqrafiya nəticəsində ektazik, yəni genişlənmiş tac ana damarın tamamilə trombla tutulması aşkar edilib. Ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik damarların tətbiqinə baxmayaraq müsbət nəticə əldə olunmayıb. Xəstənin damarı normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə gücləndirilmiş ultrasəs dalğaları trombolizis bu xəstəyə uyğun olduğu üçün muxtar respublika səhiyyəsində ilk dəfə tac arteriyasına tətbiqi ilə uğurlu nəticə əldə edilib. Saatlarla davam edən müalicədən sonra damarlara təkrar angioqrafiya ilə baxılıb və tromb ilə tutulmuş damarların tamamilə açıldığı müəyyənləşdirilib.
Digər bir əməliyyatda isə aorta qapağının darlığı ilə ürəyin atım fraksiyası 25 faiz olan 79 yaşlı xəstədə narkoz verilmədən, döş qəfəsi açılmadan, bud arteriyasından girilərək, kateter ilə aorta qapağının yerləşdirilməsi həyata keçirilib.
Əksər hallarda təcili təxirəsalınmaz əməliyyatlar aparmaq yerli mütəxəssislərin öhdəsinə düşür. İş vaxtından sonra ağır vəziyyətdə mərkəzə gətirilən Kəngərli rayonunun Qıvraq qəsəbə sakini İsmayıl Hüseynəliyevdə kəskin miokard infarktı müşahidə olunub. Onun həyatı üçün təhlükə yarandığından stent implantasiyasına zərurət yaranıb. Belə mürəkkəb əməliyyatlar vaxtilə Bakı şəhərindən gəlmiş yüksəkixtisaslı kardioloq-cərrahlar tərəfindən həyata keçirilirdi. Muxtar respublikamızda səhiyyənin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, mərkəzin kardioloq-angioqrafı Nail Mehbalıyev yüksəkixtisaslı kardioloq-cərrahlarla onlarla belə xəstəni həyata qaytarıb. Odur ki, vaxt itirmədən işə başladı...
...Bir neçə saat davam edən əməliyyatdan sonra, nəhayət, əməliyyat bölməsinin qapısı açıldı. Gənc həkimin üzü gülürdü. Onun sevinc dolu çöhrəsi xəstənin həyatının xilas edildiyindən xəbər verirdi. Vaxtında antiaritmik müdaxilə və təcili koronar angioqrafiya, ardınca stent implantasiyası ilə xəstənin miokard infarktı keçirməsinə səbəb olan sağ koronar arteriyanın yüz faiz tutulması tamamilə açılıb.

Avqustun 26-da sol kürək nahiyəsində qanaxmadan təcili olaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müraciət edən Şərur rayonunun Vərməziyar kənd sakini İlkanə Əliyeva cərrahi müdaxiləyə məruz qalıb. Müvafiq hazırlıqlardan bir gün sonra mərkəzin cərrahları Nazim İbrahimov və İsa Abdullayev tərəfindən qabırğaarası damarların bağlanması, döş boşluğunun drenajlanması əməliyyatları icra olunub. Zədələnmiş 9-cu qabırğa rezeksiya edilib, qanayan damarlar endoklips vasitəsilə klipslənib, homeostaz bərpa edilib.
Xarici ölkələrin birində tanınmış həkim-cərrahın ölüm riski yüksək olduğuna görə əməliyyatından imtina etdiyi 80 yaşlı xəstə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim-cərrahı Nazim İbrahimov tərəfindən aparılan tibbi əməliyyat nəticəsində sağlamlığına qovuşub. Xəstə üzərində aparılan öd kisəsinin xaric edilməsi (xolesistektomiya) və göbək yırtığının bərpası əməliyyatı 1 saat 10 dəqiqə davam edib və uğurla başa çatıb. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağır və stabil olaraq qiymətləndirilib. Bu yaşda olan xəstələrin əməliyyatında istər cərrahi, istərsə də anestezioloji hazırlıq və yüksək peşəkarlıq əsas amillərdəndir. Ciddi risk amilini diqqətə alan həkim-cərrah dünyada aparılan əməliyyatlara və tibbi yeniliklərə dair ən müasir protokolu tətbiq etməklə uğurlu nəticəyə nail ola bilib.
Səkkizyaşlı Songül Nağızadə Babək rayonunun Nehrəm qəsəbə sakinidir. Atası Məzahir ürək qüsurlu övladını Diaqnostika Müalicə Mərkəzinə gətirəndə Songüldə nəfəsalma anbaan ağırlaşırdı.
Xəstə müəssisənin Kardiocərrahiyyə şöbəsinə yerləşdirilib. Müayinələr ürəyin ciddi şəkildə genişləndiyini və ürək çatışmazlığı əlamətləri olduğunu aşkara çıxarıb. Aparılan müayinələrin nəticəsinə görə xəstəyə qulaqcıqlararası çəpər defekti diaqnozu qoyulub, yüksəkixtisaslı kardiovaskulyar cərrah Firdovsi Hüseynov və kardiocərrahiyyə tibb heyəti tərəfindən açıq ürək əməliyyatı aparılıb. Xəstənin əməliyyatı uğurla başa çatdırılıb və müvafiq tövsiyələrlə ambulator medikamentoz müalicə fonunda yaxşılaşma ilə təxliyyə olunub.
Ötən ay avqustun 11-də döş sümüyü arxasında sıxılma, göynəmə, yanma hissi, sol qola və çiyinə ötürülən ağrılar və ürək döyüntüləri şikayətləri ilə Diaqnostika Müalicə Mərkəzinə üz tutan Ordubad rayonunun Kələntər kənd sakini Məmməd Məmmədəliyev həkim Firdovsi Hüseynov və komandası tərəfindən müayinələrə götürüldü. Aparılan kompleks müayinələrə əsasən ona ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyuldu. Bir gün sonrakı müayinədə isə götürülmüş polimer zəncirvari testin nəticəsi pozitiv çıxdı. Xəstənin bundan sonrakı dövrdə anestezioloq-reanimotoloq Elçin Abdullayevin nəzarəti altında aparılmış müalicənin effektivliyi nəticəsində vəziyyəti stabilləşdi. Təkrar testin nəticəsi neqativ göstərirdi.

Günümüzdə fəqərəarası disk yırtıqları, baş beyin travmaları, onurğanın bütün şöbələrinin (boyun, döş, bel) degenerativ xəstəlikləri, onurğa kanalı stenozları və sair xəstəliklər çox geniş yayılıb. Odur ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə dəvət olunmuş Vüqar Verdiyev tərəfindən neyrocərrahiyyə əməliyyatlarının icrasına başlanılıb. Vüqar həkim avqustun 15-də xəstə üzərində onurğa kanalından yad cismin xaric edilməsi, sərt qişanın fassiya qrefti ilə təmiri cərrahi əməliyyatları aparıb. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə avqustun 30-da evə yazılıb. Onu , xüsusilə qeyd etmək lazımdır ki, mərkəzə daxil olarkən sağ aşağı ətrafda hərəkət məhdudiyyətindən yeriyə bilməyən xəstə əməliyyatdan sonra bu şəfa ocağını normal yerişlə tərk edib.
Tibb müəssisəsində ötən 4 ay ərzində aralarında Qarabağ müharibəsi iştirakçıları da olmaqla, 12 xəstə üzərində bel, boyun disk yırtıqlarının xaric edilməsi, implant yerləşdirilməsi, fəqərə sınıqlarının və sürüşmələrinin vida və rod sistemi ilə arxa fiksasiyası əməliyyatları icra olunub. Əməliyyatlardan sonrakı dövrlər ağırlaşmasız keçib, xəstələr tam sağalma ilə evə yazılıb.
Yüksəkixtisaslı həkim-oftalmoloq Məhəmməd Vəliyev də muxtar respublika səhiyyəsi üzrə bir ilkə imza atıb. O bu il iyulun 4-dən avqustun 4-dək “Embrace Relief” proqramı çərçivəsində Mali Respublikasında tibbi humanitar aksiyada iştirak edib. Aksiya zamanı 1000 nəfər Mali Respublikası vətəndaşı tibbi müayinədən keçirilib, 200 nəfərdə göz kataraktası zamanı büllura protezin taxılması, 10 nəfərdə pterigiumun xaric edilməsi, 1 nəfərdə ptoz, 1 nəfərdə isə oftalmik kist əməliyyatı icra olunub. Bununla yanaşı, 160 saat fakoemulsifikasiya əməliyyatı texnikası, 60 saat pterigiumun xaric edilməsi əməliyyatı texnikası yerli həkimlərə tədris olunub, həmçinin fəsadlaşmış katarakta əməliyyatlarında görmə funksiyasının bərpası əməliyyatı aksiyaya qoşulan digər həkimlərə izah edilib.
Məhəmməd həkim nəinki xarici dövlətlərdə, həmçinin muxtar respublikamızda da bu günədək icra olunmayan bir çox əməliyyatları yerinə yetirir. Babək rayonunun Sirab kənd sakini Rüqəyyə Əsgərova uşaq yaşlarında İran İslam Respublikasında ekzotropiya (gözlərin xaricə doğru sapması) əməliyyatından sonra sağalmadığından Məhəmməd həkimə müraciət edib. Diaqnostika Müalicə Mərkəzində icra olunan təkrar əməliyyatla yüksək nəticə alınıb, gözlərdəki çəplik tam aradan qaldırılıb.
Daha bir yüksəkixtisaslı həkim, neyrocərrah Vüqar Verdiyev də Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ilklərə imza atmağa davam edir. Hərəkət məhdudluğundan şikayətlənmə ilə mərkəzə gətirilən Naxçıvan şəhərinin Qaraçuq kənd sakini,1960-cı il təvəllüdlü Heydər Yusifov mərkəzdə klinik, anamnestik, instrumental və laborator müayinələrdən keçirilib və xəstədə fəqərə cisminin kompression sınığı olduğu aşkarlanıb. Vüqar Verdiyev və mərkəzin tibb heyəti tərəfindən bilateral transpedikulyar fiksasiya, total laminektomiya ilə dekompressiya əməliyyatı aparılıb. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə sonrakı müayinə və müalicə üçün evə yazılıb.
Ordubad rayonunun Nüsnüs kəndindən Əşrəf Əsgərov döş sümüyü arxasında sıxılma, göynəmə, yanma hissi, sol qola və çiyinə ötürülən ağrılar və ürək döyüntülərindən əziyyət çəkib. Son günlərdə isə ağrıları artdığından koronar angioqrafiya müayinəsi alıb. Mərkəzdə aparılan müvafiq müayinələr nəticəsində onda, həmçinin hipertoniya, şəkərli diabet və onun ağırlaşmaları müşahidə edilib. Bütün müayinələrə əsasən xəstəyə ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyulub. Firdovsi Hüseynov və tibbi heyət tərəfindən 3 damarında aorta koronar şuntlama əməliyyatı aparılıb.
Mərkəzə ünvanlanan minnətdarlıq məktubları arasında Bakı şəhər sakini Əpoş Vəliyevin yazdıqları da diqqətimi çəkdi. O yazır ki, anamın (Vətən müharibəsində şəhid olan mayor Vüsal Vəliyevin anası) müalicəsi üçün Bakıdan Naxçıvana gəlməli oldum. Anju və stent qoyulması üçün hələ bir il əvvəl maraqlandığım Bakıdakı xəstəxanalardan bir neçəsi 5 min manata yaxın ödəniş istəmişdi. Ona görə də Naxçıvana xəstəxana xərcləri üçün hazırlıqlı gəlmişdim. Öncə Şərur Rayon Mərkəzi Xəstəxanasına getdik. Bir neçə dəqiqə ərzində tibbi xidmətə göndəriş vərəqəsi yazıldı və Naxçıvan şəhərindəki Diaqnostika Müalicə Mərkəzinə göndərildik. Burada icbari tibbi sığortaya görə bütün analizlər, EXO, EKQ, rentgen müayinəsi, anju, stent qoyulması və digər tələb olunan bütün prosedurlar ödənişsiz aparıldı. Anama lazım olan bütün müayinələr dərhal həyata keçirildi və müalicəsi üçün təxirəsalınmaz prosedurlar başlanıldı. Maraqlıdır ki, xəstəxanaya girəndən çıxanacan bir manat da olsa, ödəniş tələb edilmədi. Təəccüb içərisindəydim. Halbuki, Bakıda eyni prosedur üçün ən azından 4-5 min manat ödəməli olacaqdım. Həm də təkcə şəhid ailələri deyil, Naxçıvan qeydiyyatı olan hər kəs icbari tibbi sığortadan yararlana bilir.
Mərkəzin baş həkimi Nihad Seyidov bildirir ki, biz həkimlərin ən ümdə borcu insanlara tibbi xidmət göstərmək, onların sağlamlığının keşiyində dayanmaqdır. Bu işdə dövlətimizə arxalanırıq. Çünki sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsində aparılan islahatlar, qoyulan investisiyalar bir məqsədə xidmət edir: insanlar sağlam olsunlar, onlara ən yüksək səviyyəli tibbi xidmət göstərə bilək.

Əlbəttə, muxtar respublikamızın səhiyyə müəssisələrində aparılan genişmiqyaslı quruculuq işləri, xəstəxanaların tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi, onların ən müasir avadanlıqlarla təchiz edilməsi kardiocərrahiyyə sahəsində ixtisaslı gənc kadrların da yetişməsinə stimul olub. Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin bəhrələri göz qabağındadır. Bütün bunlar əhalinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının parlaq təzahürü, Naxçıvan səhiyyəsinin uğurlarıdır.

Hüseyn ƏSGƏROV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR