21 Sentyabr 2021, Çərşənbə axşamı

Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənməkdədir. Müzəffər ordumuz öz rəşadət və qüdrətini 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə ilə bir daha təsdiqlədi ki, bunun da əsasında ordu quruculuğu siyasəti dayanır.

Ordu quruculuğu sahəsində aparılan tədbirlər muxtar respublika ərazisindəki bütün hərbi hissə və birləşmələrdə də öz əksini tapıb, Silahlı Qüvvələrin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı məqsədilə mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Ötən illər ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində 200-dək hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bir sözlə, Əlahiddə Ümumqoşun Ordu güclü maddi-texniki bazası, müasir silah və texnikaları, peşəkar hərbçi kontingenti ilə muxtar respublikanın təhlükəsizliyinin etibarlı qarantıdır. 2018-ci ilin mayında 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi Əlahiddə Ümumqoşun Ordunun gücünün praktik nəticəsini ortaya qoydu. Qarabağda torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqlı mübarizəmizdə də Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları və digər birləşmələrin hərbçiləri fəal iştirak etdi, şəhidlər verdi, böyük fədakarlıq göstərdilər. Bütün bunlar diyarımızda müasir hərbi infrastrukturun yaradılması və peşəkar hərbçi kadrların yetişdirilməsi istiqamətində atılan məqsədyönlü addımların nəticəsi kimi qürur doğurur. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib:

“Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də,bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə,Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”. Cari ildə də bir neçə hərbi təyinatlı obyektin istifadəyə verilməsi muxtar respublikada ordu quruculuğunun davamlılığından xəbər verir. Aparılan quruculuq işləri zamanı şəxsi heyətin sağlamlığı da diqqətdə saxlanılır, müasir xəstəxanalar və tibb məntəqələri istifadəyə verilir. Bu il mayın 10-da istifadəyə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı ölkəmizdə ən böyük və qabaqcıl hərbi tibbi müəssisələrdən biri kimi müasir təchizatı ilə diqqəti cəlb edir. Ali Baş Komandan cənab İlham Əliyevin muxtar respublikaya səfərində Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında da iştirakı bu sahəyə ayrılan böyükmiqyaslı diqqət və qayğını bir daha təsdiq edir. Muxtar respublikada inşa olunan ən böyük səhiyyə müəssisəsi kimi hərbi hospital müasir texnologiyaya əsaslanan təminata malikdir. Ali Baş Komandanımızın da dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür”.

2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeliyində fəaliyyət göstərən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün tikilmiş yeni bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Mərkəzdəki 426 otaq bütün tibbi prosedurların həyata keçirilməsi üçün ən müasir və zəruri tibbi-texniki imkanlara malikdir. Hospitalın ümumi sahəsi 56 min 300 kvadratmetr ərazini əhatə edir. Texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir. Bina mərkəzləşdirilmiş istilik, tibbi tullantıların yandırılması üçün qurğu, əməliyyatxanalarda bakterioloji süzgəcli havalandırma,soyutma, elektrik və su sistemləri ilə təchiz olunub. Hərbi hospitalın komandiri, polkovnik Niyaməddin Seyidov bu böyük tibb ocağı ilə tanışlıq zamanı məlumat verdi ki, burada radiologiya, tibbi ekspertiza, fizioterapiya, travmatologiya, anesteziologiya, reanimasiya, poliklinika, intensiv terapiya, qəbul, əməliyyat, kardiologiya, cərrahiyyə, urologiya, psixonevrologiya, lOR və üz-çənə cərrahiyyəsi, laboratoriya və digər bölmələrfəaliyyət göstərir. Şöbə və bölmələrin hər biri müayinə, müalicə və mürəkkəb tibbi əməliyyatların keyfiyyətlə aparılması üçün ən müasir avadanlıqlarla təchiz edilib. Hospitalın həkimi, cərrah Cavid Qənbərli bildirdi ki, ən son texnologiyalara əsaslanan müasir avadanlıqlar və yüksəkixtisaslı peşəkar kollektiv burada nümunəvi xidmətin təşkilini, şəxsi heyətin sağlamlığının etibarlı qorunmasını təmin edir. 

Həkim və tibb işçiləri 24 saatlıq xidmətlə hərbi qulluqçulara və ailə üzvlərinə tibbi yardımın göstərilməsini, onların müayinə və müalicəsini yüksək səviyyədə təşkil edirlər.Bir sözlə, ölkənin ən böyük və qabaqcıl hərbi təyinatlı tibb müəssisələrindən biri kimi diqqəti cəlb edən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında dövlətimizin ordu quruculuğuna göstərdiyi xüsusi diqqətin, əsgər və zabitlərimizin, onların ailə üzvlərinin sağlamlığına qayğısının əyani təzahürüdür. Hospitalla tanışlıq zamanı bu böyük səhiyyə ocağında müalicəsini davam etdirən Vətən müharibəsi qaziləri ilə də görüşdük. Böyük qürur hissi ilə onların keçdiyi şərəfli döyüş yolunu öz dillərindən dinlədik, qanını, canını Vətən yolunda fəda edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın səhhəti ilə maraqlandıq. Vətən müharibəsi iştirakçısı, qazi Elşən Məmmədov partlayış zamanı onurğa sütununun qəlpə yaralaması diaqnozu ilə hospitalda müalicəsini davam etdirir. O qeyd etdi ki, odlu-alovlu cəbhədən qayıtdıqdan sonra qarşılaşdıqları isti münasibət qürur hissini birə-beş artırır. Hospitalda yaradılan şərait müalicənin daha qısa müddətdə və effektiv aparılmasına kömək göstərir. Qazimiz yaradılan şəraitə və göstərilən qayğıya görə dövlətimizə və eləcə də qayğıkeş tibb işçilərinə minnətdarlıq etdi. Vətənimizin digər qəhrəman övladı, İkinci Qarabağ müharibəsi qazisi Rauf Salahov da sinəsini düşmənə sipər edərək torpaqlarımızın işğaldan azad olunmasında rəşadət göstərib. Hər iki ətrafın çoxsaylı qəlpə yaralanması diaqnozu ilə hospitalda müalicəsi davam etdirilir: – Həkimlər və tibb işçiləri bizə çox gözəl qayğı göstərirlər. Mənim üstümdə çox əziyyətləri var. Sağlamlığım üçün mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Dövlətimizin qayğısını daim üzərimizdə hiss edirik. Həkimlərsağlamlığımızın bərpasına hərtərəfli kömək edirlər. Hərbi hospitalda yaradılan şərait bizim tezliklə sağalıb hərbçi yoldaşlarımızın yanında öz yerimizi almağımıza böyük əminlik yaradır. Biz də bu qayğıya cavab olaraq ordu sıralarına qayıtdıqdan sonra xidmətimizi yenə də uğurla davam etdirəcək, lazım gələrsə bu yolda canımızı belə əsirgəməyəcəyik.

Bizə Qarabağın azad olunması sevincini yaşadan hərbçilərimiz, şəhid və qazilərimiz xalqımızın qürur mənbəyidir. Onların qəhrəmanlıqları bizi əzəli torpaqlarımıza qovuşdurdu. Bu gün torpaqlarımızın ərazi bütövlüyünün və sərhədlərimizin qorunması əmin əllərdədir. Müstəqilliyimizin qarantı olan qəhrəman hərbçilərimizin və onların ailə üzvlərinin sağlamlığı da etibarlı təmin edilib. Siz bizə qanınız, canınız bahasına bütöv və qüdrətli Azərbaycanı bəxş etdiniz. Dövlətimiz də sizi və övladlarınızı sağlam həyat və xoşbəxt gələcəklə təmin edir, əziz qəhrəman hərbçilərimiz. Arzumuz budur ki, əsgər və zabitlərimizin heç birinin yolu bu müasir səhiyyə ocağından düşməsin. Ancaq düşərsə belə, hər biriniz arxayın və əmin olun ki, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının müasir şəraiti və nümunəvi xidmətisizin və ailənizin sağlamlığının etibarlı qarantıdır. 

Gülcamal Tahirova

 

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR