15 Aprel 2021, Cümə axşamı

Muxtar respublikada səhiyyə sisteminin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sosial siyasətin əsas prioritetlərini təşkil edir.

2020-ci ildə də əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsi, Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Muğancıq-Mehrab, Qarabürc, Babək rayonunun Nəcəf­əlidizə kəndlərində feldşer-mama məntəqələri, Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur, Şahbuz və Culfa Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyalarının, Darıdağ Arsenli Su Müalicəxanasının yeni binalarının və Ordubad Rayon Uşaq Xəstəxanasının yenidən qurulması davam etdirilib.
İnfrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 12 təcili tibbi yardım avtomobili də verilib ki, bu da tibbi personalın işini xeyli asanlaşdırmaqla yanaşı, həm də sakinlərin sağlamlığının qorunmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar açıb.
2020-ci ildə dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində genişmiqyaslı tədbirlər görülüb, bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar alınıb. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiyaedicilərlə təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən dövlət tibb müəssisələrində çalışan tibb işçilərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin pandemiya ilə mübarizədə profilaktik dezinfeksiya tədbirləri həyata keçirən işçilərinə aylıq vəzifə maaşlarının 1-3 misli məbləğində mükafat və müddətli əlavələr ödənilir. Bütün yaşayış məntəqələrində görülən qabaqlayıcı tədbirlərin, davamlı dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, ölkə səviyyəsində xəstəliyə ən aşağı yoluxma halı məhz muxtar respublikada müşahidə olunub.

Səhiyyə sahəsində aparılan məqsədyönlü tədbirlər demoqrafik vəziyyətə müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2020-ci ildə 4 min 624 uşaq doğulub, təbii artım 1753 nəfər, doğum göstəricisi 10, ölüm göstəricisi 6,2, 1 yaşa qədər uşaq ölümü 12 nəfər olmaqla, 2,6 promil təşkil edib.
Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 oktyabr 2018-ci il tarixdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının davam etdirilməsi nəticəsində uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması istiqamətində müsbət nəticələr əldə edilib. İl ərzində digər Dövlət proqramlarının icrası da daim diqqət mərkəzində saxlanılıb.
Belə ki, muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı prioritet istiqamətlərdən biridir. Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 120 xəstə hemodializ seansı alır. Həyata keçirilən tədbirlər nəticəsində 10 min nəfərdən artıq şəkərli diabet xəstəsinin dərman və özünənəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşmışdır. Muxtar respublikada 27 nəfər böyrək, 6 nəfər qaraciyər transplantasiyası olunan və 57 nəfər dağınıq skleroz xəstələri də hər cür dövlət qayğısı ilə əhatə ediliblər.
Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Burada qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər cür şərait yaradılıb.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Muxtar respublikada Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası bu işdə mühüm rol oynayır.
Ötən il tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilmiş həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.
Pandemiya ilə əlaqədar karantin rejiminə baxmayaraq, 2020-ci il ərzində də müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivləri muxtar respublikaya dəvət olunaraq yerli həkimlərlə birgə xeyli sayda əməliyyatlar aparıblar.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya aparılır. Əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla, müxtəlif yaş qruplarının dispanserizasiya tədbirləri ardıcıl davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR