11 İyul 2020, Şənbə


Yay mövsümündə havanın hərarətinin yüksək olması çimərliyə gedən insanların sayının artmasına gətirib çıxarır. Günün çox hissəsini çimərlikdə qızmar günəş altında keçirmək insanları günvurma kimi real təhlükə ilə üzləşdirir. Günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə son zamanlar günvurma faktları geniş vüsət alıb. Əhalinin belə təhlükədən qorunması məqsədilə məlumatlandırılması və maarifləndirilməsi olduqca vacibdir.

  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, günvurma - günəş şüalarının uzun müddət bədənə təsiri nəticəsində meydana gəlir, əsasən, gün altında başıaçıq şəkildə çox qaldıqda özünü kəskin şəkildə göstərir. Nəticədə günəş şüalarının təsiri nəticəsində beynin qan damarları genişlənir, beynə qan axını artır və beynin qan dövranı pozulur. Belə halda zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrısı, gözlərin qaralması, qulaqlarda küy, təngnəfəslik, nəbzin sürətlənməsi, mədə bulanması, qusma, hətta hərarətin 400 C və ya daha çox yüksəlməsi kimi əlamətlər baş verir. Bu zaman ölüm hadisəsi də ola bilər. Qeyd etdiyimiz əlamətlər bəzi hallarda dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra, bəzən də evə gəldikdən sonra da baş verə bilər. Bu cür hallara ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər, habelə isti hava şəraitinə adət etməmiş insanlar məruz qalır.

Günvurma zamanı profilaktik tədbirləri əvvəlcədən görmək olar: başı örtüksüz və bədəni açıq vəziyyətdə uzun müddət günəş şüalarının altında dayanmamaq, papaq və dəsmalla başı örtmək, çimməklə qumda dincəlməyi növbələmək, günün altında yatmamaq, günün isti vaxtında uzun müddətli yürüşlər etməmək və s.

Günvurma zamanı ilk yardımın göstərilməsi zərərçəkmişin sonrakı müalicəsinə birbaşa təsir göstərir. Bu səbəbdən də ilk yardımın vaxtında və düzgün aparılması mühüm əhəmiyyət kəsb edir. Günvurma zamanı zərərçəkən dərhal kölgəlik və sərin yerə aparılmalı, onun boynunu və döş qəfəsini sıxan paltarlardan azad etməli, rahat vəziyyətdə uzatmalı, başına, boynuna və sinəsinə soyuq kompress qoyulmalıdır. Soyuq su içirtmək, soyuq suda isladılmış mələfəni paltarsız bədəninin üstunə örtmək, huşunu itirmiş zərərçəkmişin tənəffüsü dayanarsa, ona suni tənəffüs vermək lazımdır.

Əlbəttə ki, günvurmadan qorunmaq onun fəsadlarını aradan qaldırmaqdan daha asandır. Belə ki, insanlar yay aylarında, havalar isti keçən vaxtlar çoxlu miqdarda maye qəbul etməlidirlər. Açıq havada, günəş şüaları altında çox qalmaq olmaz. Açıq rəngli baş örtüyü və yaxud çətirdən istifadə olunmalı, düzgün qidalanmalı, əsasən meyvə - tərəvəzdən kifayət qədər istifadə edilməlidir.

Uşaqlarda günvurma qeydə alınarsa dərhal zərərçəkəni üfüqi vəziyyətdə uzadaraq başına soyuq su ilə isladılmış dəsmal qoymaq və çoxlu maye içirmək lazımdır. Bunun üçün 1 litr suya 2 xörək qaşığı şəkər tozu, 1/2 çay qaşığı natrium xlorid və ya natrium bikarbonat əlavə edilməsi tövsiyə olunur.

Zərərçəkənə ilk yardım göstərdikdən sonra onu dərhal xəstə yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq lazımdır.

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR