14 Dekabr 2019, Şənbə

Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda ilk milli sərhəd qurumları yaradılmışdır.

Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci ilin sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdir. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulmuşdur. Həmin vaxt Naxçıvandakı sərhəd dəstəsinin əmlakının, silah və sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olunmuşdur. 1992-ci il avqust ayının 22-də Naxçıvandakı 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçmiş və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Dəstəsi ləğv olunmuş, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilmiş, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev bu barədə demişdir: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın burada yerləşən 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının birinci dəstəsi yaradıldı... Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir”.

Ölkəmizdə Sərhəd Qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirmişdir. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”, – deyən ölkə başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalamış, normativ-hüquqi baza təkmilləşdirilmiş, maddi-texniki təminat və döyüş hazırlığı artırılmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında Sərhəd Diviziyası, 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, Naxçıvanda sərhədlərimizin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoymuşdur.

Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün də muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərhədçilər qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizə aparmalı, fədakarlıq göstərməlidir”.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Göstərilən diqqət və qayğı nəticəsində qərargah binası, xəstəxana, müasir tələblərə cavab verən uşaq bağçası tikilmiş, mərkəzləşmiş istilik sistemi yaradılmış, sərhədçi ailələri üçün istirahət parkı salınmış, hamam-camaşırxana kompleksi yenidən qurulmuş, çörək sexi istifadəyə verilmişdir. Bundan başqa, Şərur və Culfa sərhəd komendant­lıqları, müasir tələblərə uyğun 10 sərhəd zastavası, zabit-gizir ailələri üçün yaşayış binaları, Qaraçuq sərhəd dəstəsi tikilərək sərhədçilərin istifadəsinə verilmişdir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri də görülmüş, avtomobil parkında təmir emalatxanaları, bütün anbarlar, avtomobillərin saxlanılması üçün yeni saxlanclar, qarovul və qazanxana binaları inşa edilmişdir. Bununla yanaşı, şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti göstərilən qayğı və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qüvvə və bacarığını əsirgəməyəcək.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR