07 Dekabr 2019, Şənbə

Bu gün muxtar respublikada gənc­lərin təhsilli və sağlam böyümələri, vətənpərvərlik ruhunda yetişmələri, istedad və bacarıqlarının üzə çıxarılaraq düzgün formalaşdırılması üçün hər cür şərait yaradılıb. Belə müəssisələr üçün yeni binalar tikilib və ya əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib, məktəbdənkənar müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi işi də diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikamızda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrindən biri də Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəz 1953-cü ildə Gənc Texniklər Stansiyası adı ilə fəaliyyətə başlayıb. 1991-ci ildən adı dəyişilərək Texniki Yaradıcılıq Mərkəzi kimi fəaliyyətini davam etdirir. Mərkəzin yaradılmasında məqsəd uşaqların asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, istedadlarını üzə çıxarmaq, peşə istiqamətinə yönəltməkdir.
Məktəbdənkənar müəssisə öz işini tədris ilinin əvvəlində hazırlanmış və təsdiq olunmuş iş planı əsasında qurur. Plana əsasən şagirdlərə doğma diyarımızı, onun qədim abidələrini, milli dəyərlərini, tanınmış şəxsiyyətlərini yaxından tanıtmaq məqsədilə onların muzeylərə, tarixi abidələrə ekskursiyaları təşkil olunur. Dərnək üzvləri həm də respublika üzrə keçirilən müsabiqələrdə, festival və sərgilərdə hazır­ladıqları əl işləri ilə iştirak edirlər. Onların fərdi şəkildə hazırladıqları əl işlərindən – rəsm, toxuma, tikmə, maket və modellərdən ibarət sərgilər təşkil olunur. Dərnək üzvlərinin əl işləri sərgi, müsabiqə və festivallarda yer tutaraq diplom və fəxri fərmanlara layiq görülüb.
“Texniki rəsmxət” dərnəyinin üzvləri “Naxçıvan – mənim doğma diyarım”, “Milli-mənəvi dəyərlərimiz – Novruz”, “Naxçıvan – 95” adlı rəsm müsabiqələrində 1-ci, 2-ci və həvəsləndirici yerləri tutaraq diplom və hədiyyələrlə mükafatlandırılıblar.
“Təyyarə və raket modelçiliyi” dərnəyinin hazırladığı təyyarə modellərinin respublika stadionunda dəfələrlə sınaq uçuşları keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli müvafiq Sərəncamına əsasən bu tədris ilində doqquz kitabın müzakirəsi keçirilib. “Zərərli vərdişlərdən necə qorunmalı”, “Ağ ölüm” mövzularında maarifləndirici söhbətlər aparılıb. “Viktorina” intellektual oyun, “Mən istedadlıyam”, “Naxçıvan – doğma diyarım” adlı bilik yarışmaları təşkil edilib. Bu tədbirlər dərnək üzvlərinin asudə vaxtlarının düzgün təşkilində, dünya­görüşünün formalaşmasında, intellektual biliklərinin artmasında, oxu vərdişinin, əl qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.

Şagirdlərin bu tətil günlərini daha maraqlı və mənalı keçirmələri üçün yeni tədbirlər planı hazırlanıb. Plana əsasən Şahbuz və Şərur rayonlarına ekskursiya edən məktəblilərin Texniki Yaradıcılıq Mərkəzində əl işlərindən ibarət sərgi nümayiş edilib. Sərgidə “Təyyarə və raket model­çiliyi”, “Texniki rəsmxət”, “Bacarıqlı əllər” və “İbtidai texniki modelləşdirmə” dərnəklərinin üzvləri əyani olaraq maket, model, rəsm işləri hazırlayaraq təyyarə modellərinin sınaq uçuşu keçirilib.
Sərginin nümayişi, yeni əl işlərinin hazırlanması hər iki mərkəzin kollektivinin və dərnək üzvlərinin bir-birini yaxından tanımasına, maraqlı əl işlərinin asan üsulla hazırlanması yollarını öyrənməyə, dostluq, birgə iş əlaqələrinin möhkəmlənməsinə şərait yaradır.
Yay tətili günlərində uşaqların asudə vaxtlarının səmərəli keçməsi, zərərli vərdişlərdən uzaq olmaları üçün muxtar respublikanın digər rayonlarına da ekskursiyalar nəzərdə tutulub. Növbəti ekskursiyalar Culfa, Babək və Ordubad rayon Texniki Yaradıcılıq mərkəzlərinə təşkil ediləcək. Bu mərkəzlərdə də birgə sərgi açılacaq və müxtəlif mövzularda hazırlanmış yeni əl işlərinin nümayişi olacaq.
Məktəbdənkənar təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvər, zəhmətkeş, bacarıqlı və cəmiyyətə layiq vətəndaş kimi yetişdirilməsində mühüm rol oynayır.

Nubar ALLAHVERDİYEVA
Texniki Yaradıcılıq
Mərkəzinin direktoru

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR