07 Dekabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Hava limanının yerüstü obyektlərində baş verə biləcək yanğınların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı idarəetmə orqanlarının və qüvvələrin fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında qarşılıqlı fəaliyyətin, eyni zamanda yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaqdır. Bununla yanaşı, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması, eyni zamanda çevikliyinin təmin edilməsi də qarşıya qoyulan məqsədlərdəndir.
Təlim planına uyğun olaraq, ilk növbədə, aeroportun yanğın təhlükəsizliyi və qəza-xilas­etmə komandasının döyüş hazır­lığının yoxlanılması məqsədilə şəxsi heyətdən “Döyüş açılışı” üzrə normativlər qəbul edilib. Sonra yanacaq-sürtkü materialları anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkilinə baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib. Həmin anbarın yanğın cəhətdən təhlükəli obyekt olduğunu nəzərə alaraq şərti yanğının söndürülməsinə Naxçıvan Beynəlxalq Hava Limanının və Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Şəhər və Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin 6 müasirtipli yanğınsöndürmə texnikası, 35 nəfər şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin cəld və çevik fəaliyyəti nəticəsində yanğının qarşısı vaxtında alınıb, qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib, yanğın ocağında xəsarət alanlara aeroportun səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Növbəti təlim yerində “Avtomobillərin qış anqarında şərti baş vermiş yanğının qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusu üzrə praktik fəaliyyət təşkil olunub. Anqardan, ilk növbədə, salamat qalmış texnikaların təxliyəsi həyata keçirilib. Müxtəlif üsullardan istifadə olunaraq baş vermiş yanğının qarşısı alınıb və söndürülməsi təmin edilib. Yanğının qonşuluqda yerləşən yanacaq-sürtkü materialları anbarına keçməməsi üçün “su pərdəsi” yaradılıb.
Təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən, ümumilikdə, 85-dən artıq şəxsi heyət, 6 yanğınsöndürmə avtomobili, 7 xüsusi təyinatlı texnika, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlər keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR