27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 1 iyun 2019-cu il tarixdən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Müvafiq sərəncamda icbari tibbi sığortanın tətbiqi məqsədilə Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əmək­haqları əhəmiyyətli dərəcədə artırılıb.
Tibbi sığorta Şərur rayonunda 115 min 575 nəfəri əhatə edir. Rayonda icbari tibbi sığortanın tətbiqinə hərtərəfli şərait yaradılıb. Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına, kənd sahə xəstəxanası və həkim ambulatoriyalarına yeni avadanlıqlar alınıb. Tibbi sığortanın tətbiqi ilə əlaqədar icbari tibbi sığortaya cəlb olunacaq əhali haqqında məlumatlar toplanılıb, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.

Xəstəxananın işçiləri icbari tibbi sığortanın ilk tətbiq olunduğu Sədərək rayonunda bir neçə dəfə təcrübə keçiblər. Hazırlıq məqsədilə Şərur rayonunda kurs və seminarlar da təşkil olunub.
Hazırda icbari tibbi sığorta üzrə baza zərfində mövcud olan 1525 tibbi xidmətin 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. İyunun 1-dən xəstəxanada 31 nəfər stasionar müalicə alıb, 4 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına, 2 nəfər isə Diaqnostika Müalicə və Doğum mərkəzlərinə müayinəyə göndərilib.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqi vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti