27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaqdır. Artıq muxtar respublikamızda bununla bağlı müəyyən işlər görülüb, Ali Məclisin Sədri bu il martın 18-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təminatı ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin və dövlətin səhiyyənin maliyyələşməsində fəal iştirakını təmin etməklə sosial həmrəylik prinsipinə əsaslanır və səhiyyənin dayanıqlı, innovativ maliyyələşmə metodu hesab edilir. Muxtar respublikamızda icbari tibbi sığorta sahəsində təcrübənin olmadığı nəzərə alınaraq bu prosesin mərhələli qaydada həyata keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il mayın 3-də imzaladığı “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq ilk mərhələdə həmin rayonda bu işə start verilib. “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Ali Məclis Sədrinin 2018-ci il 27 yanvar tarixli Sərəncamı ilə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə Sədərək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs statusu alıb.

Ötən dövrdə xəstəxanada 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Burada ən müasir texnoloji yenilikləri özündə birləşdirən stasionartipli rəngli doppler USM cihazı, spirometr, kardiomonitor, pulsoksimetr, süni tənəffüs aparatı, LOR kabinəsi üçün cərrahi avadanlıqlar dəsti, göz kabinəsi üçün biomikroskop, 4 böyütməli və göz təzyiqinin ölçülməsi üçün tonopenli, avtokeratorefraktometr, oftalmoloji proyektor, dioptrimetr, oftalmoskop, vitreoktomiya əməliyyatı üçün ­mikro və makrocərrahi alətlər dəsti, mirvari suyu və göz dibi iltihabı xəstəlikləri üçün Oertli OS4 markalı əməliyyat aparatı quraşdırılıb. Bu cihaz vasitəsilə bir çox mürəkkəb əməliyyat həyata keçirmək mümkündür. Xəstəxananın təcili tibbi yardım avtomobili də planşetlə təmin edilib və “Səhiyyə informasiya idarəetmə sistemi”nə qoşulub.
Sığortaolunanlara icbari tibbi sığorta şəhadətnaməsinin verilməsi məqsədilə plastik kartlar alınıb.
Qeyd edək ki, icbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizio­terapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir. Rayonda icbari tibbi sığorta sisteminin tətbiqilə bağlı Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb və onun icrası nəzarətə götürülüb. Tədbirlər planının icra vəziyyəti xüsusi həkim komissiyası tərəfindən yoxlanılıb və nazirliyin kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.
Hazırda xəstəxana tərəfindən icbari tibbi sığorta çərçivəsində vətəndaşlara müxtəlif sahələr üzrə tibbi xidmətlər göstərilir.
Ambulator qəbul və ilkin səhiyyə xidməti hər bir səhiyyə müəssisəsinin fəaliyyətində mühüm rol oynayan sahələrdən biridir. Xəstəxananın qəbul otağının həkimi Leyla Əlisoy tərəfindən ambulator müraciətlərin qeydiyyatı aparılır və onların müayinə və müalicə tədbirləri müəyyən edilərək istiqamətləndirilir. Sahə tibb bacıları tərəfindən sahədəki xroniki xəstələrə, uşaq və hamilələrin qeydiyyata alınmasına nəzarət olunur.
Ötən müddət ərzində təcili və təxirəsalınmaz tibbi yardım vasitəsilə 646 xəstəyə yardım göstərilib.
Xəstəxananın 26 çarpayılıq Stasionar şöbəsində 2018-ci ilin iyun ayından 48 xəstə müalicə alıb və sağalma ilə evə ambulator müalicəyə yazılıb.
Funksional-diaqnostik müayinələr kabinəsində həkim-funksionalist İsa Qasımov Yaponiya istehsalı olan USM aparatı vasitəsilə 527 xəstədə müayinə aparıb.
Rentgen kabinəsində rentgeno­qrafiya, portativ renoqrafiya və stomatoloji rentgen aparatlarının hamısı işlək vəziyyətdədir. Tibbi sığorta sisteminə keçəndən sonra rentgen-texnik Cabbar Bağırov kabinədə 95 xəstədə rentgenoloji müayinə aparıb. EKQ kabinəsinin fəaliyyətindən də pasiyentlər razılıq edirlər.
Xəstəxanada fizioterapevtik aparatların hamısı işlək vəziyyətdədir. Laborator kabinədə qanda şəkərin təyini və digər müayinələr aparılır.
Hamiləlik və doğuş xidməti ginekoloq Sabirə Quliyeva və mama Səadət Qasımova tərəfindən həyata keçirilir. Ötən müddətdə 11 fizioloji doğuş olub, 20 hamilə isə qeydiyyata alınıb.
Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası da diqqət mərkəzində saxlanılır. Belə ki, qeyd olunan müddətdə 0-6 yaşlılar arasında 428 nəfərə peyvəndlər vurulub. Vaksinator Nazirə Zamanovanın çalışdığı kabinədə lazım olan tibbi avadanlıqlar, təcili yardım şkafında ehtiyac olan dərman preparatları var.
Xəstəxanada cərrahi xidmət cərrah Vaqif Babayev, anestezioloq Cavid Ələsgərli tərəfindən həyata keçirilir. Onların səyi ilə qısa müddətdə bir neçə uğurlu əməliyyat aparılıb.
Bütövlükdə, ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilib.
Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. Bu ilin ilk rübündə 9 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Diaqnostika-Müalicə, Doğum və Kardioloji mərkəzlərə göndərilib.
Qeyd edək ki, yanvarın 24-də keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqlara əsasən bu ildən Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Rayonda həyata keçirilən tədbirlər, uşaq xəstəxanasının yaradılması, həkim ambulatoriyalarının yenidən qurulması və lazımi avadanlıqlarla təmin olunması, eləcə də muxtar respublikada vahid elektron idarəetmə sisteminin qurulması icbari tibbi sığortanın tətbiqinə lazımi şərait yaradıb.
Belə ki, mərkəzi xəstəxananın Təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilib, tibbi yardım briqadasının sayı artırılıb. Xəstəxananın Laboratoriya şöbəsi yenidən qurulub, tibbi avadanlıq və cihazlarla təmin olunub. Yeni narkoz və süni tənəffüs aparatı alınıb, yenidoğulmuşlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün transport küvez alınaraq quraşdırılıb. Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarında nümunəvi informasiya sistemi istifadəyə verilib.
Artıq ilkin tədbirlərin icrasına başlanılıb, rayon əhalisi üzrə məlumatlar toplanılıb. Bu məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, “Səhiyyə informasiya idarəetmə sistemi” və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.
Bu gün muxtar respublika əhalisinin hər bir səhiyyə müəssisəsindən hərtərəfli yararlanmasına imkan var. İcbari tibbi sığortanın tətbiqi bu imkanlardan daha səmərəli istifadə etməklə insanların sağlamlığının daha etibarlı şəkildə mühafizəsində yeni mərhələyə çevriləcəkdir.

Hüseyn ƏSGƏROV