27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə səhiyyənin inkişafı yönündə məqsədyönlü və ardıcıl tədbirlər görülür, həkim və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoymasına stimul olub. Muxtar respublikamızda da səhiyyənin müasir tələblər səviyyəsində inkişafı təmin edilib. Səhiyyə müəssisələri üçün hər il yeni binalar inşa olunur, tibb ocaqları müasir avadanlıqlarla təchiz edilir. Bu yaxınlarda Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Səhiyyə ocağı ilə tanış olmaq üçün oraya üz tutur, baş həkim Günay Quliyeva ilə həmsöhbət oluruq.

Günay həkim bildirir ki, xəstəxanada stasionar şöbə, poliklinika bölməsi və yoluxucu xəstəliklər üçün izolyator fəaliyyət göstərir. Stasionar şöbə 3 palata, reanimasiya və intensiv terapiya, uşaqlar üçün oyun və işçilər üçün otaqlardan ibarətdir. Poliklinika bölməsi birinci və ikinci mərtəbələrdə yerləşir. Birinci mərtəbədə qeydiyyat, dispanserizasiya, təcili tibbi yardım və manipulyasiya, stomatoloq, stomatoloq-ortodont, fizioterapiya, laboratoriya, ultrasəslə müayinə, kardio­revmotoloq, nevropatoloq, cərrah-travmatoloq, qəbul üzrə həkim, sahə pediatrları və sahə tibb bacıları, peyvənd və BÇJ kabinələri, yeməkxana, mətbəx, camaşırxana, texniki işçilər üçün otaqlar vardır.

Həkim onu da qeyd edir ki, yoluxucu xəstəliklər üçün izolyator da birinci mərtəbədədir. İkinci mərtəbədə oftalmoloq, LOR, endokrinoloq-allerqoloq, derma-toveneroloq, ginekoloq, ftiziatr-infeksionist, psixoloq-loqoped, baş həkim, mühasibatlıq və metodist üçün otaqlar yerləşir. Burada mərkəzi oksigen sistemi yaradılaraq reanimasiya və intensiv terapiya, palata, təcili tibbi yardım və manipulyasiya otaqlarına verilib. Xəstəxanada stasionar ultrasəslə müayinə cihazı, 2 stomatoloji qurğu, elektrokardioqrafiya, elektroensefaloqrafiya, hematoloji, biokimyəvi, EÇS təyini, qlükometr, avtoanalizatorlar, mikroskop, sentrifuqa, termostat, reanimasiya üçün kardiomonitorlar, elektrosorucu, ambu süni tənəffüs aləti, oksigen konsentratoru, pulsoksimetr, fizioterapiya kabinəsi üçün elektro və ultrasəs müalicə, ultrayüksəktezlikli cərəyanla müalicə, darsonval, inqalyator cihazları, solyuks, soyuq və isti kvars lampaları, parafinqızdırma qazanı quraşdırılıb.
Səhiyyə ocağında oftalmoloji kabinə üçün şirim lampası, oftalmotoloji proyektor, dioptrimetr, oftalmoskop, retinoskop, görmə itiliyinin korreksiyası üçün linza dəsti, keratorefraktometr, sterilizasiya üçün avtoklav, quru hava sterilizatorları, bakteriosid lampalar, paketləmə cihazı, LOR əməliyyat dəsti qoyulub, eləcə də yeni təcili tibbi yardım avtomobili verilib.
Baş həkim bildirir ki, xəstəxananın əsas vəzifələrindən biri də yoluxucu xəstəliklərin qarşısını almaq üçün qoruyucu profilaktik peyvəndlərin vaxtında aparılmasını təşkil etməkdir. Peyvəndləmə prosesinin xəstəxana tərəfindən yüksək səviyyədə təşkili uşaqların sağlam böyüməsi məqsədi daşıyır. Günay həkim onu da xüsusi vurğuladı ki, bəzi valideynlər peyvənd haqqında tam məlumatlı olmadığından ondan ehtiyat edir, uşaqlarını bu tibbi prosedurdan uzaq tutmağa çalışırlar. Bu səbəbdən də sahə tibb bacıları tərəfindən valideynlər arasında maarifləndirici tədbirlər aparılır, peyvəndin vacibliyi onlara izah olunur. Peyvənd infeksiyaya qarşı immuna cavab yaratmaqda uşağa kömək edir. Nəticədə, uşaq infeksiyaların əksəriyyətindən müdafiə olunur. Peyvəndin uşaqların sağlamlığı üçün vacibliyini nəzərə alaraq 2 aylıqdan 6 yaşına kimi bu işi davam etdiririk.
Günay həkim deyir ki, xəstəxanada uşaqlar üçün elektron sağlamlıq kartları açılır. Bu kartlarda uşaqların bütün inkişaf göstəriciləri, onlara vurulan peyvəndlər və digər məlumatlar yer alır. Muxtar respublikadan dünyanın istənilən yerinə səyahət edən valideynlər uşağın səhhətində problemlər yaranacağı təqdirdə bu kartı istənilən səhiyyə ocağına təqdim edə və beləliklə də, müayinə və müalicənin aparılmasına nail ola bilərlər.
Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi uşaqlar icbari dispanserizasiyaya cəlb ediliblər. Burada nümunəvi tibbi informasiya sistemi yaradılıb, 12 kompüter qoyulub. Bu da xəstələrin qeydiyyatının elektron formada aparılmasına, eləcə də onlar haqqında məlumatların Səhiyyə Nazirliyindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən və icbari tibbi sığortanın tətbiq olunduğu digər xəstəxanalardan birbaşa izlənilməsinə imkan verir.
Xəstəxananın Reanimasiya şöbəsində xəstələrdən birinin valideyni Kəmalə Heydərova ilə həmsöhbət olduq. O dedi ki, qızını yüksək qızdırma, tənəffüs çatışmazlığı ilə buraya gətiriblər. Həkim və tibb bacılarının köməyi ilə vəziyyəti getdikcə yaxşılaşır.
Valideyn onu da diqqətimizə çatdırır ki, xəstəxananın qapısından girər-girməz dövlətin səhiyyəyə göstərdiyi qayğı tam əyaniliyi ilə nəzərə çarpır. Sovetlər dönəmində bu cür gözəl, yaraşıqlı, lazımi avadanlıq və cihazlarla təchiz edilən tibb ocağı barədə danışmaq belə, olmazdı. Bu gün isə müstəqil dövlətimiz gücləndikcə təkcə şəhər mərkəzində deyil, kəndlərimizdə də müasir səhiyyə ocaqları inşa olunur ki, bu da əhalinin sağlamlığının qorunmasında, onlara tibbi xidmətin göstərilməsində böyük rol oynayır.
Xəstəxananın baş həkimi onu da qeyd etdi ki, 25 yanvar 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Şərur rayonunda icbari tibbi sığortanın tətbiq edilməsi və Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2019-cu il iyunun 1-dən həmin publik hüquqi şəxslərin fəaliyyətləri təmin ediləcək.
Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn övladının qayğısına qalır, onun xəstə olmaması üçün əlindən gələni edir. Amma bəzən ata və ananın qayğısı, diqqəti uşaqlarımızı xəstəliklərdən uzaq tutmağa kömək edə bilmir. Bu zaman isə valideynlərin ən yaxın köməkçisi Hippokrat andı içmiş ağxalatlı mələklər olur. Yaradılan müasir şərait də həkim və tibb bacılarının işinin daha da keyfiyyətli olmasına imkan verir. Şərur Rayon Uşaq Xəstəxanasının müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarla diaqnozların dəqiq qoyulması, müayinə və müalicələrin səmərəli aparılması üçün ağxalatlı peşə sahiblərinin insan sağlamlığı kimi mühüm və xeyirxah bir missiyanı uğurla həyata keçirmələrinə şərait yaradır. Bu da onu deməyə əsas verir ki, gələcəyimiz olan uşaqların sağlamlığı etibarlı əllərdədir. Uşaqlarımızın sağlamlığı isə həm də sağlam gələcək deməkdir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022199
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2476
2657
2476
104581
4022199

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter