24 Noyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Respublikamızda günün tələblərinə cavab verən, avadanlıqları dünya və Avropa standartlarına uyğun olan, elm və texnikanın müasir və ən yeni nailiyyətləri ilə səsləşə bilən diaqnostika-müalicə mərkəzlərindən biri də Şərq ilə Qərbin qovşağında yerləşən Naxçıvandadır. Mərkəzin fəaliyyətə başlaması ilə Naxçıvan Muxtar Respublikasında səhiyyənin tarixində yeni bir dövrün başlanğıcı qoyuldu.  

2007-ci ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin 84-cü ildönümü münasibətilə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən, öz unikal gözəlliyi və avadanlıqlarının müasirliyinə görə əvəzsiz bir sağlamlıq mərkəzi və mühüm infrastruktur obyekti olan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi bu il fəaliyyətinin on illiyini qeyd edir. Ötən on ildə qazanılmış uğurları, bütövlükdə, Sovetlər Birliyi dövründə əldə edilmiş nailiyyətlərlə müqayisə etsək, bu nailiyyətləri Naxçıvan səhiyyə tarixində inqilab, intibah dövrü kimi qiymətləndirmək olar.
Bu möhtəşəm səhiyyə ocağı, yarandığı ilk gündən muxtar respublika rəhbərinin diqqət mərkəzində olmuş və göstərilən dövlət qayğısı sayəsində əhalinin sağlamlığı keşiyində duraraq, günü-gündən diaqnostik və müalicə arsenalının zənginləşməsi sayəsində yeni-yeni uğurlara imza atmışdır.

Mərkəzin strukturu müasir Avropa standartlarına uyğun olaraq qurulmuşdur. Səhiyyə ocağının Təcili yardım şöbəsində xəstələrin qəbulu, kiçikhəcmli cərrahi müdaxilələrin edilməsi, diaqnozları dəqiqləşdirilənə qədər palatalarda yerləşdirilərək onlara təxirəsalınmaz tibbi yardım göstərilməsi, ehtiyac olduqda diaqnostik kabinələrdə lazımi müayinələr aparılması və onların müvafiq şöbələrə qəbul edilib müalicələrinin davam etdirilməsi həyata keçirilir. Təcili yardım şöbəsi ilə yanaşı, şüa diaqnostikası üsullarından olan rentgenoloji, kompüter tomoqrafiyası və nüvə maqnit rezonansı müayinə kabinələri fəaliyyət göstərir ki, bu, xəstələrə ilkin tibbi yardım göstərilməsini, müayinə və müalicə taktikasını müəyyənləşdirməyi, digər tərəfdən də tez bir zamanda onların bu müayinələrə hazırlanmasını asanlaşdırır.
Mərkəzdə fəaliyyət göstərən çox­profilli Diaqnostika şöbəsi respublikada analoqu olmayan bir şöbədir. Bu şöbədə şüa diaqnostikası üsullarından olan müasir ultrasəslə müayinə aparatları vasitəsilə müxtəlif üzv və sistemlərin ultrasəs təsvirinin alınıb təhlil edilməsi mümkündür. Artıq bir neçə ildir ki, respublikamızda ilk dəfə olaraq ultrasəslə müayinə aparatlarının nəzarəti altında müxtəlif orqanlardan və patoloji törəmələrdən nümunələr götürüb onların hüceyrə quruluşunu tədqiq etmək, həmçinin cərrahi müdaxilənin gedişində bir sıra orqanları bilavasitə müayinə edərək patoloji ocağın tapılmasına nail olmaq mümkün olmuşdur. Dopler ultrasəs aparatı ilə ürək qan-damar sisteminin rəngli təsvirini almaq, ürəkdə və qan damarlarında olan qüsur və patoloji dəyişiklikləri, periferik arteriya və vena damarların keçiriciliyini və daralma dərəcəsini müəyyən etmək mümkündür. Şüa diaqnostikası üsullarından olan mammoqraf vasitəsilə süd vəzilərinin rentgen təsvirini almaq, orada olan müxtəlif törəmələrin xarakterini müəyyənləşdirmək olur.
Yaponiyanın “Olimpus” firmasının istehsalı olan endoskopik aparatlarla yuxarı tənəffüs yolları və bronxları, yemək borusu, mədə, onikibarmaq bağırsaq və yoğun bağırsaqları diaqnostik məqsədlərlə müayinə etmək, bu orqanlardan olan qanaxmanı dayandırmaq, genişlənmiş qan damarlarını sklerozlaşdırıcı dərmanlarla ləğv etmək, yad cisimləri xaric etmək, mikroskopik müayinələr aparılması üçün şübhəli törəmələrdən toxuma nümunələri götürmək mümkündür. Son zamanlar respublikamızda ilk dəfə olaraq müxtəlif patoloji proseslər zamanı daralmış yemək borusunu genişləndirmək, bu nahiyəyə stend qoymaq, qapalı yolla mədəyə qastrostom borusu yerləşdirərək xəstələrin qidalanmasını təmin etmək mümkün olmuşdur.
Mərkəzdə ürək fəaliyyətini dəyərləndirmək üçün EKQ-tredmil və sutka ərzində ürək fəaliyyətini dinamik olaraq nəzarətdə saxlayan Holter aparatları vardır. Müxtəlif nevroloji xəstəliklər zamanı mərkəzi sinir sisteminin və əzələlərin fəaliyyətini müəyyənləşdirmək məqsədilə müvafiq olaraq elektroensefaloqrafiya və elektromioqrafiya müayinə üsulları da ilk dəfə olaraq Diaqnostika şöbəsində tətbiq olunmağa başlamışdır.
Burada müasir avadanlıqlarla təchiz edilmiş pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, endokrinoloji, pediatrik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr fəaliyyət göstərirlər.
Müasirtipli avtoanalizatorlarla təchiz edilmiş laboratoriyada qanın ümumi və biokimyəvi analizlərini, qanda olan bir sıra infeksiyaları, qan qazı sınaqlarını, orqanizmin digər maye mühitlərinin tam dəyərli analizlərini, qanın hormonlarını və müasir onkologiyanın son nailiyyəti olan onkomarkerlərin analizini aparmaq mümkündür.
Mərkəzdə yaradılmış “Qan bankı”nın fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasının bütün səhiyyə müəssisələrinin qana olan tələbatı ödənilməklə bərabər, burada müxtəlif məqsədlər üçün qanın komponentləri olan plazma, eritrositar, limfositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi də həyata keçirilir.
Bir sıra damar xəstəliklərinin (obliterasiyaedici endoarterit, diabetik angiopatiya), septik vəziyyətlərin, müxtəlif kəskin və xroniki ağır zəhərlənmələrin müalicəsi zamanı vacib müalicə komponenti olan hiperbarik oksigenasiya, plazmoferez və ozonoterapiya üsullarının praktik təbabətdə tətbiqi də muxtar respublika üçün yenilik sayıla bilər.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə müasir səviyyədə tibbi xidmət göstərilməsi buradakı Hemodializ şöbəsində mərkəzləşdirilmişdir. Hemodializ aparılması üçün vacib olan vidaci venaya kanyulanın və arteriovenoz şuntun qoyulması da artıq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində uğurla həyata keçirilməkdədir.
Böyük qürur hissi ilə demək olar ki, son vaxtlarda alınmış ekstrakarporal membran oksigenasiya (EKMO) aparatı vasitəsilə kəskin ağciyər çatışmazlığı olan xəstələri həyata qaytarmaq mümkün olmuşdur.
On il ərzində Cərrahiyyə şöbəsində minlərlə ümumi cərrahi, ginekoloji, uroloji, travmatoloji, ortopedik, oftalmoloji, neyrocərrahi, plastik cərrahi və burun-qulaq-boğaz əməliyyatları müvəffəqiyyətlə həyata keçirilmişdir. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, qastrektomiya əməliyyatının aparılması, yemək borusunun stendləşdirilməsi və plastikası, süni oynaq köçürülməsi, kardiostimulyatorların qoyulması, diafraqmal yırtıqların bərpasının uğurla həyata keçirilməsi cərrahi fəaliyyətimizin zirvəsi sayıla bilər.
Bu şöbədə muxtar respublika üçün daha bir yenilik olan laparoskopik və sistoskopik yolla endoskopik əməliyyatların aparılması da diqqətəlayiqdir. Laparoskopiya üsulu ilə xüsusi kamera və manipulyatorların köməyi ilə qarın boşluğunu açmadan cərrahi müdaxilələrin aparılması mümkündür. Bu üsulla öd kisəsinin, böyrəyin kistalarının və xoşxassəli şişlərin çıxarılması, qarın boşluğu orqanlarının zədələnməsi və şişləri zamanı diaqnozun dəqiqləşdirilməsi ilə yanaşı, digər mühüm əməliyyatlar da uğurlu nəticələr verir.
Mərkəzin Kardiocərrahiyyə şöbəsində yüzlərlə xəstədə angio­qrafiya aparılmış, daralmış ürək damarları balonla genişləndirilmiş, stendlər qoyulmuş, müxtəlif anadangəlmə və qazanılmış ürək qüsurları bərpa edilmiş, həmçinin ürəyin işemik xəstəlikləri zamanı açıq ürək əməliyyatı yolu ilə xəstələrin həyatı xilas edilmişdir. Bu da muxtar respublikada tibb sahəsində əldə edilən mühüm yeniliklərdən biridir.
Fərəhli haldır ki, artıq kardiocərrahi manipulyasiya və əməliyyatların hamısı – laparoskopik, sistoskopik və oftalmoloji əməliyyatlar kənardan heç bir mütəxəssis dəvət etmədən, yalnız Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim kadrları tərəfindən həyata keçirilir və muxtar respublika əhalisinin bu problemlərlə bağlı olaraq Bakı şəhərinə, xarici ölkələrə getmələrinə ehtiyac yoxdur.
Son zamanlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı sayəsində artıq humanitar yardım aksiyalarının təşkilində təcrübəsi olan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Kəngərli, Babək və Culfa rayonlarında dəfələrlə təmənnasız humanitar aksiyalar keçirmiş, xəstələrin qəbulunu, müayinəsini və xəstə­­lər üzərində cərrahi müdaxilələr ­aparılmasını yüksək səviyyədə reallaşdırmışdır.
Bir faktı qeyd edək ki, mərkəzin fəaliyyəti dövründə klinik materiallar əsasında əməkdaşlardan bir nəfəri tibb üzrə elmlər doktoru, iki nəfəri tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almış, hazırda iki nəfər də dissertant kimi elmi iş üzərində çalışmaqdadır.

Ümummilli liderimizin siyasi xəttinin davamçıları olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müasir səhiyyə infra­strukturlarının yaradılmasına, əhaliyə yüksək səviyyəli tibbi xidmətin təşkilinə göstərdiyi diqqət və qayğıdan bəhrələnən 10 yaşlı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kollektivi qarşıdakı illərdə də Naxçıvan səhiyyəsinin tarixində yeni-yeni səhifələr yazmağa, göstərilmiş etimadı doğrultmağa çalışacaqdır.

İsa ABDULLAYEV
tibb üzrə elmlər doktoru, Əməkdar həkim

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5346365
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11613
19336
85939
394571
5346365

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter