18 Oktyabr 2019, Cümə

Azərbaycan peşəkar milli teatrının yaradılmasından 140 il ötür

140 il bundan əvvəl – 1873-cü il mart ayının 10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması ilə Azərbaycan peşəkar milli teatrının əsası qoyulmuşdur.
Azərbaycanda teatr sənətinin, xalq teatrımızın tarixi çox-çox qədimlərdən başlayır. Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq qeyd etmək olar ki, Azərbaycan ərazisində teatr ənənələri qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələri kimi çox maraqlıdır. Xalqımızın yaradıcı təfəkkürünü əks etdirən, folklorumuzun zənginliyini ortaya qoyan bu tamaşalar peşəkar milli teatrın yaranmasında əhəmiyyətli rol oynamışlar. Azərbaycan milli teatrının yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun xüsusi xidmətləri olmuşdur. Yaxın Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində, estetik zövqünün formalaşmasında böyük rol oynamış, mütərəqqi ideyaların yayılmasına, teatrın işıqlı amalların carçısına çevrilməsinə səbəb olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Vedilinin yenicə çapdan çıxmış “Dahi insan” kitabının “imza günü” keçirilib.
“İmza günü”ndə şairin qələm yoldaşları, ədəbi tənqidçilər, ictimaiyyətin nümayəndələri və oxucular iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Naxçıvanda müxtəlif şair və yazıçıların çapdan çıxan kitablarının “imza günləri”nin keçirilməsi ənənəsinin formalaşmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, yeni kitabda yer alan “Dahi insan” poeması Zaur Vedilinin müəllifi olduğu çoxsaylı ədəbi nümunələr içərisində özünəməxsus yer tutur.
“İmza günü”ndə şairin qələm yoldaşlarından İbrahim Yusifoğlu,Firudin Süleymanoğlu, Vəli Qaraxan, birliyin gənclər təşkilatının sədri Elnur Kəlbizadə çıxış edərək yeni kitab barədə fikirlərini bildirib və şairə yaradıcılığında uğurlar arzulayıblar.
Sonda çıxış edən müəllif tədbirdə iştirak edən qələm dostlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar oxuculara şair töhfəsi olan bu kitabda Zaur Vedilinin “Dahi insan” poeması yer alıb. Azərbaycan və Avroasiya Yazıçılar birliklərinin üzvü, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmməd­ovun redaktoru olduğu kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Xəbərlər şöbəsi

Tədbiri giriş sözü ilə kollecin müəllimi Rəna Vəliyeva açıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, kollecin müəllimi Xanım Kazımova, yazıçı Sona Teymurbəyli, şair Nazlı Hacılı, Elnur Kəlbizadə və başqaları çıxışlarında Azərbaycan qadınına xas olan müsbət keyfiyyətlərdən danışıblar. Qeyd olunub ki, ictimai-siyasi və sosial-mədəni həyatda qadınların fəaliyyətlərinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvan qadınları doğma Naxçıvanımızın çiçəklənməsində, inkişafında, qüdrətli bir regiona çevrilməsində əllərindən gələni əsirgəmirlər. Bildirilib ki, bu sözlər Naxçıvanın yazar qadınlarının fəaliyyətində özünü qabarıq şəkildə göstərir. Onlar öz yaradıcılıqları ilə milli mədəniyyət tariximizin səhifələrinə yeni töhfələr bəxş edirlər.
Tədbirdə Sona Teymurbəylinin yeni çapdan çıxmış “Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlarımız” adlı kitabı haqqında da fikirlər söylənilib. Vurğulanıb ki, kitabda keçmişlə bu günə körpü salınaraq Naxçıvanda yazıb-yaradan qadınlarımızın Vətənə məhəbbəti, torpağa bağlılığı, sevgi dünyası və sair mövzulara aid əsərləri portret, məqalə-oçerk şəklində çap edilib.
Sonra çıxış edənlərin hər biri öz şeirləri ilə qadınları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Tədbirə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar yekun vurub.

Xəbərlər şöbəsi

Sənətkarlıq xalqlar arasında mövcud olan dostluq əlaqələrini bir-birinə daha da sıx bağlayır. Fevralın 19-da Parisdə açılan “Azərbaycan – ənənəvi və müasir incəsənəti” sərgisi də bu amala xidmət edir. Martın 4-dək davam edən sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvlərinin də əsərləri nümayiş etdirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyindən aldığımız məlumata görə, sərgidə Azərbaycanın müasir sənətkarlarının qədim ənənələr üzərində köklənmiş əl işləri – xalça və xalça məmulatı, tikmə, şəbəkəbənd, zərgərlik, metal, ağac, keramika və başqa nümunələr yer alıb.
Naxçıvan sənətkarlarından Akif Həsənovun taxta üzərində oyma üsulu ilə hazırladığı “Sarmaşığ”ı, Oktay Həşimovun “Nərd”i və “Mücrü”sü, Sabir Məmmədovun mis üzərində döymə üsulu ilə hazırladığı “Molla Nəsrəddin”i, Murad Babayevin “Bir millət, iki dövlət” əsəri sərgiyə gələnlərin böyük marağına səbəb olub.
Parisdə keçirilən sərgidə Naxçıvanda yaşayan xalçaçı sənətkarlardan Azadə Məmmədovanın “Kənarə xalça”sı, Yasəmən Alıverdiyevanın və Zərnigar Cəfərovanın “Göllü xalça” adlı iki əsəri xalça sənətini sevənlər tərəfindən maraqla qarşılanıb. İsmayıl Babayevin papaqçılıq sənəti nümunəsi olan “Milli papağ”ı da sərgiyə xüsusi çalar gətirən əsərlərdən olub. Ümumilikdə, bu sərgidə 9 həmyerlimizin 12 əsəri nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Aşıqlar Birliyi üzvlərinin, Naxçıvan Musiqi Kolleci tələbələrinin, muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin saz sinfi şagirdlərinin birgə konserti olub. Muxtar respublikada aşıq sənətinin təbliğinə, gənc istedadların yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təkan verən, saz-söz bayramı ab-havasında keçən bu tədbir Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilib.
Konsertdə Naxçıvan Aşıqlar Birliyinin üzvlərindən aşıq Könül Taroyeva, Tural Bağırov, Aydın Cəfərov, Şirin Şirinzadə, Zeynəb Yusifova və başqalarının çıxışları olub. Onlar “Şah sarayı”, “Azaflı gəraylısı”, “Dilqəmi”, “Ağır şərili”, “Gəraylı”, “Yüngül şərili”, “Baş sarıtel” və başqa aşıq havalarını ifa ediblər. Saz-söz ustalarımızı balabanda Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əli İsmayılov müşayiət edib. Sonra söz aşıq sənətinin davamçılarına verilib. Naxçıvan şəhərində və bölgələrimizdə aşıq sənətinin sirlərinə yiyələnən, gələcəkdə saz-söz ustaları olacaq uşaqlar da ifaların keyfiyyəti baxımından öz sələflərindən geri qalmayıblar. Milli dəyərimiz olan aşıq sənətinin davamçılarından Elvin Sadıqovun, Xumar Əliyevanın, Həsən Həsənlinin, Kənan Həsənlinin, Leyla Kərimovanın, Elnur Həsənovun və digərlərinin ifaları konsertə xüsusi rəng qatıb, mədəni irsimizi yaşadanların hər bir çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR