26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muzeylər istənilən bölgənin tarixi keçmişini özündə yaşadan mühüm mədəniyyət müəssisələridir. Profilindən asılı olmayaraq, muzeylər istənilən ölkə və yaxud şəhərlə tanışlıqda mühüm rol oynayır. Buna görə də turist səfərlərində ən yaddaqalan obyektlər sırasında muzeylər öndə gəlir. Hətta bu maraq bəzən o qədər yüksək olur ki, məşhur bir muzeyi görmək üçün həmin şəhərə getmək istəyənlərin sayı da artır. Təbii ki, belə maraqlar həmin muzeylərin uzun illərdən bəri aparılmış düzgün təbliğatının sayəsində mümkün olur. Ancaq məsələ ondadır ki, əgər istənilən bir muzey düzgün təbliğ olunursa, həmin muzeyin yerləşdiyi region, bölgə, şəhər və sair də dolayısı ilə təbliğ edilir. Bu da, son nəticədə, ölkəyə turist axınının artmasına səbəb olur. 

Aparılan tədqiqatlar onu göstərir ki, informasiyanın daşınması və yayılmasında heç bir kütləvi informasiya vasitəsi turistlər qədər real və obyektiv olmur. Bunu da unutmayaq ki, sosial sorğulara görə, turistlər getdikləri ölkə, şəhər və yaxud muzeylər haqqında təəssüratlarını ən azı beş nəfərlə bölüşür. Məhz bu baxımdan mədəniyyətin təbliğində muzeylər mühüm rol oynayır. Eyni zamanda nəzərdən qaçırmayaq ki, muzeylərlə tanışlıq insanlarda mədəni istirahətin dəyərləndirilməsi kimi artıq öz təsdiqini çoxdan tapmış ən səmərəli vasitədir. Digər tərəfdən muzeylər mühüm maarifləndirmə obyektləridir. Təbii ki, müxtəlif informasiya vasitələrindən (kitab, qəzet, film, internet və sair) aldığımız məlumatlardan fərqli olaraq, öyrənmək istədiyimiz faktları birbaşa mənbəyindən və fiziki təmasda ikən almaq daha maraqlı və yaddaqalandır. Həm də buna görə bir çox muzeylər elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Naxçıvan çox qədim bir məkandır. Bu məkanda tarixlə mədəniyyət min illərdir ki, birgə addımlayır. Regionun bu cür zənginliyi muxtar respublikada fəaliyyət göstərən muzeylərdə də öz əksini tapıb. Naxçıvan Muxtar Respublikasının qədim tarixi keçmişə, zəngin mədəniyyətə, milli dəyərlərə, faydalı qazıntılara, müxtəlif iqlim qurşaqlarına malik olması, üstəgəl burada yaşayan əhalinin keçmişdən bu günümüzə daşınan tolerant həyat tərzi (sadalanan istiqamətlər üzrə dünyada xeyli muzeylər var) bu regionda müxtəlif profilli muzeylərin yaradılmasına və fəaliyyət göstərməsinə imkan verir. Bu sahə ilə bağlı son 20 ildə muxtar respublikada xeyli iş görülüb – yeni muzeylər yaradılıb, mövcud muzeylərin binaları əsaslı şəkildə təmir olunub, eksponatların sayı dəfələrlə artırılıb. Eyni zamanda muzey işçilərinin hazır­lığı diqqət mərkəzində saxlanılıb, onların normal fəaliyyəti üçün mühüm tədbirlər həyata keçirilib. Görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublikada Dövlət Rəsm Qalereyası da daxil olmaqla, 29 müxtəlif profilli muzey mövcuddur və bu muzeylərin 13-ü Naxçıvan şəhərində yerləşir. Bunlardan “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi istisna olmaqla, bütün muzeylərin qapısı ziyarətçilərin üzünə açıqdır.
Ancaq etiraf etmək lazımdır ki, indiyədək vətəndaşlarımız tərəfindən muzeylərə maraq o qədər də yüksək olmayıb. Bunun isə bir sıra səbəbləri var. Çünki biz heç zaman istirahət mədəniyyətində muzeylərin yerini təyin etməmişik, ailədə övladlarımıza muzeylərin əhəmiyyəti haqqında söhbət açmamışıq, onları bu sahədə maarifləndirməmişik. Ancaq bəzi ölkə­lərdə muzeylərin fəaliyyəti cəmiyyətlə sıx əlaqəli qurulub. Xüsusilə uşaq və gənclərin dünyagörüşünün formalaşmasında, yaşadıqları ölkənin dəyərlərini mənimsəməkdə həmin ölkələrin təhsil müəssisələri ilə muzeyləri arasında sistemli baza mövcuddur. Bu bazanın imkanlarından düzgün istifadə olunması insanlarda sonrakı illərdə də öz tarix və mədəniyyətinə böyük sevgi, dəyərlərinə sədaqət hissi yaşadır. Bəlkə də, bəziləri inanmayacaq, amma bu sevginin təməli də tarixi və görməli məkanlara ekskursiyalarda, muzeylərə ziyarətlərdə qoyulur. Buna görə də dünyanın böyük şəhərlərində bu sevgini hiss etmək üçün insanlar, sözün həqiqi mənasında, pul xərcləyirlər. İndi çoxları düşünə bilər ki, bəhs etdiyimiz muzeylər dünya səviyyəsində tanınmış muzeylərdir və orada, həqiqətən, hər kəsi maraqlandıran böyük həcmdə eksponatlar kolleksiyası var. Ancaq unutmayaq ki, eksponat elə eksponatdır, həmin muzeylər də birdən-birə bu səviyyəyə gəlməyiblər. Əsas olan həmin eksponatların fövqündə yaradılmış emosiya və təbliğatdır.
Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada nazirlik, komitə və idarələrin, təhsil müəssisələrinin kollektivlərinin muzeyləri ziyarət etməsi, hər şeydən əvvəl, həmin kollektivlərdə çalışan insanlara yaşadıqları bölgədə hansı muzeylərin yerləşdiyi və bu muzeylərin profili haqqında məlumat vermiş oldu. Bunu ona görə qeyd etməyi lazım bilirəm ki, muzeylərə gedən kollektivlərin böyük əksəriyyətini ziyarət zamanı qələm əhlinin nümayəndəsi kimi müşayiət etmişəm. Bu ziyarətlər zamanı bəzi ziyarətçilərin muzeylərdəki eksponatlara təəccüb dolu baxışları məni heç də təəccübləndirməyib. Çünki vəziyyət əvvəldən də mənə məlum idi. Ancaq həmin kollektivlərin nümayəndələrinin muzeylərimizlə bağlı bir il ərzində öyrəndiklərini, daha doğrusu, qazandıqlarını heç nə ilə müqayisə etmək olmaz. Çünki muzeylərə kollektiv gedişlər tarixi keçmişimizin, mədəniyyətimizin öyrənilməsinin hər kəs üçün vacib meyar olduğunu, dəyərlərimizin fərdlər deyil, bütövlükdə cəmiyyətimiz tərəfindən qorunmalı və təbliğ olunmasını ortaya qoydu. Nəticə isə göz qabağındadır: muxtar respublikamızın muzeyləri 2015-ci ildə əvvəlki illərdən daha çox ziyarətçi qəbul edib, muzey bələdçiləri muzeylərdəki eksponatlar haqqında daha çox insana məlumat verib, bununla da tarix və mədəniyyətimiz daha çox təbliğ olunub. Məsələn, ötən il, daha doğrusu, 2015-ci il dekabrın 18-dək Heydər Əliyev Muzeyini 18 xarici ölkədən 1817 nəfər ziyarət edib, muzeyin ümumi ziyarətçilərinin sayı isə 16 min 900-dən çox olub. Naxçıvan Dövlət Tarix Muzeyini isə 2015-ci ildə 38 min 500 nəfər ziyarət edib ki, onlardan 4300-ü xarici vətəndaşlar olub. Muzeyi ziyarət edənlər üçün 1382 ekskursiya təşkil olunub. 2014-cü ildə isə muzeyin ziyarətçi sayı 21 min 914 nəfər olub. Şəhərimizin görməli yerləri ilə tanışlıq zamanı ən gözəl məkanlardan biri də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksidir ki, bu ünvan da daim turistlərin diqqət mərkəzində olan obyektlərdəndir. Kompleksdən aldığımız məlumata görə, əvvəllər bu ünvana il ərzində 30-32 min ziyarətçi gəlirdi. Ötən il isə kompleksi 63 minə yaxın insan ziyarət edib. Ziyarətçilərin 7 mindən çoxu xarici turistlər olub. Belə faktları şəhərimizdə yerləşən digər muzeylər haqqında da demək mümkündür.

Gəldiyimiz ümumi nəticə isə bundan ibarətdir ki, Naxçıvan şəhərində, ümumilikdə isə muxtar respublikamızda yerləşən muzeylər 2015-ci ili uğurla başa vurublar. Belə ki, Naxçıvan muzeyləri dövrünün ən çox ziyarətçilərini ötən il qəbul ediblər. Ziyarətçi sayının artmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məlum sərəncamı ilə yanaşı, muxtar respublikamızın beynəlxalq əlaqələrinin güclənməsi və regionda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi də mühüm rol oynayıb.

Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2478710
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17561
16737
80275
418273
2478710

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter