20 Oktyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Tarixi abidələrlə zəngin olan Naxçıvan həm də qala tipli yaşayış yerlərinin diyarıdır. Bu ərazidə qədim qalalar hələ e.ə. III-II minilliklərdə formalaşmışdır. Məlumat üçün qeyd edək ki, Yaxın Şərq və Cənubi Qafqazda ən qədim qalalar məhz Naxçıvan ərazisindədir. Bu həm Naxçıvanın coğrafi mövqeyi, həm təbii sərvətləri, həm də onun qədim mədəniyyətlərin mərkəzi olması ilə bağlı olmuşdur. Qala tipli yaşayış yerlərinin tədqiqi Naxçıvanda məskunlaşan türkdilli tayfaların qədim dövlətçilik ənənələrinə malik olduğunu təsdiq edən faktlardan biridir.

Hörmətli oxucular! “Naxçıvan qalaları” rubrikasında təqdim edəcəyimiz yazılarda bu ərazidəki qalalar haqqında ətraflı məlumat verəcəyik. İlk yazımız Qazançı qalası barədədir.
Qazançı qalası Culfa rayonunun eyniadlı kəndindən şimal-şərqdə yerləşərək Əlincəçayın hər iki sahilini əhatə edir. Qalanın sağ sahil və sol sahil hissəsi sıldırım qayalardan ibarət dərin dərə ilə bir-birindən ayrılır. Qalada Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşları və 1991-ci ildə Naxçıvan Elm Mərkəzinin arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli tədqiqatlar aparmışlar. Nəticədə, qalanın hər iki hissəsinin planı hazırlanmışdır. Tədqiqatlar zamanı aşkar olunmuş arxeoloji materiallar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.

Abidənin sahəsi 12 hektardır.
Qalanın sağ sahil hissəsi konusvarı təpə formasındadır. O, şərqdə sıldırım qayalarla məhdudlaşır. Onun şimal və cənub-qərb tərəfi maili olduğu üçün bu istiqamətlərdən qalaya qalxmaq mümkündür. Vaxtilə təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş müdafiə istehkamı olmuşdur. Lakin hazırda bu qaladan əsər-əlamət qalmamışdır. Qazançı gölü tikilərkən abidənin bu hissəsi partladılaraq yerlə yeksan olunmuşdur. Hazırda abidənin cənub və şimal-qərb hissəsində iri daşlardan tikilmiş divarların qalıqları qalır. Burada mədəni təbəqənin qalınlığı 0,5 metrdən 1,5 metrə qədərdir. Mədəni təbəqə dağıdıldığından gil qab qırıqlarına tez-tez təsadüf olunur. Yerüstü materiallar dən daşlarından, çəhrayı və boz rəngdə bişirilmiş gil qab qırıqlarından ibarətdir. Yerüstü materialların böyük bir qismini boyalı qablar təşkil edir.
Abidənin sol sahil hissəsi sağ sahilə nisbətən xeyli böyükdür. Sol sahil qalası iki hissədən ibarət olub, hər tərəfdən sıldırım qayalıqlarla əhatələnib. Qalanın birinci hissəsi ikincidən çox da dərin olmayan dərə boyunca çəkilmiş ikiqat divarla ayrılır. Bu hissədə qalanın şərq tərəfində yarımdairəvi formada tikilmiş bürclərin qalıqları da vardır. Bürclərin biri daş divarla iki yerə bölünmüşdür.
Qalanın təbii cəhətdən əlçatmaz mövqedə yerləşməsinə baxmayaraq, o, hər tərəfdən iri daşlardan hörülmüş divarlarla əhatə olunmuşdur. Divarların eni müxtəlifdir. Şimal və şimal-şərqdə qala təbii cəhətdən zəif müdafiə olunduğu üçün burada divarların eni 2,6-3 metrə çatır. Divarlar 1-2 metr hündürlüyədək qalmışdır.
Tədqiqatlara əsasən demək olar ki, qala bəzi yerlərdə iki və üç cərgə divarla möhkəmləndirilmişdir. 1999-cu ildə burada aparılan araşdırmalar zamanı onun mərkəzi hissəsində Narınqalanın olduğu müəyyən edilmişdir. Tikinti texnikasına əsasən, Narınqalanın e.ə. II-I minilliklərə aid olduğunu demək olar. Yonulmuş iri qaya parçalarından inşa olunmuş divarlardan bəzən bir, bəzən isə iki sıra daş hörgülər qalmışdır. Narınqalanın qalanın mərkəzi və ən hündür hissəsində yerləşməsi həm qalanı, həm də qalaya yaxınlaşan yolları nəzarətdə saxlamağa imkan vermişdir.
Araşdırmalar göstərir ki, Naxçıvan e.ə. III-II minilliklərdə formalaşan, Cənubi Qafqaz və Yaxın Şərqin bir qismini əhatə edən Boyalı qablar mədəniyyətinin mərkəzi olmuşdur. Bu mədəniyyət Cənubi Qafqazda Gürcüstanı, Şərqi Anadoluda Van və Əhlətdən başlayaraq Qarsa qədər böyük ərazini əhatə etmişdir. Bu geniş ərazidə yaşayan tayfaların əsas siyasi və istehsal mərkəzləri məhz Naxçıvanda olmuşdur. Çünki Cənubi Qafqaz və Şərqi Anadoluda Boyalı qablar mədəniyyətinə aid yaşayış yerləri və qalalar yoxdur. Bu regionlarda yalnız köçəbə düşərgələrinə rast gəlinmişdir. Demək olar ki, bu düşərgələr Naxçıvan tay­falarının hərəkət yolları üzərində olmuşdur.
Qazançı qalasından Boyalı qablar mədəniyyətinə aid toplanmış yerüstü materiallar çəhrayı və boz rəngli gil məmulatından ibarətdir. Çəhrayı rəngli gil məmulatını küpə və kasa tipli qabların qırıqları təşkil edir. Onların gilinə narın qum qatılaraq yaxşı bişirilmişdir. Gil məmulatının bir qismini boyalı keramika təşkil edir. Onların üzəri qara rənglə həndəsi motivdə naxışlanmışdır. Çəhrayı rəngli gil qab qırıqlarının birinin üzərində göbələkvarı çıxıntısı vardır. Onun gilinə narın qum qatılmış, çəhrayı rəngdə bişirilmişdir. Xarici səthi uzunsov çərtmələrlə naxışlanmışdır. Çəhrayı rəngli gil məmulatının bir qrupu forma verməyən qırıqlardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazır­lanmaqla keyfiyyətli bişirilmiş, səthi qırmızı boya ilə örtülərək qara rəngdə naxışlanmışdır. Naxışlar üfüqi, şaquli və çəpinə çəkilmiş xətlərdən ibarət olub, əsasən, həndəsi xarakterdədir. Çəhrayı rəngli gil məmulatında, o cümlədən boyalı parçalarda Naxçıvan Boyalı qablar mədəniyyətinin bütün xüsusiyyətləri əks olunmuşdur ki, bu da Qazançıqalanın Orta Tunc dövrü mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu göstərir.
Orta Tunc dövrü mədəniyyətinin başlıca göstəricilərindən biri olan keramika məmulatı Qazançıqalanın uzun müddət müdafiə istehkamı kimi istifadə olunduğunu sübut edir. Tədqiqat zamanı qaladan e.ə. II minilliyin sonu üçün xarakterik olan boz rəngli keramika, həmçinin Əhəmənilər dövrünə aid keramika parçaları aşkar olunmuşdur.
Aşkar edilmiş arxeoloji materialların təhlili əsasında deyə bilərik ki, Naxçıvanın ən qədim qalalarından biri olan Qazançıqala e.ə. III-I minilliklər ərzində fəaliyyət göstərmişdir. Qazançıqalanın ətrafında həmçinin qədim nekropol yerləşir. Nekropol indiyədək tədqiq edilməmişdir. Şübhəsiz ki, bu qalada gələcəkdə aparılacaq tədqiqatlar Azərbaycan tarixinin yazılma­mış səhifələrini üzə çıxarmağa imkan verəcəkdir.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3162396
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
609
3743
22561
76943
3162396

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter