15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu il M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 25 ili tamam olur. Bu illər ərzində teatr bir sıra yaradıcılıq uğurlarına imza atmış, teatrsevərləri, balaca tamaşaçıları maraqlı tamaşaları ilə sevindirmişdir. Teatrın kollektivi ölkəmizdə və xarici ölkələrdə müxtəlif festivallarda muxtar respublikamızı uğurla təmsil edir. Bu yaxınlarda teatr IV Beynəlxalq Kukla Teatrları Festivalından qayıtmışdır. Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Yasəmən Ramazanova ilə söhbətimiz elə teatrın iştirak etdiyi festival barədə oldu:

– Naxçıvan Dövlət Kukla Teatrı artıq üçüncü dəfədir ki, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” festivalında iştirak edir. Ənənəvi olaraq, iki ildən bir keçirilən festival haqqında oxucularımıza bir qədər ətraflı məlumat verməyinizi istərdik.

– Əvvəla, onu qeyd edim ki, teatrımız 2006-cı ildən başlayaraq, yəni İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 24-cü “Fəcr” festivalından sonra bu ölkənin Təbriz, Türkiyə Respublikasının Bursa şəhərlərində və ölkəmizdə keçirilən teatr tədbirlərində fəal iştirak etmişdir. Ona görə də teatrımız bu sahədə müəyyən təcrübə qazanmışdır.
Tacik həmkarlarımızla ilk tanışlığımız 2008-ci ilin noyabrında Təbriz şəhərində keçirilən festivalda olmuşdur. Festivalın direktoru Kenca İbrahimov hər iki ildən bir keçirilən bu festivalda bizim də iştirak etməyimizi istədiyini bildirdi. O zamandan bəri teatrımız bu festivalda iştirak etmək üçün Tacikistan Respublikası Mədəniyyət Nazirliyindən dəvət alır. Festivalın məqsədi xalqlar arasında mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, teatrlar arasında yaradıcılıq əlaqələri qurmaqdır. Teatrımız 2010-cu ildə Düşənbədə keçirilən festivalda Səməd Canbaxşıyevin “Cik-cik xanım”, 2012-ci ildə isə Səbuhi Hüseynovun “Möcüzəli adanın sakinləri” əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdirmişdir.
Festivalda Tacikistanın Soqdiana Vilayəti Çkalovsk Şəhər Dövlət Teatrı ilə yanaşı, Belarus Respublikasının Qomel Dövlət Kukla Teatrı, Rusiya Federasiyasının Tatarıstan Dövlət Kukla Teatrı, Türkiyə Respublikasının Ankara şəhərindəki “Tempo” Kukla Teatrı, Qırğız Respublikasının Oş Vilayətinin Kukla Teatrı, İran İslam Respublikası Gilan Şəhər Kukla Teatrı və digər bir kukla teatrı, Qazaxıstan Respublikasının Almatı Şəhər Dövlət Kukla Teatrı, Rusiya Federasiyasının Novosibirsk Vilayəti Dövlət Kukla Teatrı, Fransa Respublikasının Nuazel Şəhər Kukla Teatrı iştirak edirdi.
– Naxçıvan Dövlət Kukla Teatrının festivalda təqdim etdiyi tamaşa necə qarşılandı?
– Festivalda nümayiş etdirdiyimiz dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası böyük maraqla qarşılandı. Marionetka üslubunda hazırlanmış bu tamaşanın ilk dəfə bizim teatra məxsus olması və festivalda nümayişi sevindirici haldır. Yüz ildən çoxdur ki, teatrlar bu tamaşanı müxtəlif üslublarda səhnələşdirirlər. Bizim təqdimat üslubumuz isə daha bir üslub yeniliyi kimi diqqəti cəlb edir. Tamaşamızın uğur qazanmasında bütün kollektivin rolunu, xüsusilə quruluşçu rəssam Rəfael Qədimovun əməyini qeyd etməliyəm. Tamaşadakı hadisələrin üçlük formasında hazırlanmış qaval, tar, kamançanın fonunda cərəyan etməsi həm qədim musiqi alətlərimizi nümayiş etdirmək, həm də tamaşaya orijinal tərtibat vermək baxımından maraq doğurur. Üzeyir Hacıbəylinin tamaşada səslənən musiqisi də tamaşaçıları valeh etdi. Dahi bəstəkarımızın sərhəd tanımayan musiqisi hər bir xalqın qəlbini fəth etməyə qadirdir. Ümumiyyətlə, tacik xalqı Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına yaxşı bələddir. Ü.Hacıbəylini, C.Məmmədquluzadəni, M.S.Ordubadini, Q.Qarayevi, F.Əmirovu, R.Behbudovu, S.Vurğunu və onlarla korifey sənətkarımızı bu ölkə­də yaxşı tanıyırlar. Azərbaycanlı aktyorlar tacik filmlərində, tacik aktyorlar isə Azərbaycan filmlərində rol almışlar. Tacik və Azərbaycan xalqları arasında tarixən çox qədim və zəngin mədəni əlaqələr olub. Bütün bunların fonunda festival bizdə xoş təəssürat yaratdı.
– Yasəmən xanım, artıq üçüncü dəfədir ki, dağlar diyarı Tacikistan Respublikasında olursunuz. Bu ölkə haqqında təəssüratlarınız necədir?
– Bəli, bu ölkə ərazisinin xeyli hissəsi dağlıq zonadan ibarətdir. MDB məkanında ən yüksək zirvəli dağlar bu ölkədədir. Tacik həmkarlarımız, festival iştirakçıları ilə maraqlı söhbətlərimiz oldu. Təbii ki, iki il əvvəl olduğumuz paytaxt Düşənbə şəhərində də yeniliklərlə rastlaşmaq mümkündür. Festivala gəldikdə deyim ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Dövlət Kukla Teatrı bizdə böyük maraq yaratdı. Həmin teatr 1934-cü ildən fəaliyyət göstərir. Repertuarı olduqca zəngin olan teatr 1974-cü ildən Beynəlxalq Kukla Teatrları Təşkilatının üzvüdür. Bu teatr budəfəki festivala tatar xalq nağılı əsasında hazırlanmış “Üç bacı” tamaşası ilə gəlmişdi. Qardaş Türkiyə Respublikasından gəlmiş kukla teatrı da maraqlı kollektiv idi. Bu ölkənin kukla teatrı 2 dəfə Almaniya, ABŞ, Moldova, 5 dəfə Rusiya və başqa ölkələrdə festivallarda uğurla çıxış etmişdir. Maraqlı yaradıcı kollektivlərlə görüşmək, onlarla yaradıcılıq planlarını paylaşmaq və müzakirə etmək bizim üçün olduqca faydalı oldu.
Düşənbə şəhəri ilə tanışlıq kollektivimiz üçün yaddaqalan oldu. Tacik xalqının böyük sənətkarları Rudəkinin və Sədrəddin Ayninin şəhərdəki tunc və qranit heykəllərinin müəllifinin azərbaycanlı heykəltəraşlar olduğunu öyrənəndə kollektivin hər bir üzvündə bu fakt iftixar və qürur hissi doğurdu. Bundan başqa, azərbaycanlıların bu ölkədə təhsilin, mətbuatın, teatrın və mədəniyyətin inkişafında gördüyü işləri yaşlı taciklər gözəl xatırlayırlar. İlk tacik əlifba və qrammatika kitablarının, lüğətlərinin müəllifi olan Seyid Rza Əlizadə (1887-1938) pedaqoq , publisist, tərcüməçi kimi bu xalqın maariflənməsində dəyərli işlər görmüşdür. S.R.Əlizadə haqqında Tacikistanda kitab da nəşr edilmişdir.
Görkəmli tacik şairi Əbülqasım Lahutinin keçən əsrin 20-ci illərində Naxçıvanda olması, bir neçə şerini burada yazması mədəni və ədəbi əlaqələrimizin zəngin olduğunu göstərən faktlardandır. Bu gün biz bu əlaqələrə az da olsa, kiçik töhfə verə biliriksə, bu, bizi sevindirir.
– Maraqlı müsahibə üçün sağ olun.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275747
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1189
4179
13516
60393
3275747

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter