07 Dekabr 2021, Çərşənbə axşamı

Dünən Xalq şairi Məmməd Arazın ev-muzeyində dahi şairin anadan olmasının 88- ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, Xalq şairi Məmməd Araz çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və mövqeyi olan söz ustasıdır. Dahi şairin yaradıcılığının bütün dövrlərdə aktual olduğu, dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyi, gələcək nəsillərə nümunə olan şairin ölməz irsinin öz əhəmiyyətini heç bir dövrdə itirmədiyi qeyd edilib.

Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev “Məmməd Araz yaradıcılığına və sənətinə dövlət qayğısı”, Naxçıvan Dövlət Universitetinin dosenti Seyfəddin Eyvazov “Məmməd Araz qafiyəsinin semantik tutumu”, AMEA Naxçıvan Bölməsinin şöbə müdirləri – filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Məmməd Araz yaradıcılığında Araz: milli tale, istiqlaliyyət məsələsi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Məmməd Araz irsində milli-mənəvi dəyərlər”, bölmənin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Görkəmli şairin şeirlərində xalq yaradıcılığı” mövzularında çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Xalq şairi Məmməd Arazın yaradıcılığına daim yüksək qiymət verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun, “Şairin Ev Muzeyinin yaradılması haqqında” 2013-cü il 28 iyun tarixli sərəncamları bu diqqət və qayğının bariz təzahürüdür. Vurğulanıb ki, Xalq şairi Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında, layiqli vətəndaşdır.
Daha sonra şairin yaxın qohumlarından biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov və Nursu kənd tam orta məktəbinin müəllimi Elvin İbrahimov şairlə bağlı xatirələrini bölüşüb.
Bədii hissədə Nursu kənd tam orta məktəbi şagirdlərinin ifasında şairin şeirləri qiraət olunub, Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin sazçalanlar ansamblı tərəfindən şairin şeirlərinə yazılmış mahnılar ifa olunub.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR