07 Dekabr 2021, Çərşənbə axşamı

O, Vətənin vurğunu idi. Bu müqəddəs və əvəzedilməz varlıqla nəfəs alır, ürəyi ilə yazdığı şeirlərini doğma Vətəninə, onun daşına, qayasına, təbiətinə həsr edirdi. Sizcə sevməyən sevilə bilərmi? O, alovlu bir vətəndaş kimi Vətənini sevirdi. Ona görə də el məhəbbətini çoxdan qazanmışdı. Onun şeirləri Vətəninə bəstələnən məhəbbət nəğmələri tək dilimizin əzbəri, könlümüzün həsrətidir. O, Azərbaycanın Xalq şairi, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, tərcüməçi, publisist, hər kəlməsini, hər misrasını çox sevdiyimiz MƏMMƏD ARAZdır.

Görkəmli dövlət xadimi ulu öndərimiz Heydər Əliyev bu böyük şairin Vətən və xalq qarşısındakı xidmətlərini qiymətləndirərək “İstiqlal” ordeninə layiq görərkən deyib: – “Mən ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlər Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerlərini tutacaqlar”. Bəli, Məmməd Araz Azərbaycanda ilk dəfə “İstiqlal” ordeninə layiq görülən, ədəbiyyatımızda, mədəniyyətimizdə yüksək yer tutan şairlərimizdən biri olub. Bu vətənpərvər şairin yaradıcılığında misra-misra əksini tapmış milli ruh, istiqlal duyğusu müstəqillik uğrunda mübarizəmizə böyük təkan vermiş, vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapmışdır. Məmməd Araz poeziyasını doğma Azərbaycan torpağından, Araz çayından ayrı təsəvvür etmək olmaz. Xalqımız, torpağımız, təbiətimiz haqqında yazılan şeirləri oxuyanda hamısında eyni hissləri – oxşarlıq, doğmalıq, yaxınlıq, istilik duyursan, sanki indinin, bu dəqiqənin məhsuludur, o qədər yeni və təravətlidir ki... İncə və zərif misralarda Vətənin dağı, daşı, qayası, sanki dil açıb danışır, torpağın, əlvan rəngli gül-çiçəklərin, çöl-çəmənlərin ətri insanı bihuş edir. Həyatın rəngləri ilə zəngin olan bu poeziya gözəl mənzərələrlə xəyalımızda canlanır. İnsan nəfəsi verilən adi qaya da, daş da şair üçün doğmadır, əzizdir:

Onda Vətən sanar məni –
Bir balaca Vətən daşı.
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı...

Vətən şairi, Araz şairi hələ sovetlər dövründə çoxlarının cəsarət edə bilmədiyi parçalanmış Azərbaycanın səsini, xalqımızın taleyüklü məsələlərini vətəndaş yanğısı ilə qələmə alıb. Qələminin qüdrəti ilə qanadlanan hədsiz Vətən sevgisi hamımızın könlündə “Vətən nəğməsi”nə çevrilib. Vətənpərvərlik hisslərini səmimiyyətlə qələmə alan şairin böyük təsir gücünə malik sənət əsərləri bu gün də yaşayır. Şairin “Ayağa dur, Azərbaycan”, “Ata millət, ana millət, ağlama”, “Bizi Vətən çağırır”, “Əsgər oğul”, “Kəlbəcər qaçqınlarına”, “Ulu şahım, qılıncına söykənim mən” və başqa əsərləri 1988-1990-cı illərdə, milli müstəqillik uğrunda aparılan mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynayıb. Araz mövzusu ilə bir çox milli məsələləri işıqlandırdığı kimi, XX əsrin sonlarında xalqımızın bəxtinə yazılan Qarabağ dərdini, qaçqınlıq, köçkünlük faciəsini yüksək vətənpərvərlik hissi ilə işıqlandırıb. Onun bu qəbildən olan şeirləri bir ideala – Azərbaycanın bütövlüyü və azadlığı idealına xidmət edib.
Son 30 ildə bədnam qonşularımızın taladığı qədim torpaqlarımız uğrunda müharibələrdə Məmməd Araz şeirləri əsgərlərimizə güc verib, onları qəhrəmanlığa, qələbəyə ruhlandırıb. 90-cı illərin əvvəllərində “Ayağa dur, Azərbaycan!” şeiri milli azadlıq himninə çevrilib:

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!..
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə.
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan, Azərbaycan bayrağını!

Bu şeir görkəmli şairin torpaqlarımızın işğalından sonra Azərbaycanı, onun cəsur övladlarını mübarizəyə, qələbəyə səsləyişidir, həqiqi vətəndaşın harayıdır. Ona görə də dillər əzbəri olub, ürəklərə yol tapıbdır. Məhz belə Vətən nəğmələri ilə illərdir, yadelli tapdağında qalan torpaqlarımız 44 gündə mərd, vətənpərvər oğulların sayəsində işğaldan azad edildi, İkinci Qarabağ müharibəsində böyük tarixi Qələbə qazandıq...
Məmməd Araz yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir dünyadır. Şair “Azərbaycan – dünyam mənim” şeirində bu dünyanı belə mənalandırır:

Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan –
çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Məmməd Araz doğma vətəni Azərbaycanla nəfəs alan vətəndaş şair, görkəmli söz ustadıdır:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim, – deyən şairin misraları vətəndaşlıq hisslərinin özünəməxsus poetik dillə ifadəsidir.

Araz mövzusu şairin yaradıcılığında əsaslı, aparıcı yer tutur. “Qələm gəldi əlimə – Araz gəlir dilimə”, – deyən ədib Arazı özünə təxəllüs seçir. Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Yenə Arazı gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və başqa şeirlərində, “Araz axır” poemasında Vətənin tarixi, taleyi vətəndaş şairin nisgili, qəlb yarası, böyük Azərbaycançılığı özünə yer tapır.
Ön cəbhədə əsgərlərimizlə görüşən şair “Vətən əsgəri adını şərəflə daşımaq hər igid əsgərin ən ülvi arzusu olmalıdır” deməklə onlara öz tövsiyəsini verir. Məmməd Araz “Əsgər məktubu” şeirində yazır:

Əsgər məktubunda torpaq göyərir,
Meşələr uzanır üfüqlərəcən.
Əsgər məktubunda bir dağ göyərir –
Ətək də Vətəndir, zirvə də Vətən.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Məmməd Arazın şeirləri, şübhəsiz ki, çoxdur. Amma “Dünya sənin, dünya mənim” kimisi yoxdur...”

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qəh-qəh çəkər əbədi dünya –
Dünya sənin dünya mənim, dünya heç kimin...

Şair “Dünya sənin, dünya mənim” deyib, – insanın dünya qarşısında məsuliyyətindən danışır. Bu dünya hamıya məlum və yaxud naməlum olsa da, hamımızın onu itirməkdən qorxduğu aşkardır. Digər dünya bir tərəfə, Məmməd Araz dünyası gözəl dünyadır, Vətənə, təbiətə, insana, anaya, qadına, dosta məhəbbət dünyasıdır. O, “Dost” şeirində yazır:
Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə, sözlə.
Mən öz varlığımı, öz ünvanımı
Tapıram hər yeni gəlişinizlə.
Məmməd Araz böyük şairdir. O, “Xalq şairi” fəxri adını təsadüfən almayıb. Bütün həyatıboyu Vətənini sevib, xalqını sevib. Ürəkdən sevib, məhz buna görə də, xalq da onu sevib və sevəcək də. Məmməd Arazın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib. Görkəmli sənətkarımızın xatirəsi əbədiləşdirilib, yubileyləri keçirilir. Muxtar respublikamızda da böyük şairin şəxsiyyətinə və sənətinə daim ehtiram göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun tarixli Sərəncamı yaradıcı ziyalılarımız, xalqımız tərəfindən dərin minnətdarlıqla qarşılanmış, ­görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi və təbliği işinə mühüm töhfələr vermişdir. Bu gün Şahbuza yolu düşənlər şairin doğulub boya-başa çatdığı Nursu kəndindəki ev-muzeyini ziyarət edirlər.

Qara cilddə çap eləyin kitabımı
Məndən sonra –
Tünd-qara.
Fəqət soy – adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim

– Böyük şairimizin “Vəsiyyət”ində yazdığı bu misralara cavabımız birdir: – Məmməd Araz əbədidir!..

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR